Arif Məlikov - 80
   
   
   Bir sənətkarın həyatı o zaman şərəfli olur ki, o, sənət missiyasını layiqincə yerinə yetirir. Belə dəyərli sənət sahələrindən biri də bəstəkarlıqdır. Bu yazıda bəstəkarlıq sənətinin kəşməkəşli yollarından böyük inam, bacarıq, cəsarətlə keçmiş, əsərləri nəinki Azərbaycan musiqi tarixində, eləcə də dünya musiqi inciləri arasında özünə yer tutmuş görkəmli musiqiçi, pedaqoq və ictimai xadim Arif Məlikov haqqında söz açmaq istəyirik.
   
   XX əsr Azərbaycan professional musiqi tarixinə qızıl hərflərlə daxil olmuşdur. Bu dövrdə musiqimiz başda dahi Üzeyir Hacıbəyli olmaqla bir çox bəstəkarlarımızın yaradıcılığında çiçəklənmiş, Avropa musiqi sənətinin uzun illərə qət etdiyi yolu qısa müddətdə keçməyə nail olmuşdur. Bu böyük addımları Arif Məlikov yaradıcılığında da müşahidə etmək mümkündür. O, bəstəkar kimi hansı janra müraciət etmişsə, həmin janrda dəyərli əsərlər yaratmışdır. Bəstəkar geniş dünyagörüşü, intellekti ilə ətrafda baş verən bir çox hadisələrə çəkinmədən öz münasibətini bildirmiş, əsərləri vasitəsilə öz sözünü demişdir. Onun yaradıcılığı öz səviyyəsinə görə hazırda dünya musiqi tələblərinə cavab verə bilən dərinlikdə əsərlərlə zəngindir. Arif Məlikovun adı musiqi tarixinə simfonist bəstəkar kimi daxil olsa da, yaradıcılığında digər janrlara məxsus əsərlər də əhəmiyyətli yer tutur. Rəngarəng yaradıcılığa malik olan sənətkarın musiqi irsinə fərqli janrlarda yazılmış uğurlu əsərlər daxildir.
   Arif Məlikovun yaradıcılığının tam olmayan siyahısı belədir: balet janrında - \"Məhəbbət əfsanəsi\" (1961), \"Ölümdən güclü” (1966), \"Yer üzündə iki nəfər\", \"İki ürək dastanı” (1981), \"Yusif və Züleyxa\" (1999); simfonik əsərlər - \"Simfonik nağıl\", səkkiz simfoniya (1958-2000); böyük simfonik orkestr üçün simfonik poemalar: \"Nağıl\", \"Füzuli\", \"Metamorfozlar\", \"Axırıncı aşırım\", \"Qəhrəmani\" - böyük simfonik orkestr üçün 7 saylı simfoniya (1995), xalq çalğı alətləri orkestri üçün əsərlər, «Azərbaycan» balladası (1995), kamera instrumental əsərlər (prelüdlər, süitalar); “Ləpələr” musiqili komediyası, “Vətən” vokal-simfonik poeması, “Torpağın səsi” kantatası, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; teatr tamaşalarına, kinofilmlərə musiqi.
   Əsərləri saymaqla tükənməyən bəstəkar Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən müxtəlif mükafatlarla təltif olunub. 1965-ci ildə respublikanın Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1971-ci ildə «Şərəf nişanı» ordeni ilə təltif olunub, 1978-ci ildə Azərbaycanın Xalq artisti adına, 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müdiri işləyir, 1986-cı ildə respublika Dövlət mükafatına, SSRİ Xalq artisti adına layiq görülüb. 1998-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə təltif olunub, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Bir ömrə bu qədər nailiyyəti cəm etməyə nail olmuş Arif Məlikov uğurları ilə kifayətlənməyərək böyük məhəbbətlə yaradıcılığını davam etdirməkdədir.
   Onun yaradıcılığında bədii təfəkkürlə elmi təfəkkür qarşılıqlı əlaqədə təcəssüm olunur. Estetik zövqü əsərlərinin əsas cazibə qüvvəsini təşkil edir. Yaradıcılığının əsas qayəsi kimi fikir dərinliyi, zəngin melodizm, ideyasındakı məntiqi ardıcıllıq əsərin ecazkar səslənməsini təmin edir. Bəstəkarın məqsədi əsər yazmaqla bitmir. Əsərin orkestrləşdirilməsi bəstəkarın ikinci ixtisasıdır ki, Arif Məlikov bu işin öhdəsindən də məharətlə gələrək orkestr duyma bacarığını, sərhəd tanımayan ideya və tapıntılarını məharətlə nümayiş etdirir. Orkestrləşdirilmiş əsərlərdə musiqi heç nə itirməyərək, əksinə, orkestr imkanları, tembr rəngarəngliyi ilə zənginləşərək daha da cəzbedici səslənmə əldə edir. Bəstəkar nəzərində tutduğu obrazı xarakterizə etmək üçün orkestr imkanlarından maksimum istifadə edərək, əldə etdiyi yeniliklərlə ideya-bədii məzmunu dolğunlaşdırmağa nail ola bilir.
   Bəstəkarın yaradıcılığı axıcı melodizmi ilə insanı valeh edir. Bəlkə də bunun əsasında onun milli folklora, şifahi ənənəli muğamlarımıza, xalq musiqilərimizə sıx bağlılığı durur. O, yaradıcılığında Azərbaycan musiqisinin zənginliyini, hərtərəfliliyini olduqca gözəl əks etdirmişdir. Ladlarımızdan məharətlə istifadə edərək konkret formalı əsərlərdə milliliyini itirməmişdir. Bəstəkarın yaradıcılığında “Humayun” muğamı üstünlük təşkil edir. Bu ladda da o, əvəzsiz əsərlərini yaratmağa nail olmuşdur. “Humayun” muğamına əsaslanan əsərlərindən “Nağıl” simfonik poemasını, “Axırıncı aşırım” filminə yazılmış musiqisini, həmçinin eyniadlı simfonik poemanı və altıncı simfoniyasını qeyd etmək olar.
   Bəstəkarın musiqisindəki xəlqiliyi, köklərinə sıx bağlılığı onun musiqilərini daha da qəlbə yaxın, unudulmaz edir. Arif Məlikovun böyük istedadı müasirliklə xalq musiqilərimizin inteqrasiyasının çox təbii şəkildə aparılmasına imkan yaratmışdır. “Təzadlar” adlanan altıncı simfoniyasında müasir texnikalardan məharətlə istifadə etməsinə baxmayaraq, burda milli ladlarla bağlılığı müəyyən etmək mümkündür. Bu simfoniya müəllifin müasirliklə milli köklərini itirməyən əsərlərinə bariz nümunədir. Maraqlıdır ki, 1985-ci ildə yazılan əsər indi də çox müasir səslənməkdədir.
   Təqdirəlayiqdir ki, görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə dinlənən, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünyanın bir çox ölkəsində təmsil olunaraq, rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini qeyd etmək olar.
   Vətəninə, millətinə dərin məhəbbətlə bağlı olan bəstəkar milli mənafeyi daima uca tutaraq xalqımızın həm mədəni, həm mənəvi inkişafının qayğısına qalmışdır. Arif Məlikov dahi bəstəkar olmaqla yanaşı, aktiv şəkildə ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Millət vəkili olduğu dövrlərdə də xalqına sədaqətlə xidmət etmiş, onun heç bir probleminə biganə qalmamışdır. Xalqının ağır gününə ürəyi yanan şəxsiyyət 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazmışdır. Kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqının ağrı-acılarını dünyaya çatdırmışdır.
   Arif Məlikovun çoxşaxəli fəaliyyəti Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Bəstəkar Azərbaycan musiqisinin gəlib çıxdığı bu mərhələ ilə yanaşı, onun gələcəyinin də qayğısına qalır. Yaradıcılığı boyu yiyələndiyi dəyərli təcrübənin bir zərrəsini belə əsirgəmədən gələcək nəsillərə çatdırır. Pedaqoji fəaliyyətini Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının professoru, kafedra müdiri olaraq davam etdirməkdədir. Kafedranın müəllim heyətinə nəzər saldıqda Arif Məlikov başda olmaqla Ceyhun Allahverdiyev, Aydın Əzimov, Arzu Məmmədova, Gülnarə Məmmədova, Nazim Mirişli kimi müəllimlərin pedaqoji fəaliyyətinə əsasən deyə bilərik ki, Azərbaycanın gələcək bəstəkarlıq məktəbi əmin əllərdədir. Hazırda bəstəkarlıq arzusunda olan tələbələrimiz günü-gündən artaraq Arif Məlikov işığına toplaşmaqdadır. Arif müəllim bəstəkarlığa həvəsi, istedadı olan bütün tələbələrlə yaxından maraqlanaraq, əsərlərini səbrlə dinləyir, dəyərli məsləhətlərini verərək onları düzgün yola yönəldir.
   Sənətin zirvəsinə qalxmaq hər bəstəkara nəsib olmur. Arif Məlikovun zirvəyə gedən yolu çox uzun və çətin olmuşdur. Bütün bunlara sinə gərərək, daima irəliyə baxaraq bu yolu layiqincə addımlayan bəstəkar ömrünün çox bəhrəli illərini yaşayır. Öz dəyərli musiqiləri ilə Azərbaycan musiqi xəzinəsinə incilər qatmaqdadır. Bu gün dünyanın bir çox məşhur səhnələrində bəstəkarın əsərləri böyük rəğbət və hörmətlə səhnələşdirilir, səsləndirilir. Biz fəxr edirik ki, Azərbaycan musiqisi dünyada Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov kimi dəyərli sənətkarların adı və əsərləri ilə təmsil olunur.
   Musiqimizin canlı klassiklərindən olan Arif Məlikovla Azərbaycan xalqı fəxr edir. Onun yazdığı hər bir əsər musiqimizin bayramıdır. Bu günlərdə 80 yaşı tamam olacaq hörmətli müəllimim Arif Məlikovu ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzu edirəm. Xalqımızın hər bir sevincinin, uğurunun daima onun yaradıcılığında öz əksini tapmasını diləyirəm.
   
   İlahə Qismət,
   Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin IV kurs tələbəsi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar