Azərbaycan fortepiano məktəbi 100 ildən artıq şanlı bir yol keçmişdir. Ötən əsrin 70-90-cı illərində ifaçılarımızın yaradıcılıq nailiyyətləri tarixə yazılmışdır.
Bu dövrün ən parlaq ifaçılıq uğurlarından biri görkəmli musiqiçi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası - red.) təhsil aldığım illərdən bu günədək qürur duyduğum əziz müəllimim, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin sənəti ilə bağlıdır. Onun çoxşaxəli yaradıcılıq, ifaçılıq və pedaqoji fəaliyyəti sayəsində Azərbaycan fortepiano məktəbi dünya səviyyəsində, beynəlxalq miqyasda tanınmışdır.
Azərbaycan fortepiano sənətinin inkişafında, təcrübəli musiqiçi kadrların hazırlanmasında böyük əməyi olan ustad şəxslərdən biri də Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abasquliyevdir. Mən hər iki böyük sənətkarın himayəsi, rəhbərliyi altında musiqiçi və pedaqoq kimi yetişmişəm. Peşəkar fəaliyyətimdə nə əldə etmişəmsə, mübaliğəsiz etiraf edə bilərəm ki, məhz onlara borcluyam. Bu gün çox xoşbəxtəm ki, beynəlxalq müsabiqədə ilk uğurunu qazanan şagirdimin sevincini də bu iki sənətkarla şərik olaraq bölürəm.
İyunun 1-dən 7-dək Rusiya Federasiyasının Pyatiqorsk şəhərində gənc pianoçuların Vasili Safonov adına X Beynəlxalq yubiley müsabiqəsi keçirilmişdir.
Ölkəmizi bu mötəbər müsabiqədə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun rəhbərlik etdiyi Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının VIII sinfində təhsil alan şagirdim Ceyhun Əzizov müvəffəqiyyətlə təmsil edərək, laureat adını qazanmış və ikinci yerə layiq görülmüşdür.
Müsabiqəyə Rusiyanın 33 şəhərindən və xarici ölkələrdən 89 təklif gəlmiş, seçim-dinləmələrdən sonra yarışmaya 68 musiqiçi buraxılmışdır. V.Safonov adına müsabiqə 1993-cü ildə təsis edilmiş, 1995-ci ildə ona ümumrusiya, 2007-ci ildə isə beynəlxalq statusu verilmişdir. Ötən müddətdə müsabiqə musiqi ictimaiyyətinin rəğbətini qazanmış və Rusiya Mədəniyyət Nazirliyinin keçirdiyi ən əhəmiyyətli mədəni layihələrdən birinə çevrilmişdir. Bu il müsabiqənin münsiflərinin sədri Moskva Konservatoriyasının professoru Andrey Diyev olmuşdur.
Müsabiqənin hər iki turunda uğurla çıxış edən Ceyhun Əzizov peşəkarlığı, virtuoz ifaçılıq texnikası, konsert mədəniyyəti, musiqi duyumu ilə münsiflərin və dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Ceyhun Əzizov 1999-cu ildə Salyan şəhərində anadan olmuş, ilk musiqi təhsilinə də burada başlamışdır. Belə ki, bir neçə il əvvəl, respublika müsabiqələrinin birində Salyan şəhərindən gəlmiş Ceyhun Əzizovu BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli görmüş və onun istedadlı olduğunu nəzərə alaraq valideynlərinə övladlarının musiqi təhsilini Bakıda davam etdirməyi məsləhət görmüşdür. Ustad sənətkarın məsləhəti ilə valideynləri Ceyhunu paytaxta gətirmiş, o bir müddət mənim sinfimdə Bülbül adına məktəbdə oxumuş, daha sonra Ü.Hacıbəyli adına BMA-nın nəzdində məktəb-studiyada təhsilini davam etdirməyə başlamışdır.
Artıq bir neçə ildir ki, məktəb-studiyada mənim sinfimdə təhsil alır.
V.Safonov adına gənc ifaçıların X Beynəlxalq müsabiqəsində Ceyhun Əzizovun göstərdiyi parlaq nəticəyə və peşəkar pedaqoji fəaliyyətimə görə Rusiya Mədəniyyət Nazirliyinin və müsabiqənin sertifikatına layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bir daha qeyd etmək istəyirəm ki, bu sevincdən sevimli müəllimlərim, professorlar Fərhad Bədəlbəyli və Oqtay Abasquliyevə, eləcə də işlədiyim məktəb-studiyaya rəhbərlik edən professor Tərlan Seyidova böyük pay düşür. Ceyhun Əzizovun beynəlxalq müsabiqədə əldə etdiyi nəticənin başlıca səbəblərindən biri məktəb-studiyadakı münbit şərait və Azərbaycan fortepiano ifaçılığı məktəbinin görkəmli nümayəndəsi, professor Oqtay Abasquliyevdən alınan ustalıq dərsləridir. Oqtay müəllimin ustad dərsləri musiqi pedaqogikası sahəsində böyük təcrübəsi olan, yetirmələri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda saysız qələbələr qazanan müdrik bir sənətkarın həyat məktəbidir. Şagirdim Ceyhun Əzizov da yeni yaradıcılıq uğurları qazanmaq arzusundadır. Bu işdə ona aydın zəka və müvəffəqiyyətlər arzu edirəm.
Səadət Səttarova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru