İyulun 11-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların kamera əsərlərindən ibarət plenumu başlanıb. Bununla bağlı keçirilən mətbuat konfransında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirdi ki, belə yaradıcılıq hesabatları hər il keçirilir: “Belə tədbirlərdə gənc bəstəkarlara böyük imkanlar verilir. Məqsədimiz gənc bəstəkarların əsərlərini klassik bəstəkarın əsərləri ilə bir yerdə səsləndirmək və onlara öz əsərlərini müqayisə etmək imkanı yaratmaqdır. Gənc bəstəkarların il ərzində yazdıqları yeni əsərlər haqqında rəy formalaşdırmaq üçün plenum bir növ sınaqdır. Təqdim edilən əsərlər sırasında zəif, orta səviyyəli, parlaq əsərlər ola bilər. Bu onların ilk addımıdır və bu prosesdə biz onlara dəstək olmağa çalışırıq”.
   Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov qeyd etdi ki, kamera əsərlərinin təqdim edildiyi plenumda ölkədə və xaricdə təhsil alan tələbələrimiz də iştirak edirlər. Onların sırasında Ülkər Məmmədli, Kəmalə Əlizadə, Kamran Nəsirov, Fərid Fətullayev, Aliyə Məmmədova, Sevinc Əliyeva, Əli Geranmehr və digər bəstəkarlar var.
   İyulun 11-də axşam Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda plenumun ilk konserti baş tutdu. Növbəti konsert iyulun 12-də gerçəkləşəcək. Bu gün həmçinin Bəstəkarlar İttifaqının konfrans salonunda plenuma həsr edilən dəyirmi masa keçiriləcək.
   
   Lalə Azəri