Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Şəmsəddin Abdullayev, Yunis Qarabağlı, Lütfəli Məmmədov, Nəsib İbrahimov, Mürşüd Məmmədov, Nazim İlyasov, Nurəddin Həmzəyev, Ənvər Abdulhəlimov kimi görkəmli el sənətkarları bəxş etmişdir. Belə sənətkarlardan biri də ustad xanəndə Abdulrəşid Məcidovdur.
   
   Abdulrəşid Musa oğlu Məcidov 1931-ci il dekabrın 30-da Şəki şəhərində anadan olmuşdur. 1946-cı ildə Şəki fabrik-zavod şagirdliyi məktəbində təhsil alarkən muğam və xalq mahnılarını ifa etməyə başlamışdır. 1947-ci ildə Bakıda keçirilən respublika olimpiadasında iştirak etmişdir. 1948-1950-ci illərdə tarzən Fərrux Abdurəhimov, kaman ifaçısı Fərrux Məcidovla birlikdə Şəki istirahət evində işləmişdir. 1951-ci ildən isə uzun illər C.Cabbarlı adına rayon mədəniyyət evində çalışmışdır.
   1951-ci ildə Xalq artisti Seyid Şuşinski unudulmaz xanəndə Yunis Qarabağlının dəvətilə Şəkiyə gəlmiş və zəhmətkeşlər qarşısında konsertlər vermişdir. Seyid Şuşinski Şəkidə olarkən bir çox xanəndələri dinləmiş, xüsusilə gənc xanəndələr Mürşüd Məmmədov və Abdulrəşid Məcidovun ifaçılığını yüksək qiymətləndirmişdir.
   A.Məcidov 1956-cı ildə respublika gənclərinin birinci, 1959-cu ildə ikinci, 1962-ci ildə üçüncü festivallarında uğurla çıxış etmişdir. 1951-1984-cü illərdə xanəndə Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Telavi, respublikamızın Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı və s. rayonlarının sakinləri qarşısında konsertlər vermiş, uzun illər el şənliklərində, toylarda iştirak etmişdir. Eyni zamanda xalq artistləri İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Əlövsət Sadıqov, Lütfəli Abdullayev, Yusif Vəliyev, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Yaqub Məmmədovla birlikdə çıxışları olmuşdur.
   A.Məcidovun yaradıcılığı çoxşaxəlidir. Xalq teatrında Əməkdar artist Məmmədkəbir Hacıoğlunun quruluşunda S.Rüstəmovun “Durna”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, Z.Hacıbəyovun “Əlli yaşında cavan”, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin” və s. əsərlərdə müxtəlif xarakterli obrazlar yaratmışdır. Sənətkar 1986-cı ildə özünün ailə ansamblını təşkil etmiş, 1989-cu ildə Bakıda keçirilən respublika baxış-müsabiqəsində Məcidovlar ailə ansamblı laureat adına layiq görülmüşdür. O, şifahi xalq ədəbiyyatı nümunələrindən məharətlə istifadə etmiş və təsniflər bəstələmişdir. Belə təsniflərdən “Ah gülə-gülə”, “Bağda güllər”, “El bizimdir”, “Qəşəngdir”, “Bir gülzarın eşqinə”, “Elçilərin yol üstündədir” və başqalarını göstərmək olar. Həmin təsnifləri görkəmli xanəndələrimiz bu gün də ifa edirlər.
   Sənətkar istedadlı xanəndələrin yetişməsində böyük əmək sərf etmişdir. Onların sırasında respublikanın əməkdar artistləri Könül Xasıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Əbülfət Nəzərli, həmçinin Kəmalə Musayeva, Vaqif Şıxəliyev və Rəvanə Ərəbovanı qeyd etmək olar.
   A.Məcidov 1989-cu ilin mayında Ağdamda keçirilən “Xarı bülbül” muğam festivalında, 1990 və 1991-ci illərdə isə Şəkidə keçirilən muğam festivallarında uğurla çıxış etmişdir. Onun ifasında “Rast”, “Mahur”, “Segah”, “Bayatı-Şiraz”, “Şur” muğamları görkəmli musiqiçilər Tofiq Quliyev, Vasif Adıgözəlov, Şəfiqə Axundova, Bayram Hüseynli, Səid Rüstəmov, Soltan Hacıbəyov, Sara Qədimova, İslam Rzayev və digər sənətkarlar tərəfindən yüksək qiymətləndirilib.
   1984-cü ildə A.Məcidov Şəki Məişət İstehsalat İdarəsində tar, kamança, nağara, saz, ud, tütək, balaban, zurna və s. təmiri ilə məşğul olmuşdur.
   1988-ci ildə M.F.Axundov adına şəhər mərkəzi mədəniyyət evində A.Məcidovun təşəbbüsü ilə Şəkili Ələsgər adına muğam ansamblı təşkil olunmuşdur. Ansamblda Fərrux Abdurəhmanov (tar), Fərrux Məcidov (kamança), Abdulrəşid Məcidov və Əbülfət Nəzərli (xanəndələr) daxil idi. Hazırda Əbülfət Nəzərli Azərbaycanın və Dağıstanın Əməkdar artistidir.
   1989-cu ilin mayında Şuşada Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi münasibətilə keçirilən şənliklərdə doğma Şəkimizi məhz A.Məcidovun rəhbərlik etdiyi Şəkili Ələsgər Abdullayev adına muğam ansamblı təmsil etmişdir.
   Sənətkar 1998-ci ilin may ayında 67 yaşında vəfat etmişdir. 2001-ci ildə onun 70, 2011-ci ildə isə 80 illik yubiley və xatirə gecələri keçirilmişdir.
   O, ifaçılıq sənəti ilə yanaşı, musiqi alətlərini təmir etməkdə də usta idi. Şəkililər onu hər zaman ustad sənətkar kimi xatırlayırlar. A.Məcidovun üç qızı, iki oğlu var. Oğlanları Ayaz və Ələddin onun sənətini davam etdirərək uşaq incəsənət məktəbində müəllim işləyirlər.
   
   V.Kərimov,
   M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət evinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar