Xəbər verdiyimiz kimi, may ayında Tacikistanda keçirilən “Şaşmakam” beynəlxalq muğam festivalında gənc xanəndə Hüseyn Məlikov ölkəmizi layiqincə təmsil edərək diploma layiq görülüb.
   
   Hüseyn Məlikov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik sinfini bitirib, Misirdə ərəb dili üzrə təhsil alıb. Özünün dediyi kimi, sənətdə ilk müəllimi atası, Milli Konservatoriyada muğam dərsi verən Aqil Məlikov olub. Sonradan təhsil aldığı tədris ocağında xalq artistləri Ağaxan Abdullayev və Canəli Əkbərovdan sənətin sirlərini daha dərindən öyrənir. Səhnəyə ilk addımlarından milli televiziyanın muğam verilişlərinə dəvət alır, müxtəlif tədbirlərdə çıxışları ilə tamaşaçı rəğbəti qazanır.
   Gənc xanəndə sənət axtarışlarını və festival təəssüratlarını bizimlə bölüşdü: “Muğam mənim həyatımın bir hissəsidir. Onsuz özümü hiss etmirəm. Muğam dünyası böyük bir məktəbdir. Bu məktəbi daima yaşatmaq və təbliğ etmək hər sənətçinin borcudur. Elə bu səbəbdən də Milli Konservatoriyanın rəhbərliyinin və Xalq artisti Mənsum İbrahimovun dəstəyi ilə Tacikistanda keçirilən “Şaşmakam” beynəlxalq muğam festivalında iştirak etdik. Festivalda iştirakımızla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin köməyini xüsusi qeyd etmək istərdim. Tacikistana həmkarım, gənc xanəndə Vüsalə Musayeva ilə birlikdə getmişdim. Bizi tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edirdi”.
   Həmsöhbətim festivalda muğamlarımızın necə sevildiyinin dönə-dönə şahidi olduğunu deyir: “Tacikistanın bir neçə şəhərində çıxışlarımız oldu və bu çıxışlar məhz tamaşaçıların xahişi ilə proqrama daxil edildi. Xüsusilə Feyzabad şəhərində bizim muğamlara olan sonsuz sevginin olduğunu hiss etdim. Festivala bizimlə yanaşı, Əfqanıstan, Tacikistan və İran musiqiçiləri də qatılmışdılar. Dünyada ifa olunan muğamlar içərisində Azərbaycan muğamının öz yeri var. Bizim muğamımız rəngarəngdir. Digər ölkələrin muğam ifalarında müəyyən çərçivələr mövcuddursa, bizim muğam başqa bir dünyadır. Yeri gəlmişkən, festivala qatılan iranlı xanəndə bizim konservatoriyada təhsil almışdı və özü də qeyd edirdi ki, muğamlarımızın vurğunudur. O, festival proqramına “Bayatı-Şiraz” muğamını daxil etmişdi.
   Səfər çərçivəsində Tacikistan Xocənd şəhərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar solo konsertlə çıxış etdik. Konserti minə yaxın tamaşaçı izlədi. Tacik sənətçilərlə sintez şəklində muğamlarımızı ifa etdik. Azərbaycan Milli Konservatoriyasının prorektoru Akif Quliyev festival boyunca bizimlə birlikdə oldu. Festival günlərində Tacikistanın musiqi məktəblərində və Milli Konservatoriyasında ustad dərsləri də verdik”.
   Bu günədək bir çox beynəlxalq festivallarda iştirak edən Hüseyn Məlikov Polşada, Türkiyədə, İranda keçirilən musiqi bayramlarından böyük uğurlarla vətənə dönüb. Deyir ki, hər belə tədbirdə iştirak sənət yolunda bir addımdır: “Festivallar çərçivəsində sənətçilər arasında təcrübə mübadiləsi olur, yeni tanışlıqlar, yeni musiqilər və musiqi tarixindən bilgilər əldə etməyimiz sənətimizin daha da püxtələşməsinə zəmin yaradır. Milli musiqilərin müqayisəsi zamanı bəzən elə bir nüansla rastlaşırıq ki, bunu biz musiqiçilər üçün böyük tapıntı da adlandırmaq olar”.
   Tacikistanın Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunan xanəndə hazırda yeni konsertlərə hazırlaşır, öz üzərində işləyir. Klassik ifaçılığa daha çox üstünlük verən Hüseyn muğamımızın bütün dünyada məhz bu xüsusiyyəti ilə sevildiyini bildirir: “Muğam və təsniflərimizdə yad boğazlara, ərəb ritmlərinə müraciət etməyə ehtiyac yoxdur. Muğamlarda oxunan qəzəl nümunələrinin isə daha da zəngin olmasını istərdim, bunun üçün daha çox mütaliə etməliyik”.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar