Bizi ifa və zövqi-səfa birəntiliyinə - xora qoşan Cahangir Cahangirov...
   
   Başlıqdakı qənaətin məğzinə varmaq üçün, yetər ki, onun ecazkar “Füzuli” kantatasını yada salaq...
   Dörd yüz ildən çox idi ki, bu əsrarəngiz əsərdəki ilahi misralar bu xalqın kütlə səddini aşa bilmir, yalnız bir-birini əvəz edən nəsillərin bir dəstə söz xiridarına, “arifi-əsrar”larına çatırdı. Nədən ki, o vaxt aşiqlər Aşiqi Füzuli bu möcüzə kəlamları təkcə-tənhaca (uzaq başı Məcnunla “müştərək”) bəyan etmişdi...
   
   Amma elə ki 38 yaşlı bu bəstəkar sözügedən şedevri yazdı və onu mümkün “xor” və orkestr heyətilə bir toplum ifa etdi, - hamıya çatdı. Özü də adı bizim olmayan (ötən əsrin ortalarınadək dədə-nənələrimizin xor baxdığı) bir musiqi janrında - “xor”da. “Opera”, “balet”, “süita”, “kapriççio” kimi yadel-yaddil terminlərin leksikonumuza hələ tam oturuşmadığı dövrlərdə. Kütlələrin feodal düşüncə, şəxsi və məhəlli mənafe çabalarından yorulmadığı, təbii-seçmə “üsul”u ilə ortaya çıxan fərdləri istisna etməklə, milli-ictimai məsələlərin həllinə zamin durulmadığı, amin deyilmədiyi macallarda.
   
   Bu isə...
   
   bundan öncəki minilliyin əvvəllərindən bəri obyektiv-subyektiv səbəblər, tərəkəmə-tərkeləmə kimi qaçılmazlıqlar ucbatından milli bərə-mərəyə çətin gələn, məlum qətl mərasimləri zamanı mərsiyə “toplum”undan, nağıl-dastanlarımızdakı “qırx gün-qırx gecə” reqlamentlərindən, Aşıq Cünun monokültürçülüyündən çıxmaqda çətinlik çəkən xalqımız üçün çox gərəkli bir milli mədəniyyət gələnəklərindən idi. Yəni, ictimai dəyər-əyərli olaylar, problemlər başına yığışmağın bünövrəsi gen günlərdə qoyulmalıdır ki, dar günlərdə mat-məəttəl qalmayasan. Yuxarıda toxunduğum “təbii-seçmə” nəhənglərimizdən Mirzə Cəlil demişkən, bu heynidə bir nümunə. Özü də, adətən müraciət etdiyimiz Avropa-Amerika uzaqlıqlarından yox, lap yaxınlıqdan. İstər ev-eşik, istər qərib-qürbət məclislərində süpürgəçisindən sərkərdəsinə, əkin-biçinçisindən yüksək çinli məmuruna, nazirinə qədər - əllərində buynuz-badələr qol-qola çarpaz-sarmaş edib, etno-sosial bərabərlik xoru oxuyan gürcüləri deyirəm.
   Bu sayaq cəmlik, birlik-birəntilik bəyanatı bizim həyat cəmiyyətimizə geciksə də, böyük sənət mədəniyyətimizə yol tapdı. Bunun əsasını ötən əsrin əvvəllərində Üzeyir bəy Hacıbəyli qoydu (“Leyli və Məcnun”), Cahangir Cahangirov isə zirvəyə yüksəltdi.
   
   Zirvədən səslər...
   
   Solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” adlı vokal-simfonik poemasını bitirəndə onun iyirmi səkkiz yaşı tamam olmamışdı. Amma bu əsər ondan xeyli yaşlı SSRİ-də, xüsusən paytaxt Moskvada şedevr kimi qiymətləndirilmişdi. 1950-ci ildə bu simfonik poema Kremlin Sütunlu salonunda, ardınca Leninqradda (Sankt-Peterburq) ifa olunur, lent yazısı Ümumittifaq Radiosunun “Qızıl fond”una daxil edilir, müəllifi SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.
   Çoxları gözləyirmiş ki, bu uğurundan sonra gənc Cahangir “nəfəsdərməz” bir templə yazıb-yaradacaq. Hətta bəzi gözügötürməzlər danışırmışlar ki, özünü “yaşlılardan başlı” kimi göstərən bu cavan eyforiyaya qapılacaq, “mürəkkəbi qurumamış” əsərlərlə salonlara çıxıb, tezliklə “yəhər-kəhər” olacaq. Amma yox, Cahangir növbəti mükəmməl xor “nitq”lərinə qədər qor mahnılar, onlarca xor miniatürləri yazdı. Nəhayət, 1956-cı ildə daha bir ümumittifaq sədalı uğura - “Dostluq haqqında mahnı” kantatasına imza atdı. Üç il sonra isə İttifaq hüdudlarını aşıb, dünyanın böyük musiqi mədəniyyəti karvanına qoşulan “Füzuli” kantatası!
   Başlanğıcda dediyim kimi, poeziya möcüzəsi Məhəmməd Füzulinin tamamilə bənzərsiz kəlamlarından (üç qəzəlindən) ilhamlanaraq yazdığı bu triumfal əsərilə bəstəkar Cahangir Cahangirov sözün məcazi, müstəqim və belə demək mümkünsə, coğrafi anlamında ayaq izi, istedad nəfəsi dəyməmiş bir zirvəyə yüksəldi. Və... məncə, belə də demək mümkündür; o, bu notlarla təkrarsız musiqi şairliyi edərək, Füzuliliyə yetdi! Yanılmış olarıqmı desək ki, birincinin qələmindən hansısa bir müqəyyəd yar ladına, məchul vahid adına qopmuş “Şəbi-hicran...” sədaları ikincinin notlarıyla bütün anadilli sevilənlərin könül ünvanlarına, sevgi-məhəbbət xanimanlarına çatdırılır?! O xor “əhalisi”nin həzini-məhzun avazla etdiyi “Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?” xitabından sonra, haqqına olaraq, zilə çıxmayaqmı ki, Füzuli poeziyada “rindü-şeydadır”sa, Cahangir də polifoniyada misli-bülbüldür!
   Korifey sənətkar “Füzuli”dən on dörd il sonra yazdığı “Nəsimi”, bir qədər sonrakı “Aşıq Alı” kantataları, 1962-ci ildə tamamladığı “Sabir”, 1984-də bitirdiyi “Hüseyn Cavid-59” oratoriyaları ilə həmin sənət nəhənglərimizi yeni və daha lətif bir vasitəylə - musiqi diliylə geniş oxucu-dinləyici auditoriyasına təqdim etmişdir. O, “Azad” (1957) və “Xanəndənin taleyi” (1978) operaları ilə - məqalələrinin birində “...bütöv bir xalqdır” deyə qiymətləndirdiyi Üzeyir bəy Hacıbəylinin sonsuz sənət yolunu davam etdirmiş, musiqi xəzinəmizi öz operaları ilə də zənginləşdirmişdir. Müəyyən qədər analiz edilmiş, lakin hələ daha ciddi araşdırmalara, gözəl tərif-təltiflərə layiq olan bu əsərlər C.Cahangirovu hamımızın yaxşı tanıdığımız dahilərimizin - Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, T.Quliyev kimi azmanlarımızın sıralarına qatır. “Xanəndənin taleyi”ndə o, musiqi dramaturqu kimi də canlanır. Yəni, repertuarı muğam və təsniflərdən ibarət olan xanəndə (burada məşhur muğam ifaçısı Seyid Mirbabayev) Cahangir Cahangirovun təfsirində həmin klassik-atribut materialdan birbaşa - belə demək mümkünsə, “sitat”vari istifadə etmir. Amma, təbii, buradakı ayrı-ayrı partiya və ariyaların - ümumilikdə bütün operanın məğz-mahiyyəti rəngarəng muğam boyaları ilə süslənmişdir. Necə ki, onun digər əsərləri də xalq hava-havacatları, el zümzümələri, oba səs-sədaları ilə zinəti-sirabdır. Xüsusən də -
   
   Mahnıları!!!
   
   Nidalarım yazı-pozu üslubuma yönəlik deyil, onun mahnılarının ladına-dadınadır. “Ana” mahnısını alın və təbii, “əli üzündə” qalın. Xəyala dalın, görün, özündən savayı daha neçə nəfərin üstünə öz paylarından əlavə parlaq işıq saçdı bu mahnı! Əzəlcə həmin şeirin və ümumən kitablarının tirajı qədər tanıtımı olan müəllifin - şair İslam Səfərlinin. Sonra həmin vaxtlar o mahnını tarda əvəzsiz “solo”layan Hacı Məmmədovun. Ən təkrarsızı isə o mahnını bütün övladların əvəzindən avazlayan unudulmaz Rəşid Behbudovun! Bu cəh-cəhlər ustadının sonsuz “bəh-bəh!”lərə layiq bir ustalığının - “Dilinin o həzin laylasına qurbanam” misrasındakı işarə əvəzliyinə (o... o... o...) əsrarəngiz bir tembrlə “züy” edib, könüllərimizə nə toy tutduğunun fərqindəsizmi, əziz radio dinləyiciləri, televiziya tamaşaçıları, kaset, disk həvəskarları?!.
   Cahangir Cahangirovun “Alagöz”, “Ay qız”, “Aylı gecə”, “Bakı”, “Dan ulduzu, bir də mən” və s. mahnılarının dillər əzbəri, könüllər bəzəyi olması haqda da geniş danışmağa ehtiyac varmı? Əslində var, amma onun növbəti ad günlərində, yuvarlaq yubiley tarixçələrində də deməyə söz saxlamayaqmı? Təzə bir söz demək, yeni bir fikir işlətmək üçün, yapışıqlı yanaşmalar üçün...
   Amma hər yazıda bu faktlar qeyd olunmalıdır ki, 1921-ci il iyunun 20-də Balaxanıda doğulmuş, könül rübabı ilə bütöv Azərbaycanı, türk-müsəlman areallarını fəth etmiş bu gözəl sənətkar 1992-ci ilin martında dünyasını dəyişmiş...
   Cismi Fəxri xiyabana, ruhu göylərə, əsərləri qəlblərə köçmüş...
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar