“Aypara” muğam üçlüyünün üzvləri ilə söhbət
   
   Onların hər üçünü sənətə muğam sevgisi gətirib. Hər üçü gənc olsa da, artıq uğurları ilə tanınırlar. Geniş tamaşaçı rəğbəti qazanan “Qarabağ” muğam triosu üzvlərinin yetirmələridir. Xanəndə Aytən Məhərrəmova Xalq artisti Mənsum İbrahimovun, Ədalət Behbudov Əməkdar artist Elçin Həşimovun (tar), Pərviz Fərhadov isə Əməkdar artist Elnur Əhmədovun (kamança) tələbəsidir. Birgə ideya ilə “Aypara” muğam üçlüyünü yaradıblar. 2009-cu ildən fəaliyyət göstərən qrup respublika və beynəlxalq səviyyəli müsabiqə, festival və tədbirlərdə iştirak edərək Azərbaycan muğamının gənc təmsilçisinə çevrilib. 
   
   - Yaratdığınız muğam üçlüyündən söz düşəndə öncə 2011-ci ildə II Respublika muğam müsabiqəsində uğurlu çıxışlarınız yada düşür...

   
   Aytən Məhərrəmova: Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən bu müsabiqəyə 18 yaşından 35 yaşınadək ifaçılar qatılmışdı. Böyük rəqabət var idi. Müsabiqədə “Aypara” muğam üçlüyü olaraq iştirak etdik və qalib olduq. 2005-ci ildə “Muğam” televiziya müsabiqəsində laureat olsam da, respublika müsabiqəsində fərqlənməmişdim. O vaxt bizim birgə fəaliyyətimiz yox idi. “Aypara” 2009-cu ilin dekabrında yarandı. Həmin vaxtdan sənət yoldaşlarımla əl-ələ verib özümüzü ikinci müsabiqəyə hazırladıq. Musiqiçi kimi formalaşmağımda ustadıma - gözəl sənətkarımız Mənsum İbrahimova borcluyam. Təbii ki, həmkarlarımın da öz müəllimlərinə böyük minnətdarlıq borcu var.
   
   - “Aypara” muğam üçlüyü olaraq birgə fəaliyyət göstərmək ideyası necə yarandı?
   

   Pərviz Fərhadov: Özümüzü “Qarabağ” triosu üzvlərinin gənc davamçıları kimi görürük. Təbii ki, onlar da müəllim kimi bizim uğurlarımızla fəxr edirlər. Üçlük yaranmamışdan əvvəl onların da xeyir-duasını aldıq. Bəlkə də müəllimlərimiz birgə fəaliyyətimizin uğurlu olacağını görürdülər deyə bizi ikinci muğam festivalına hazırladılar, bizə hərtərəfli dəstək oldular. Tamaşaçıların sevgisi, alqışları göstərdi ki, birgə fəaliyyətimiz uğurlu alınır. Əvvəllər dost olmuşuq. Eyni illərdə Milli Konservatoriyada təhsil almışıq. “Gəncləşən muğam” birinci layihəsindən bir yerdə fəaliyyət göstəririk. Çıxışlarımız rəğbətlə qarşılandı və hər üçümüz bunun fərqində idik. Qərara gəldik ki, birgə fəaliyyətimizi davam etdirək.
   
   Ədalət Behbudov: Qrup yaranmamışdan öncə həmkarım Pərvizlə müxtəlif layihələrdə iştirak edirdik. Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Rusiya Federasiyası Buryatiya Respublikasının Ulan-Ude şəhərində keçirilən “Avrasiya səsləri” V beynəlxalq festivalına qatıldıq. Rus xalq mahnısı “Kalinka”nı “Bayatı-Şiraz” muğamı ilə improvizə etdik və maraqla qarşılandı. 2012-ci ildə “Avrasiya səsləri” VII beynəlxalq festivalda isə “Aypara” triosu şəklində iştirak edib qalib adını qazandıq. II respublika muğam müsabiqəsində uğurdan sonra Bakıda keçirilən II beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil etdik.
   
   - Bəs “Xətrinə dəymərəm” diski necə ərsəyə gəldi?
   
   Aytən Məhərrəmova: 2011-ci ildə «Xətrinə dəymərəm» adlı yeni diskimiz işıq üzü gördü. Bu mahnı vaxtilə mərhum sənətkar Gülağa Məmmədovun ifasında ansambl müşayiəti ilə oxunub. Biz isə həmin mahnını üçlüklə ifa etdik. Bu, artıq yenilik idi. Çox adam buna risk edə bilməzdi. Çünki ansambl müşayiəti ilə ifa daha dolğun alınır. Amma bizim ifamız da dinləyənlər tərəfindən maraqla qarşılanır. Həmçinin Məmmədbağır Bağırzadənin ansamblın müşayiəti ilə ifa etdiyi «Darıxıram» mahnısını da üçlüklə ifa etdik. Təbii ki, bu ifalar zamanı ustadlarımızla məsləhətləşmişik. Bilirsinizmi, artıq zaman dəyişib. Musiqiləri yeni formada təqdim etməliyik. Çünki insanlar həmin ifanı eşitməyə öyrəşiblər. İndi onlara fərqli formada təqdimat lazımdır. Mən «Kəsmə şikəstə» ritmik muğamının sonluğuna bir bayatı əlavə etmişəm. Əgər gözəllik verəcəksə, biz ifamıza o yenilikləri gətirməyə çalışırıq.
   
   Pərviz Fərhadov: Yeri gəlmişkən, biz bu diskin təqdimatını TRT-Avaz kanalında etdik. Özümüz üçün repertuar formalaşdırmışıq. Səfər etdiyimiz ölkələrdə çıxışlarımızı təkrar dinləmək istəyənlərə diski hədiyyə edirik. Əsasən qədim mahnılara üstünlük veririk. Qədim musiqilər, muğamlarımız çox zəngindir. Eyni zamanda improvizələr, yeniliklər etməyə çalışırıq.

   - İştirak etdiyiniz bütün tədbirlərdə - istər televiziya proqramı, istərsə də konsert olsun - eyni şövqlə çıxış edirsiniz...
   
   Ədalət Behbudov: Bizim hər üçümüzü muğama olan sevgi birləşdirir. Qarşımızdakı tamaşaçının kimliyindən, mənsubiyyətindən asılı olmayaraq öyrəndiklərimizi, bildiklərimizi, zəngin Azərbaycan musiqisini olduğu kimi təbliğ etməyə çalışırıq.
   
   Pərviz Fərhadov: İndiyədək iki solo konsert vermişik. 2011-ci ildə Füzuli rayonu Horadiz şəhəri Muğam Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Xilaskar” adlı ilk solo konsertimiz oldu. Həmin il mayın 29-da Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə ikinci solo konsertimizi verdik. Çıxışlarımız maraqla qarşılandı.
   
   - Yəqin ki, gənc “Aypara” üzvlərinin arzuları çoxdur.
   
   Aytən Məhərrəmova: Əlbəttə, arzularımız çoxdur. İstərdik ki, böyük solo konsert proqramı ilə çıxış edək. Bəstəkar və xalq mahnılarını, dəsgahları bir konsert proqramı çərçivəsində dinləyicilərə təqdim edək. Tamaşaçı görsün ki, biz işləyirik, öz üzərimizdə çalışırıq. Hələlik belə bir imkanımız olmayıb.
   
   Pərviz Fərhadov: Uğurlar artdıqca arzular da çoxalır. Mən istərdim ki, muğamın bütün incəliklərinə bələd olum. Professional bir musiqiçi olum. Azərbaycan muğamı, musiqisi o qədər zəngindir ki, onu öyrənməyə bir ömür kifayət etməz. Bir məqamı da vurğulamaq istərdim ki, bizim tanınmağımızda müəllimlərimizlə yanaşı, muğam sənətinin inkişafına qayğı göstərənlərin böyük rolu olub. Bu istiqamətdə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısını xüsusi qeyd etmək istərdim. 

   Ədalət Behbudov: Təbii ki, bizə meydan verilməsə idi, öz sözümüzü deyə bilməzdik. İstedadımızı qiymətləndirənlər bizi müxtəlif yerli və beynəlxalq tədbirlərə dəvət edirlər. Gənclərin öz ölkəsini təmsil etməsinə şərait yaratmaq müsbət haldır. Bizim üçünsə bu fəxrdir. Yeri gəlmişkən, ötən illərdə biz ABŞ, Ukrayna, İran, Türkiyə, Tacikistan, Gürcüstan, Rusiya və digər ölkələrdə konsertlər vermişik. Onların hər birində Azərbaycan musiqisi haqqında xoş sözlər eşitmişik. 2012-ci ildə 31-ci İstanbul beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə konsert proqramıyla çıxış etmişik. Ötən ilin dekabrında Dünya Gəncləri Dostluq və Birlik Dərnəyinin təşkil etdiyi tədbirlərdə Ankara və İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert proqramı ilə çıxış edərək diplomlarla təltif olunmuşuq. Bu yaxınlarda Rusiyanın Çelyabinsk şəhərində, habelə Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə bu ölkədə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı konsertlər verdik.
   
   - Bəziləri düşünürlər ki, muğam daha çox yaşlı nəslin zövqüdür. Bu fikirlə razısınızmı?
   
   Aytən Məhərrəmova: Bu, əvvəllər belə idi. İndi muğamın auditoriyası tamam dəyişib. Dövlətimizin muğama göstərdiyi qayğının da bu işdə böyük rolu var. Sadəcə, muğamı elə bir formada təqdim etmək lazımdır ki, onu gənclər də qəbul edə bilsin. Məsələn, əgər hər hansı bir bayram konsertində dəsgah ifa etsəm, bəlkə də tamaşaçılar üçün yorucu olar. Repertuarı tamaşaçı auditoriyasına uyğun seçmək ifaçının üzərinə düşən vəzifədir. O, muğamımızı qorumaq şərtilə öz çıxışını auditoriyanın zövqünə də hesablamalıdır.
   
   Ədalət Behbudov: Biz muğamı bir sıra musiqilərlə improvizə də edirik və bu, maraqlı alınır. 2013-cü ildə Pərvizlə birgə instrumental kompozisiya hazırladıq və rejissor Aydın Əsədulla bu kompozisiyaya uyğun klip də çəkdi.
   
   Pərviz Fərhadov: Mən düşünürəm ki, muğam həmişə gəncdir və gənc olaraq qalacaq. İndi muğamı dinləyənlərin arasında gənclər kifayət qədərdir. Bir müddət muğama biganəlik olub. Amma indi bu belə deyil. Biz bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə əhalinin yaradıcı insanlarla görüşlərinin iştirakçısı olduq, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Sabirabad, Şəmkir, Saatlı, Abşeron, Füzuli, Şabran rayonlarında konsert proqramları ilə çıxış etdik. Hər dəfə görürük ki, dinləyicilər arasında nə qədər gənc muğamı sevir. İndi hər birimiz müxtəlif təhsil və mədəniyyət müəssisələrində pedaqoji fəaliyyətlə məşğul oluruq. Kifayət qədər yeniyetmə var ki, muğam sənətini öyrənmək üçün böyük səylə çalışırlar.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar