Peşəkar heyət tərəfindən ərsəyə gətirilən nəşr milli və professional musiqimizin təbliğində mühüm rol oynayır
1999-cu ildən fəaliyyətə başlayan “Musiqi dünyası” jurnalı milli və professional musiqimizin təbliğində mühüm rol oynayır. Beynəlxalq səviyyədə təqdim olunan jurnalda musiqi ilə bağlı elmi, pedaqoji, tənqidi, publisistik və mədəni-maarif məsələləri işıqlandırılır.
Nəşrin təsisçiləri Azərbaycan Bəstəkarlar İttifaqı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Koroğlu-T” firması, baş redaktoru və naşiri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovdur. Redaksiya heyətinə xalq artistləri, professorlar Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Zemfira Səfərova, fəlsəfə elmlər doktoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, sənətşünaslıq doktoru Fərəh Əliyeva, Əməkdar incəsənət xadimi Oqtay Abasquliyev və digər peşəkarlar daxildir. Jurnalın beynəlxalq əlaqələr üzrə məsul redaktoru sənətşünaslıq doktoru Anna Əmrahovadır (Rusiya).
Belə yüksək peşəkarların səyi nəticəsində işıq üzü görən “Musiqi dünyası” jurnalının hər sayı musiqi və ədəbi mühitin nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır. Nəşrin yeni sayı da bu qəbildəndir.
Jurnal ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və musiqi mədəniyyəti” məqaləsi ilə (müəllif Ariz Abduləliyev) açılır. Məqalə xalqımızın tarixində əvəzsiz və əbədiyaşar xidmətlər göstərən iki dahinin irsindən bəhs edir. Üzeyir Hacıbəylinin ev-muzeyinin tarixindən danışan müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə diqqət və qayğısından, eləcə də Üzeyir bəy irsinə olan sonsuz məhəbbətindən söz açır, tarixi sənədlərin dili ilə mövzunu dolğun şəkildə oxuculara təqdim edir.
“Portretlər” bölməsində Azərbaycan mədəniyyətində mühüm xidmətləri olan görkəmli sənətkarlarımızın geniş yaradıcılıq irsindən bəhs olunur. Bu sırada Xalq yazıçısı Elçin haqqında “Elçinin yaradıcılığı dünya meridianlarında” (müəllif Vəfa Xanoğlan), Xalq artisti, professor Fərhad Bədəlbəylinin 65 illiyinə həsr olunmuş “Dünya şöhrətli sənətkar” (müəllif İmruz Əfəndiyeva), bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın yaradıcılığından bəhs edən “Təcrübəli pedaqoq və müasirimiz” (müəllif Nərgiz Hüseynova), sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Nailə Kərimova (“Yorulmaz tədqiqatçı və pedaqoq”, müəllif Kamilə Dadaşzadə) və Zemfira Qafarova (“Sevimli müəllimimiz”, müəllif Leyla Məmmədova) haqqında məqalələri qeyd edə bilərik.
Jurnalın maraqlı bölmələrindən biri də “Musiqişünaslığın aktual problemləri” adlanır. Burada da Rusiya, Ukrayna və digər ölkələrin musiqişünaslarının məqalələri yer alır. Bu bölmədəki yazılar bəstəkar yaradıcılığına istinad edir. “Ceyhun Allahverdiyevin yaradıcılığında fortepiano sonata janrına müraciət” (Ülviyyə Kazımova), “Azərbaycan bəstəkarlarının yaradıcılığında Xocalı faciəsinin təcəssümü” (Güllü İsmayılova) və başqa məqalələri qeyd edə bilərik.
Jurnal musiqi sənətinin təbliği, tədqiqi və tədrisi istiqamətində mühüm bir vasitədir. “Musiqi təhsili və maarifçiliyi” bölməsində “Uşaqların musiqi estetik tərbiyəsində kütləvi informasiya vasitələrinin təsiri və imkanları” (Minarə Dadaşova), “Musiqi qabiliyyətlərinin tərbiyəsinin problemləri” (Firəngiz Hidayətova) və başqa məqalələr təqdim olunur.
Nəşrdə Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti geniş işıqlandırılır. Turan Məmmədəliyevanın “Ukraynada Azərbaycan musiqisi günləri” məqaləsində iki ölkənin mədəni əlaqələrindən, musiqimizin bu ölkədə böyük təntənə ilə qarşılanmasından bəhs olunur. Professor Firəngiz Əlizadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqı tərəfindən çox maraqlı layihələr həyata keçirilir. Jurnalın bu sayında 2012-ci ildə keçirilən tədbirlər, Bəstəkarlar İttifaqının 8-ci qurultayı, bu ilin tədbirləri işıqlandırılıb.
Mədəniyyət tarixi daim ustadların irsindən bəhrələnir. “Musiqi dünyası” jurnalının “Ustadlarımızın xatirəsinə” adlanan bölməsində bu məsələyə xüsusi diqqət yetirilir. Nəşrin bu sayında “Qara Qarayev və müasirlik” (Mehriban Əhmədova), “Müəllimlərimdən biri - Bəstəkar Əziz Əkbər Əzizli” (Sərdar Fərəcov), ”Azərbaycanın tanınmış musiqi tədqiqatçısı - Elmira Abbasova” (Rəna Məmmədova), “Bahar suları - S.V.Raxmaninov-140” (Fidan Nəsirova) və başqa ustadlar haqqında məqalələr toplanıb.
Jurnalın yaradıcı heyəti ustadların irsini daha geniş şəkildə tədqiq edərək onların virtual muzeylərinin açılmasını da həyata keçirir. Bu günə qədər Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli kimi unudulmaz sənətkarlarımızın irsi “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədovun rəhbərliyi və nəşrin əməkdaşlarının zəhməti sayəsində internet səhifələrində öz əksini tapmış, ustadların irsi dünya sənətsevərlərinə təqdim olunmuşdur.
Jurnalın bu istiqamətdə yeni layihələrindən biri də ustad muğam ifaçısı Xan Şuşinskiyə həsr olunub. Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm nazirlikləri, “Xan Şuşinski” fondu və “Musiqi dünyası” jurnalının birgə səyi ilə ustad sənətkarın virtual muzeyi açılıb. Bu barədə jurnalın “Saytoqrafiya” bölməsindəki məqalədə (Səadət Təhmirazqızı) ətraflı məlumat verilir.
Adıçəkilən bölmələrdən başqa jurnalda “Məxəzşünaslıq”, “Musiqi nəzəriyyəsi”, “Gənc tədqiqatçılarımız” bölmələrində də musiqi sənəti və musiqi elmi haqqında Azərbaycan və digər ölkələrin musiqişünasları, ifaçıları məqalələrlə çıxış edirlər. Bu da “Musiqi dünyası”nın beynəlxalq əhəmiyyətli toplu olmasını bir daha təsdiq edir. Məhz buna görədir ki, nəşr neçə-neçə fəxri fərmanlara və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Jurnalın elektron nəşri, internet saytı və Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində “Musiqi dünyası” radio jurnal versiyaları da onun daha geniş yayılmasına, sənətsevərlərin milli, professional, klassik, müasir musiqi dünyası ilə ətraflı tanış olmasına zəmin yaradır. Nəşrin yaradıcı heyətinə gələcək işlərində uğurlar diləyirik.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru