Serbiyanın Nis Universitetindən elm adamlarının araşdırması instrumental musiqinin ürəyi gücləndirdiyini, ürək xəstələrinin daha tez yaxşılaşmasına kömək etdiyini göstərib. Ürək xəstəsi olan 74 nəfəri 3 qrupa ayıran alimlər ilk qrupdan 3 həftə ərzində aerobika dərslərinə getmələrini, ikinci qrupdan dərslərə gedərək gündə yarım saat musiqi dinləmələrini xahiş edib. Son qrup isə sadəcə musiqi dinləyib.
3 həftədən sonra idman edən və musiqi dinləyən ürək xəstələrinin vəziyyətinin xeyli yaxşılaşdığı məlum olub. Bu qrupdakıların ürək fəaliyyətinin 39 faiz, musiqi dinləməyən, yalnız idman edənlərdə 29 faiz, sadəcə musiqi dinləyənlərdə isə 19 faiz yüksəldiyi müəyyən edilib. Beləliklə, alimlər musiqi dinləyərək idman etməyin ürək fəaliyyətinin yaxşılaşmasına kömək etdiyini bildirirlər.