“Kainat” Gənclik Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi V Beynəlxalq Uşaq Muğam Festivalının milli seçim turları başlayır. 18 illik tarixə malik olan respublika əhəmiyyətli bu layihə 2009-cu ildən beynəlxalq festival formatında keçirilir. Builki festivala Türkiyə, Hindistan, Özbəkistan, Misir, İraq, Əlcəzair, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan iştirakçıların qatılacağı gözlənilir.
   Festivalda Azərbaycan təmsilçilərinin müəyyənləşməsi ilə bağlı seçim turları Qəbələ mərkəz olmaqla Şirvan zonasından başlanacaq. İyunun 25-də Qəbələ Mədəniyyət Mərkəzində 16 yaşadək gənc istedadlar peşəkar münsiflər heyəti qarşısında bacarıqlarını nümayiş etdirəcəklər. Növbəti turlar Qarabağ, Gəncəbasar, Bakı-Abşeron bölgələrini də əhatə edəcək. Festivalın final mərhələsi oktyabr ayında Bakıda keçiriləcək.