Gənclər bizim gələcəyimizdir. Ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı hər bir gəncin gələcəyə inamla addımlaması üçün bir mənəvi təkandır. Ən başlıcası ona görə ki, hər bir gənc gələcəyin yaxşı mütəxəssisi olmaq üçün, gələcəyin ona məxsus olacağını düşünərək öz üzərində daha səylə çalışmağa cəhd edir. Bunu elmin, incəsənətin bütün sahələrində müşahidə etmək olar. Bu mənada gənc bəstəkarların yaradıcılığı da təqdirəlayiqdir. Gəlin, onların yaradıcılığından danışaq.
   
   İyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqında gənc bəstəkarların kamera əsərlərindən ibarət plenum keçirildi. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə plenumun əhəmiyyətindən söz açaraq belə tədbirlərin gənc bəstəkarların yaradıcılığına təsirindən bəhs etdi.
   Onun fikirlərindən bəzi məqamlar: «Bəstəkarlar İttifaqında gənclərin yaradıcılığına xüsusi diqqət göstərilir. Artıq ikinci ildir ki, biz gənc bəstəkarların kamera əsərlərindən ibarət plenum keçiririk. Gənclərlə bağlı başqa tədbirlərimiz də var. Ümumiyyətlə, biz demək olar ki, bütün tədbirlərimizdə gənc bəstəkarlara, gənc ifaçılara böyük yer veririk. Çünki onlar səhnədə çıxış etdikcə, əsərləri səsləndikcə daha da püxtələşirlər. Əgər gənc bəstəkar öz əsərini eşidirsə, o, bundan həm ruhlanır, həm də özü-özünə tənqidi yanaşmağı bacarır. Bu da gənc bəstəkarın inkişafına zəmin yaradır. Bu plenumların keçirilməsinin bir önəmli cəhəti də ondan ibarətdir ki, gənc bəstəkarlar ictimaiyyət tərəfindən tanınır. Bu da onların məsuliyyətini artırır. Plenumdan sonra müzakirələr keçirilir, musiqişünaslar, bəstəkarlar səslənən əsərləri müzakirə edirlər. Bundan da gənc bəstəkarlar bəhrələnir və daha ciddi çalışmağa səy göstərirlər. Bir sözlə, biz gənclərə bu qayğını göstərərək bəstəkarlıq məktəbinin gələcəyini parlaq görmək arzusu ilə onlara ümid bəsləyirik”.
   Beləliklə, plenumda əsərləri ifa olunan gənc bəstəkarlar və onların əsərləri barədə bir neçə söz deyək. İyulun 11-də səslənən ilk əsərin müəllifi Ülkər Məmmədli idi. Bəstəkarın fortepiano üçün «Polifonik məcmuə»sini gənc ifaçı Pərvin Rüstəmova uğurla ifa etdi.
   Azərbaycan bəstəkarlıq məktəbi daim öz peşəkar üslubu ilə digər ölkələrin nümayəndələri üçün də örnək olub. Bu mənada Bakı Musiqi Akademiyasında xüsusi bəstəkarlıq dərsi keçən əcnəbi gənclər öz ölkələrində uğurlu fəaliyyət göstərməklə yanaşı, bizim bəstəkarlarla da sıx əlaqə yaradırlar. Plenumda iranlı bəstəkarın «Klarnet, viola və violonçel» üçün pyesinin, türkiyəli Rahat Cebenin piano üçün «Duyğulu və duyğusuz klasferlər» səslənməsi deyilənlərə əyani misaldır.
   Plenumda iştirak edən elə gənclər vardı ki, onların adları artıq musiqi ictimaiyyətinə tanışdır. Onlardan Kəmalə Əlizadə, Xədicə Zeynalova, Kamran Nəsirov, Fərid Fətullayev və Rüfət Xəlilovun adını çəkə bilərik. Professional musiqimizin inkişafında xidmətləri olan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın plenumda violin üçün «Şövq» əsəri səsləndi. Digər gənc bəstəkarlardan Sevinc Əliyeva və Orxan Haşımovu da qeyd edə bilərik ki, onların da əsərləri maraqla qarşılandı. Gənc bəstəkarlar öz ifaçılıq fəaliyyətlərini də nümayiş etdirdilər.
   Bu yerdə ifaçıların da adını çəkmək istərdik. Çünki gənc bəstəkarların əsərləri məhz onların təfsirində səsləndi. Pərvin Rüstəmova, Leyla Əliyeva (piano), Əziz Qarayusifli (klarnet) Rza Abbasquliyev (qaboy), Elgün Ağazadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Murad İbrahimovun (violonçel) ifaları maraqla qarşılandı.
   Plenum həm bəstəkarların, həm də ifaçıların müəllimlərindən yaxşı dərs almasını və bu dərsləri yaxşı mənimsəmələrini nümayiş etdirdi. Gənc bəstəkarların müəllimlərindən Elnarə Dadaşova, Aliyə Məmmədova, Cəlal Abbasov, Ceyhun Allahverdiyev, Aydın Əzimov və başqalarının adlarını çəkə bilərik.
   Düşünürük ki, bu plenum gənc bəstəkarların yaradıcılığında unudulmaz bir mərhələ olacaq. Çünki həm onlar öz əsərlərini dinlədilər, həm də tədbirdən sonra keçirilən müzakirələrdə bəstəkarların, musiqişünasların tövsiyələrini eşitdilər. Xalq artisti, professor Firəngiz Əlizadə, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, bəstəkar Nərgiz Səfiyeva, professor Ceyran Mahmudova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, musiqişünas Rəhilə Abbasova və başqaları gənc bəstəkarların əsərlərini təhlil edərək onlar haqqında öz fikirlərini söylədilər.
   Əminik ki, plenumun müsbət nəticələri gənc bəstəkarların və ifaçıların yaradıcılığında öz əksini tapacaq. Arzumuz budur ki, onların əsərləri dünyanın hansı qitəsində səslənirsə-səslənsin, bu əsərlərdə doğma Azərbaycanımızın ruhu duyulsun.
   
   Səadət Təhmirazqızı,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar