İyunun 5-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun təşkilatçılığı ilə “Klassik gitara - sehrli simlər” ansamblının konserti olub. Əvvəlcə ansamblın bədii rəhbəri Elmar Sultanov kollektiv barədə məlum verib.
Konsertdə klassik dünya musiqiçiləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərlərindən nümunələr ifa edilib. Antonio Diabellinin “Prelyud”, Emin Sabitoğlunun “Zaman”, Fikrət Əmirovun “Min bir gecə” baletindən Mərcanın rəqsi, Bizenin “Habanera” əsərləri musiqisevərlər tərəfindən maraqla qarşılanıb.