“Bir xalqın mədəniyyətini hiss etmək üçün onun musiqisini dinləmək gərəkdir”
   
   İyunun 19-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında argentinalı musiqiçilərin konserti keçirildi. Musiqi axşamı Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdi.
   
   Konsertdən əvvəl qəzetimizə açıqlama verən səfir Karlos Dante Riva bildirdi ki, diplomatik nümayəndəlik 2012-ci ilin iyununda fəaliyyətə başlayıb: “Ölkələrarası münasibətlərdə mədəniyyətin mühüm rolunu nəzərə alaraq fəaliyyətimizin birinci ildönümündə Argentina musiqiçilərinin əsərlərindən ibarət konsert təqdim etmək qərarına gəldik. Azərbaycana dəvət etdiyimiz ifaçılar Argentinanın Rosario Milli Universitetinin pedaqoqları və ölkəmizdə tanınan musiqiçilərdir. Proqramı tərtib edərkən çalışdıq ki, Argentina musiqisinin bütün nümunələrini təqdim edə bilək. Eyni zamanda, çox istərdik ki, Azərbaycan musiqisi də Argentinada geniş tanınsın. Mən səfir olaraq iki aya yaxındır ki, Bakıya gəlmişəm. Lakin bu müddətdə sizin muğamı çox sevdim və Azərbaycan musiqisinə marağım artdı. İstərdim ki, musiqi dövlətlərimiz arasında bir vasitəyə çevrilsin və qarşılıqlı şəkildə tanıda bilək, mədəniyyət günləri keçirək. Belə bir tədbir 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlinə nəzərdə tutulub”.
   Argentinadan gələn musiqi qrupunun rəhbəri, pianoçu Marta İnes Varela da ürək sözlərini bölüşdü: ”Repertuarımızda sırf akademik Argentina musiqisinə üstünlük veririk. Məqsədimiz dünyada milli musiqimizi təbliğ etməkdir. Almaniyadan qastrol səfərindən birbaşa Bakıya gəlmişik. Sizin şəhərdə ilk dəfədir oluruq və Bakı bizdə xoş təəssüratlar yaratdı. İnanırıq ki, bütün dünyada məşhur olan Argentina serialları kimi, musiqimizi də Bakı tamaşaçılarına sevdirə biləcəyik”.
   Konsertdən əvvəl qonaqları səhnədən salamlayan səfir tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm, Xarici İşlər və Vergilər nazirliklərinə, Azərbaycanın Argentinadakı səfirliyinə təşəkkürünü bildirdi: “Bir xalqın mədəniyyətini hiss etmək üçün onun musiqisini dinləmək gərəkdir. Düşünürəm ki, bu da bizim xalqlar arasında mövcud əlaqələri daha da yaxınlaşdıracaq”.
   Sonra səhnəyə argentinalı musiqiçilər dəvət olundu. Konsertdə Rumina Amoruso (soprano), İsmael Barrile (bariton), Marta İnes Varela (piano), Xuan Pablo Sosa del Frade (skripka), Zulma Kabrera (piano) və Klaudio Bergesenin (qarmon) ifasında Argentina bəstəkarlarının əsərləri səsləndi. Konsertə ölkəmizdə fəaliyyətdə olan səfirliklərin nümayəndələri və tanınmış sənət adamları dəvət olunmuşdular.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar