Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin bədii təqdimatı
 
  
   Hər bir xalqın musiqi mədəniyyəti onun estetik dünyagörüşünün əsas göstəricilərindəndir. Bu gün Azərbaycan musiqisinin malik olduğu özünəməxsus keyfiyyətlər, bəşəriyyətin musiqi mənzərəsində layiqli yeri onun min illərdən bəri böyük bir təkamül yolu keçməsindən soraq verir. Qobustandakı qavaldaş, qayaüstü təsvirlər, eləcə də şifahi söz xəzinəmizin bir sıra nümunələrində adıçəkilən musiqi alətləri bu yerlərin əzəli sakinlərinin estetik zövqünün, duyğu-düşüncələrinin daha qədim zamanlardan formalaşdığını göstərir. “Dədə Qorqud” dastanında qolça qopuz, zurna, nağara kimi musiqi alətlərinin adının çəkilməsi, bütövlükdə türk etnoslarının malik olduğu mənəvi dəyərlərin qədimliyini sübut edir.
   
   Azərbaycanda mövcud olmuş çalğı alətlərinin adı, ifa xüsusiyyətləri, irfani mahiyyəti haqqında klassik ədəbiyyat nümunələrində, xüsusilə Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli və digər söz, fikir sərraflarının əsərlərində dönə-dönə xatırlanmışdır. Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimlinin “Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin bədii təqdimi” adlı tədqiqat yazısında bu barədə dolğun söhbət açılır.
   
   Qolça qopuz götürüb eldən-elə,
   Bəgdən-bəgə ozan gəzər.

   
   Müəllif yazır ki, Yer üzərində məskunlaşmış bütün xalqlar kimi, Azərbaycan xalqı da bir toplum olaraq tarix səhnəsinə çıxdığı gündən musiqi ilə sıx bağlı olmuş və bu bağlılıq istər şifahi, istərsə də yazılı ədəbiyyatda özünün bədii əksini tapmışdır. Xalqımızın ana kitabı sayılan “Dədə Qorqud kitabı”nda musiqi aləti kimi əsas etibarilə qopuzun adı çəkilir, bəzən ona “qolça qopuz” da deyilir. Kitabın giriş bölməsində ozan və qopuz bir-birindən ayrılmayan anlayışlar kimi təqdim edilmişdir. “Kitab”da ozan kimi, qopuz da müqəddəs sayılır, dastan qəhrəmanlarının, demək olar ki, hamısı qopuz çalıb oxuya bilir. Qopuzun nə qədər qiymətli və hörmətli olması haqqında təsəvvür əldə etmək üçün Bamsı Beyrəyin öz atını qopuza dəyişməsi faktını yada sala bilərik. “Qopuzun hörməti o qədər böyükdür ki, hətta əlində qopuz olan düşmənə də oğuz igidləri qılınc çalmazmış. Səgrək boyunda oxuyuruq: “Oğlan sərmərdi uru durdı. Qılıcının belçağına yapışdı ki, bunu çarpa. Gördü kim, əlində qopuz var. Aydır: “Mərə kafir, Dədəm Qorqud qopuzı hörmətinə çalmadım, - dedi, - əgər əlində qopuz olmasaydı, ağam başıyçün, səni iki para qılurdum”, - dedi. Çəkdi qopuzu əlindən aldı”. Bütün bunlar, qopuzun bir musiqi aləti kimi oğuzların həyat və məişətində mühüm yer tutduğunu göstərir.
   Professor Teymur Kərimli diqqətə çatdırır ki, XII yüzillikdən etibarən Yaxın Şərqdə ayrıca ədəbi məktəb formalaşdırmış böyük Azərbaycan şairlərinin əsərlərində də musiqi alətlərinin bədii təqdimi xüsusi yer tutur. Doğrudur, İslam şəriəti çalğı alətlərinin geniş yayılmasına o qədər də rəvac vermirdi; bununla belə, orta əsrlər Azərbaycanında musiqi və şeir məclisləri kifayət qədər yayğın idi və bu, özünü bədii ədəbiyyatda da göstərməkdədir. Bu dövrün poeziyasında ney, çəng, rübab, ud, dəf, setar, bərbət, qanun (kanon, ərğənun), davul və başqa musiqi alətlərinin adı müxtəlif bədii məqsədlərlə çəkilir, poetik təsvir və tərənnümdə istifadə olunur. Orta əsrlər Şərq poeziyasında ümumilikdə musiqi alətlərinə “saz” deyilirdi və şairin əsər yazması musiqi alətində ifaya bənzədilərək, “pərdə” musiqi termini ilə əsərin orijinallığı, başqalarına bənzəməməsi ifadə edilirdi. Məsələn, XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvi “Xosrov və Şirin” poemasının başlanğıcında həmin terminlərdən istifadə edərək yazırdı:
   
   Təzə bahar yetir can çeşməsindən,
   Yeni paltar geydir sözlərinə sən.
   Himmət eylə, burda ələ al sazı,
   Ucalt bu pərdədə şirin avazı.
   
   Tədqiqatçı alim bir mühüm məqamı da vurğulayır ki, klassik ədəbiyyatda musiqi alətləri bir çox hallarda antropomorf cizgilər kəsb edərək, daha çox aşiq-məşuq arasında məhəbbət və heyranlıq duyğularının tərcümanına çevrilir. Məsələn, çəngdən çıxan melodik səslər yarından ayrı düşmüş aşiqə öz yarının incə, məlahətli səsini xatırladır. Bununla da musiqi aləti bir növ canlanır və poetik situasiyada iştirak etmiş olur.
   
   Sufi-irfani poeziyada ney obrazı
   
   İmadəddin Nəsiminin “Dəryayi-mühit” məsnəvisində isə üçlük ansambl təşkil edən dəf, çəng və ney insan kimi dil açıb danışır və “ənəlhəq” (mən haqqam) deyirlər:
   
   Cümlə yerü gög həq oldu mütləq,
   Söylər dəfü çəngü ney “ənəlhəq”.
   
   Ümumiyyətlə, sufi-irfani poeziyada ney obrazı geniş yer tutur ki, bu da onun səslənməsinin dərdli insan səsinə bənzəməsi ilə bağlıdır. Xüsusən, ayrılığa düçar olaraq nalə edən aşiqlə ney musiqi aləti arasında tez-tez müqayisələr aparıldığını görmək olar. XIII yüzillik türk şairi Mevlana Cəlaləddin Ruminin “Mənəvi məsnəvi”sinin başlanğıcında bu barədə söhbət açılır:
   
   Dinlə neydən, çün hekayət eyləyir,
   Ayrılıqlardan şikayət eyləyir.

   
   Mevlananın poemasında qamışlıqdan kəsilərək ayrı düşmüş ney ilahi aləmdən maddi dünyaya atılmış insan ruhu ilə müqayisə edilir. Neyin nalələrindən məqsəd qamışlığa - vətəninə qayıtmaqdırsa, aşiqin də nalələri öz ilahi başlanğıcından ayrılığı ilə bağlıdır. Hər ikisini də ilkin vətənə məhəbbət duyğusu birləşdirir. Böyük lirik şair Məhəmməd Füzulidə də neyin səsindəki təsir məhz ülvi məhəbbətlə izah edilir:
   
   Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam
   Meydə təşviri-hərarət, neydə təsiri-səda.
   
   Qamışdan ney düzəltmək üçün onda deşiklər açılır. Klassik ədəbiyyatda həmin deşiklər zalım məşuqənin aşiqə vurduğu yaralarla müqayisə edilir və buna cəfaya dözmək xüsusiyyəti kimi də baxılır. Yenə Füzuli qəzəlinə müraciət edək:
   
   Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
   Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd.
   
   Neyin klassik ədəbiyyatda bu qədər populyar olmasının səbəblərindən biri də, onun nəfəsli musiqi alətləri kateqoriyasına aid olması ilə bağlıdır. Belə ki, əslində quru ağac parçasından ibarət olan neyi “dilləndirən”, onu “cana gətirən” insan nəfəsidir.
   Füzuli də:
   
   Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
   Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm! 
   
deyərkən məhz bunu nəzərdə tuturdu.
   Ümumiyyətlə, klassik ədəbiyyatda musiqi alətlərindən bəhs olunarkən onlar insanla simbioz halında götürülür, bir növ, insanın bədən üzvlərindən biri kimi təqdim olunur. Simli musiqi aləti olan çəng də Füzuli poeziyasında həm forma, həm də məzmunca lirik qəhrəmanla müqayisə edilir, bu obrazın köməyi ilə müxtəlif estetik funksiyalar yerinə yetirilir. Bu beytdə çəngin simləri gözəlin saçının telləri ilə müqayisə edilir; bu isə öz növbəsində zahidlərin əlində olan təsbeh sapı ilə qarşı-qarşıya qoyulur:
   
   Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,
   Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar. 

   Füzuli divanında lirik qəhrəmanın ovqatı ilə müqayisə edilən və poetik obraz səviyyəsinə yüksələn orijinal musiqi alətlərindən biri də cərəsdir. Cərəs - karvandakı dəvələrin boynundan asılan müxtəlif ölçülü, müxtəlif səsli zınqırova deyilir ki, onu həm formasına və vəziyyətinə, həm də səslənməsinə görə şairlər lirik qəhrəmanla müqayisə etmişlər. Zınqırovun qəmgin-qəmgin səslənməsini ah-fəğana bənzədən Füzuli bunu uzaq səfərə çıxmış karvan əhlinin qəribliyə düşmək qorxusu ilə əlaqələndirir:
   
   Çəkmə qürbət əzminə, ey sariban, məhmil, saqın
   Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.
   
   Beytdə adıçəkilən cərəs, yəni zınqırov, zəng musiqi alətindən Avropa simfonik orkestrlərində bu gün də istifadə edilməkdədir.
   Müəllif mövzu ilə bağlı dahi Nizaminin “İskəndərnamə” poemasından maraqlı məqamları diqqətə çatdırır. Qeyd olunur ki, böyük şair bu poemada musiqi alətinin insan psixikasına göstərə biləcəyi potensial təsir haqqında müəyyən mənada əfsanəvi fikirlərini qələmə alaraq, əsərin filosof qəhrəmanlarından biri olan Əflatunun (Platonun) musiqi aləti düzəltməsi haqqında epizodu bədii şəkildə təqdim etmişdir. Maraqlıdır ki, müəyyən akustik vasitələrdən istifadə edən Əflatun düzəltdiyi musiqi alətinin köməyi ilə ətrafdakı canlıları yatırmağa və oyatmağa qadir olur. Bunun səbəbi kimi, Nizaminin səs tezliklərinin insan və heyvan psixikasına təsiri barədə qənaətləri irəli sürməsi də istər vokal, istərsə də fonoloji elmi fikrimiz üçün maraq doğurmaya bilməz. Nizaminin təsvirində Əflatunun düzəltdiyi musiqi aləti müasir sintezatora çox bənzəyir:
   
   Bir xeyli cəhd edib fikrinə uyğun
   Düzəltdi nəhayət o, bir ərğənun.
   Telləri yaxşıca köklənmiş bu saz
   Başladı verməyə ahəngdar avaz.
   İnsan səslərindən heyvana qədər
   Sazdan çıxardırdı hər cürə səslər.
   
   Füzuli isə “Yeddi cam” əsərində altı musiqi alətinin xarakteristikasını alleqorik bir dildə verməyə nail olmuşdur. O da maraq doğurur ki, Füzulinin musiqi alətlərinə həsr etdiyi məclisin yeddinci nümayəndəsi mütrib-müğənnidir və təbii ki, onun da səs telləri musiqi alətləri statusuna daxil edilir. Heç də təsadüfi sayılmasın ki, məşhur xanəndələrimizdən birinin bir qədər ironik qarşılanan və düzgün yozulmayan “bizim musiqi alətimiz ətdəndir” sözləri öz kökünü məhz mütrib-xanəndələrin səs tellərinin də musiqi alətləri statusuna aid edildiyi orta əsrlərdən götürür. Axı özlüyündə “səs telləri” ifadəsi də elə simli musiqi alətlərinin əsas atributu olan tellərlə uyğunluq təşkil edir.
   Klassik Azərbaycan ədəbiyyatında musiqi alətləri ən müxtəlif məqamlarda və ən müxtəlif rakurslardan özünün bədii təqdimini taparaq zəngin ideya-estetik funksiyaların daşıyıcısı kimi çıxış etmişdir.
   
   Hazırladı: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar