XX əsri Azərbaycan professional musiqisinin qızıl dövrü adlandırsaq, heç də yanılmarıq. Çünki bu əsrdə Üzeyir Hacıbəyli kimi bir dahinin yaradıcılıq ənənələrinin başlanğıcı və özündən sonra gələn bəstəkar nəsli tərəfindən həmin ənənələrin davamı olmuşdur. Təməli Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin ötən əsrdə yetişdirdiyi görkəmli sənətkarlardan biri də unudulmaz bəstəkarımız Cövdət Hacıyevdir.
   
   O, musiqinin müxtəlif janrlarına müraciət edərək dəyərli sənət əsərləri yaratmışdır. Bu əsərlərin əsas qayəsi istedad və zəhmətdən yaranan üslub xüsusiyyətləri ilə bağlıdır. Milliliyi və peşəkar bəstəkar texnikasını ifadə edən bu üslubu da bəstəkara dahi Üzeyir bəy aşılamış, o isə bu məktəbdən bəhrələnərək sənətdə öz yolunu tapmışdır.
   Bu gün Cövdət Hacıyevin musiqi tariximizdə zəngin bir irsi var. Bu irsə musiqi sənətində hər zaman ehtiyac duyulur. Odur ki, tədqiqatçılar Cövdət Hacıyevin həyat və yaradıcılığını araşdırmağı, təbliğatçılar isə bəstəkarın əsərlərini təqdim etməyi zəruri sayırlar. Bu baxımdan yeni işıq üzü görən «Cövdət Hacıyev» kitabı çox təqdirəlayiqdir. Bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifovanın müəllif və tərtibçi olaraq ərsəyə gətirdiyi bu yeni nəşrdə Cövdət Hacıyevin həyat və yaradıcılığının bir çox məqamları geniş şəkildə işıqlandırılır. Kitabda müəllifin müdaxilələri ilə bəstəkarın irsi arasında xüsusi bir bağlılıq var. Bu da Adilə xanımın bəstəkarın tələbələrindən biri kimi onun yaradıcılığına və şəxsiyyətinə dərindən bələd olmasından irəli gəlir.
   Nəşri Cövdət Hacıyevin «ömür kitabı» adlandırmaq olar. Çünki burada bəstəkarın həyatı, yaradıcılığı, onun həm əsərləri, həm də özü haqda məqalələr, ürək sözləri, xatirələr toplanıb. Bütün bunlar sənədlərin dili ilə təqdim olunur. Kitabda arxiv materiallarından geniş istifadə olunub. Bəstəkarın həm S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fonduna, həm də övladlarının qoruyub saxladıqları sənədlərə istinad edilib.
   Kitabın ilk səhifələrində Cövdət Hacıyevin öz dəst-xətti ilə avtobioqrafiyası verilir. Sanki oxuculara bəstəkarın həyat hekayəsi onun dili ilə çatdırılır. Kitab rus dilində yazılıb. Bunun əsas səbəbi Adilə Yusifovanın topladığı və üzərində tədqiqatlar apardığı arxiv sənədlərinin, məqalələrin rus dilində olması ilə bağlıdır. Çünki burada toplanan əksər materiallar sovet dövründə yazılıb. Lakin nəşrdə Azərbaycan dilində də bir neçə məqalə var. Bunlardan «Musiqi mədəniyyətimizdə mərhələ - Cövdət şəxsiyyəti” (müəllif Babək Qurbanov) «Milliliklə bəşəriliyi qovuşduran bəstəkar» (Lalə Hüseynova), «Musiqidə dünyanın mənzərəsi» (Zümrüd Dadaşzadə) «Mənim xatirələrim» (Oqtay Zülfüqarov), «Nəfsi saf və ciddilik rəmzi» (Sevda İbrahimova), «Unudulmaz Cövdət Hacıyev» (müəllif Zemfira Qafarova) məqalələrini, xatirələri misal göstərə bilərik. Yazılarda Cövdət Hacıyevin sənəti və şəxsiyyəti dolğun şəkildə əks olunur. Bəstəkar, pedaqoq, ictimai xadim kimi fəaliyyəti hərtərəfli araşdırılır.
   Kitabın bir çox səhifələrində Cövdət Hacıyevin özü haqqında və sənətlə bağlı fikirləri əks olunur. Bəstəkarın bu maraqlı düşüncələri içərisində sənət dostları haqqında söylədikləri onun saf qəlbinin və düzgün müşahidə qabiliyyətinin ifadəsidir. Bu yerdə kitabın səhifələrini vərəqləyir və Cövdət Hacıyevin maestro Niyazi haqqında fikirlərini oxucularımıza da təqdim edirik: «Adı zəmanəmizin məşhur dirijorları ilə yanaşı çəkilən maestro Niyazinin bəstəkarlıq yaradıcılığı və ifaçılıq fəaliyyəti Azərbaycan və Sovet musiqisinin böyük nailiyyətlərindəndir. Hər şeydən əvvəl Azərbaycanda simfonizmin coşqun inkişafı Niyazinin adı ilə bağlıdır».
   Bu fikirdən bəlli olur ki, o, özündən çox həmkarlarının yaradıcılığına böyük dəyər verirdi. Belə ki, Azərbaycanda simfonizmin yaradıcılarından biri olan Cövdət Hacıyev bu janrın inkişafını əsasən onun ifaçılıq texnikasını həyata keçirən maestro Niyazinin adı ilə bağlayır. Bu cəhət sənətkarlıq və insanlıq üçün bir örnəkdir. Adilə Yusifovanın mədəniyyətimizə bəxş etdiyi bu kitabda örnək sayılan çox mühüm məqamlar var. Odur ki, sənətsevərlərin, xüsusən də musiqiçilərin bu məqamlara diqqət verməsini tövsiyə edirik.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Təhsil» nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cövdət Hacıyev irsinin tədqiqatçılarından biri, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə, rəyçisi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
   Bu günlərdə Bəstəkarlar İttifaqında kitabın təqdimatı keçirildi. Mərasimdə professor Firəngiz Əlizadə, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə, professor Ülviyyə İmanova və başqaları nəşrin əhəmiyyətindən söz açdılar. Bəstəkar İsmayıl Hacıyev atasının irsinə göstərilən qayğı və diqqətə görə dövlətimizə və bu kitabı ərsəyə gətirənlərə minnətdarlığını bildirdi.
   Beləliklə, Azərbaycan musiqi tarixinə görkəmli sənətkarımız Cövdət Hacıyevin irsindən bəhs edən yeni bir töhfə bəxş olundu. Əminik ki, Aida Yusifovanın bu kitabı Cövdət Hacıyevin həyat və yaradıcılığından bəhs edən mənbələr içərisində bəstəkarın irsinə yeni bir baxışın ifadəsidir ki, bu mənbədən gələcək nəsillər də bəhrələnəcəklər.
   
   Səadət Təhmirazqızı,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar