Başqalarının yalnız çaldığını gül-gül gülləndirib, dil-dil dilləndirən Habil Kaman!
   
   Haqqında söz açdığım bu möcüzəvi bəndə 1918-ci il doğumlu Cümhuriyyətimizdən düz 9 il sonra dünyaya gəlib. Bu möhtəşəm bayram səbəbilə qəzetimizin bir sayı çıxmadığından ayın 31-də oxuyacağınız yazını da belə arın-arxayın yarımbaşlıqla başlayıram:
   
   Ötüb-keçmiş notlardan...
   
   Yuxarıdakı xronologiya qat-qarışını yüngültməkçün daha illər ilə işim yox. Amma ay-gün ilə - tarixən tarın “züytutan”ı hesab olunmuş kamançamızı “filiallıq əsarətindən” azad etmiş ilk və hələlik son mogikanla Şərqdə ilk demokratik respublikanı doğum adaşı etmiş mayın 28-i ilə bağlı bir balaca gəziş-gərdişim olacaq. Özü də bir az “Zabul”, bir gəz də elə “Habil segahı” üstdə...
   Yazı qəhrəmanımın, ifa cəngavərimizin “ismi-şərif tərifi”nə feli sifət tərkibilə başladım, tarix-təqdimilə əlaqədar müdhiş repressiya zimistanımızdan on qış öncəki adi bir ilə, mübarək demokratiya baharımızdan doqquz yaz sonrakı aya, günə toxundum. Vurğulayım ki, bu kimi təşbehlər, fikirlər bu an zikr etdiklərimin dəyərlərilə müqayisədə bir heçnə-puçna. Bunların hamısı hələ yazılmamış, bəstələnməmiş, lentə alınmamış xəyali “Habil Kaman dəstgahı”na nisbətdə qıp-qısa bir mahnı hesab etdiyim bu yazıya bir nəqaratayağı mahna...
   Bəli, kamandanışdıran... Yüz belə yazı-pozuya sığışmayan bu sənətkar səksən altı il bundan irəli Ağdaşın Üçqovaq kəndində doğulub, yetmiş doqquz il bundan öncə həmin rayon mərkəzindəki musiqi məktəbinə getdiyi günlərdən başlamışdı bu işə. “Quruca ağac”a dilöyrətmənliyə. Elə özünün də can-cüssəcə qupquru - “bir sümük, bir dəri” olduğu vaxtlardan qol qoymuşdu - sonralar könül elmləri doktoru, qəlblər professoru, duyğular akademiki edəcəyi bir botanika cisminə ibtidai sinif müəllimliyi etməyə...
   O illərdə onu tanıyanlardan hansı birinin ağlına gələrmiş ki, gün axşamacan tükü-tükə (praktik oxucularçün - tükü simə) sürtə-sürtə məşq edən bu “sehrbaz uşaq” bir vaxtlar fəth edib təm-təkcə dayanacağı zirvəni səsləyirmiş. O kəslərdən hansı birisi kəsdirə bilərmiş ki, bu “yaman dalaşqan”, “barmaqları ucunda oynayan”, dolanışıq üçün hərdən qarpız-“qardalı” (qarğıdalı) satsa da, məhəlli oyunlarda heç vaxt “mən kimnənəm” kimi suallarla aşağılanmayıb, “kim mənnəndi” nidalarıyla liderlənən, hər söz-bezi, atmacanı göydə tutub, cavabını güllə kimi atan “titul”larıyla böyüyən bu tifil gəlib-gəlib “Korifey Habil Kaman” olacaq, çalıb-çalıb - böyük musiqi mədəniyyəti tariximizdə əbədi “virtuoz azman” adıyla qalacaq?..
   
   Salam, Bakı!
   
   Təkcə paytaxtımızın adını yazmağım yalnız yığcamlıq xatirinədir. Əslində, düz altmış bir il əvvəl (hələ yalnız güman etdiyim) deyilmiş o salamın obyekti bütün Azərbaycan, Yaxın Şərq və “uzaq” dünya imiş. Habil nə yeniyetmə ikən festivala, nə gəncliyində ara-sıra gəzməyə, nə də 1952-ci ildə birdəfəlik gəldiyi bu paytaxta belə bir kəlam deməyib. Nə Ağdaşa “xudafiz” deyib, nə Bakıya salam. Elə bu məqam onun mömin valideynlərinin ruhlarından “segahi” bir haşiyə: “balam, bəs niyə?..”
   Bu qısa sualın cavabı uzun. Onun çaldığı “Çahargah”ın gahları, “Şur”un cürləri sanı çox, uzun. “Heyratı”nın “heyrət ey büt”ləri, “Rast”ın saqi “tost”ları qədər füzün. “Segah”ın “zabul”uyca dolğun, “Mirzə Hüseyn”iycə coşğun, “yetim”iycə məhzun...
   “Balam, bəs niyə?” nədi, ay rəhmətliklər?! Siz ondan ruhlaşıb-danışın ki, bu insafsız oğlunuz altmış ildir bu “xalxı odsuz-ojaxsız” yandırıb-yaxır. Camaatın üstünə şimşək təki çaxıb, ildırım yağır. Kaman qaşlarını çatıb, əlindəki kəmanə-oxu dizindəki kamana qoyub, sol sinələrimizi atəşə tutub, qırır bizi. Siz onu yetirib-bitirən dövrlərədək başımız sir-siyasət imperatorlarından az çəkmişdimi ki, bu da sənət imperatoru?!
   Qınamayın oğlunuzu. Bakıya gələnədək yalnız sizin, o vaxtdansa bütün xalqın oğlunu. Belə bir vərə-vird eləyin ki, o vaxt bura salamsız düşmüş bu kişi neçə illərdi xalqın sevgi-məhəbbət dolu salam-kalamını almağa macal tapa bilmir. Telefon zənglərini, məktubları, tərif-tərifləri layiqincə cavablandırmağa tamarzıdır. Bəzən, həddən ziyadə sürəkli alqışlara layiq-qarşılıq çala bilməyən əlinə və bu incə-mincə duyğunu şairanə ifadə edə bilməyən dilinə acığı da tutub; “Bəxtiyar kimi söz çala bilsəydim, özümü dünyanın bəxtiyarı sayardım!” - deyib. Əlbəttə, söhbət ona da şeir həsr etmiş Vahabzadə Bəxtiyardan gedir. Hər ikisi xeyli gənc imiş o şeirlə bu deyimi deyəndə. Maraqlıdır ki, o şeirdə də yuxarıdakı “bəs” ədatlı “niyə” sualı var:
   
   Bu ağac parçası yanmayır özü,
   Ancaq od-ocaqsız yandırır bizi.
   Onun atəşinə od şan-şan olur,
   Bu səsin oduna alışır su da.
   Ağac hər atəşə alışan olur,
   Bəs niyə alışmır belə bir oda?
   
   İndi də bir tədqiqati haşiyə: Habil Əliyev haqda - deməli, kamançaçı barədə az şeir yazılmayıb. Kamançanın özünə dair isə... Bəs niyə? Yazımın başlanğıcında dedim axı, - Habil bu aləti “əsarəti-tar”dan qurtarıb, onu ayrıca bir ev-eşik edib. Bəyəm (artıq çalağan qonşumuzun da sahib çıxmaq istədiyi) bu halalımıza da Müşfiqanə bir “Oxu!..” möhürü vurub, nişanlamaq olmazmı?..
   Bakıya kamança ilə əlbir gələn Habil Asəf Zeynallı adına musiqi məktəbində onunla tamam-kamal dilbir olmağa başladı. Hələ tellərini yan darayan bu oğlanın külçə istedadı, hər ənənəvi, köhnə xala yeni beçə bal qatmaq bacarığı Qurban Pirimov, Xan Şuşinski, Soltan Hacıbəyov kimi ustadları heyran qoydu.
   Onun bir sınaq-ifasına qulaq asan Şəmsi Bədəlbəyli, Səid Rüstəmov və Niyazi ikinci kurs tələbəsi olan Habili M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası kimi ciddi bir sənət məbədində işə götürürlər. Bənzərsiz bənzərlər - Seyid və Xan Şuşinskilər, Həqiqət Rzayeva, Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sara Qədimova, Mütəllim Mütəllimov kimi ifa nəhəngləri məhz Habilin müşayiətçiliyi üstündə cəngi-Ərəbzəngi “davası” açırlar. Sənətinin dadı adından da tez çıxır - “Kaman oğlan”ın. Sonra... toy-düyünlər. “Düyün” sözünü elə-belədən işlətmədim; valideynlər olurmuş ki, madarının ağrı-acısını ovutmaq üçün onu aparıb kamanına dil dedirdirmişlər...
   Hələ ona “toy tutan” toy sifarişləri! Bu məsələdə “fil - üstündə bülbül” deyimini xatırlamaya bilmirəm. Belə ki, adətən xanəndəni “öz dəstəsi” ilə toya dəvət edirlər, bu ecazkar sazəndəni isə öz istədiyi xanəndə ilə çağırırdılar. Özü də ən azı bir-iki ay öncədən “beh”ləyərək. Baməzə dostlarından biri bu növbə basırığını “Habilin qəbulu” adlandırıbmış. Öz söyləməsinə görə, günlərin bir günü bir hərif sifarişçi (bəy özü) toy günündən bircə gün qabaq gəlir ki, bəs, Habil əmi, bütün hazırlıqları görmüşəm, qoçlar, cöngələr kəsilib, plovlar dəmə qoyulub, qalır bir sənə xəbər etməyim. Sabah səhər tezdən olursuz bizdə! Nəfəsi də yumorla gedib-gələn Habil “əmi” də çox ciddi şəkildə soruşur ki, qardaşoğlu, yəni doğurdan hər şey hazırdır, bəy rəsmi surətdə buyurur: “bəli!”. “Əmi” “qardaşoğlu”nun bu “tədbirliliyindən” arxayın düşüb, “əminliklə” dillənir: “Qardaşoğlu, sən gəl belə elə. Bu saat get bir kamança al, təcili qayıt kəndinizə, bu gecə çalmaq işinə də hazırlaş, sabah öz toyunda elə özün çal”.
   
   “İnsafsız”ın “vəfasız”lığı...
   
   Yuxarıda-axarıda adlarını çəkdiyim ifa dədə-nənələrini, o sayaq nur məşhurları şur ilə müşayiətçilikdən, xalqın toy mərasimlərini rövnəqləşdirməkdən uzaqlaşdığından yana belə yazdım bu sözləri. Mahiyyətcə sevgi, vurğunluq mənası daşısa da, bir az yana-yana yazdım. Bir qədər də - nə gizlətməli, yaşına görə belə yazdım. Yəni, iraq-iraq, nə vaxtsa...
   Yaxşı, yaxın keçmişimizdə dünyasını dəyişən korifeylərimizi efirdə-ekranda bu Kaman Dədə “ağı”layırdı, bəs onun özünü?.. Bu canlı sənətin cənnət yolunu kim sızlayıb-qutlayacaq? Vay səni, gidi dünya! Gör sən necə bir müdrik ustad da yetiribsən ki, onun Haqqa tapınma səviyyəsindən, müxlis-müdriklik mərtəbəsindən arxayın olub, sağlığında nekroloq yazmaq cəsarətində bulunuram! Neynim axı, ey əsrimizin Habil çağı! Dahi Fikrət Əmirovun cismani ölüm gününün sabahısı bu ecazkarın televiziyada sızlayıb-bozladığı bədii sənət ağısını o günədək eşitmişdinmi və ya gələcəklərdə eşidə biləcəksənmi, Azərbaycan qulağı?! Hansı ki, o anlar böyrümdə xəyallara dalmış bir dostumun qulağına pıçıldadım: “...görəsən bu barmaqları... nəsə edib (o vaxt “kəsib” demişdim) muzeydə əbədi saxlamaq olarmı?” O dostum (jurnalist Əlipənah Bayramov) isə daha real reaksiya verdi. Dedi, “Səttar Bəhlulzadənin barmaqları təbiət, Habilinki isə səs tabloları yaradır...”
   Hə, onun “vəfasız”lığından danışırdım, axı. Lətifəsi öz ev-eşiyini Vətən bilənlərdən iraq, bu cılxa türk-müsəlman balası yavaş-yavaş özümüzünkülərdən, milli həndəvər-hasarımızdan uzaqlaşdı. Əlində doğma kamança, namında “virtuoz”, “fenomen”, “korifey” kimi yad adlar yamanca uzaqlaşdı. Amerika, Fransa, Yaponiya, İtaliya, Almaniya, İngiltərə, İsveçrə, Hindistan, Yunanıstan, İran, Pakistan, Misir, Hollandiya, Suriya - sayagəlməz neçə-neçə ölkələr. Bunların ilk beşində çıxan muğam və xalq mahnılarından ibarət kompakt diskləri isə tamam alayı bir sənət olayı!
   
   Fəxrimizin fəxarətləri...
   
   Öncə (və məqsədyöncə) bir fikir; elə sənətkarlar var ki, bütün təhər-tövrlərilə xalqın özünə bənzəyirlər. Habil Əliyev də onlardan biri. Hökumət (bir vaxtlar “partiya və hökumət”), dövlət hər kəsdən irəli, hamıdan yuxarı olsa da, nədənsə, onları bunlarla hallandırmaq olmur. Tutalım, “Habil və hökumət” kimi tərkiblər adama çatmır. Elə bu baxımdan 1964-cü ildə aldığı “Əməkdar artist”, 1978-də təltif olunduğu “Xalq artisti” adları xalqın onu sirab etdiyi rəğbət-məhəbbət mükafatları ilə müqayisəyə gəlmir. Son iyirmi ildə dövlət başçılarının onu necə sevgiylə dindirmələri, nə kimi qayğılarla əhatələmələri isə tamam başqa məsələ! Adlı şair, rəssam, heykəltəraş və xalça ustalarımızın onun adına, surətinə, şərəfinə həsr etdiyi söz və təsviri sənət nümunələri də o cümlədən. Hələ haqqında neçə-neçə kitab, filmoqrafiya, bəstə nümunələri, saysız mətbu yazıları və... məxsusi qəlb sətirlərini demirəm - ki, bunlardan beş-on kəlmə də -
   
   Bəndənizdən:
   
   Nə sızlarsan, nə bozlarsan, aman kaman! Habil Kaman əlində ərzi-Zaman kaman! “Lalın dilini anası bilər” deyiblər, bu Ata anadan da yaxşı bilir ki! Milyon yaşlı bu səslər, bu üyültülər, qımıltılar bu sürətlə necə uçub, bu tezlikdə vecə gəlir ki?! “Habil” adlı doğma isim, dördcə sim və balaca bir him... Bəyəm bunlar başqalarında yoxmu, qadam?..
   Söz, hikmət Dədəmiz deyib “gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Bu Dədə sənətkar isə hər çalanda o deyimə belə bir ərzi-əlavə edir: çalımlı-qalımlı dünya...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar