Sentyabrın 26-da Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının növbəti konsert proqramları təqdim edilib.
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Fransanın “Utopik” kvartetinin konserti olub. Konsertdə Fransa bəstəkarı Klod Debüssinin və Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri səsləndirilib.
Fransa və Azərbaycan musiqisinin dialoqu şəklində qurulmuş konsert proqramı Klod Debüssinin “Sirinx” əsəri ilə başlayıb. Əsər Azərbaycanda ilk dəfə ifa olunub. Sonra Firəngiz Əlizadənin Xalq şairi Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş soprano, fleyta və royal üçün hazırlanmış “Üç akvarel” vokal silsiləsi səsləndirilib. Əsəri Fransa vokalçısı Laura Delkampe (soprano) Azərbaycan dilində ifa edib. Onu Jil de Talyö (fleyta), Lüdovik Froxot (piano) və Fransua Jirar (violençel) müşayiət ediblər. Konsertdə Firəngiz Əlizadənin məşhur “Habilsayağı” əsəri də ifa olunub.
* * *
Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.