Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin, kollektiv və solistlərin rəngarəng konsert proqramları ilə davam edir.
   Sentyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olub. Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə keçirilən konsertdə pianoçu solistlər Aslan Aslanov və Tofiq Şıxıyev çıxış ediblər. Proqramda E.Qriqin “Holberq zamanından” süitasından fraqment, İ.S.Baxın iki fortepiano və kamera orkestri üçün konserti, P.İ.Çaykovskinin “Serenada” əsərləri səsləndirilib.
   * * *
   Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Rusiyanın “Romantik” kvartetinin konserti də maraqla qarşılanıb. Beynəlxalq “Musiqi Olimpi” Fondunun (Sankt-Peterburq) dəstəyi ilə keçirilən konsertdə nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələrin laureatı, gənc pianoçu Andrey Yaroşinski Azərbaycan və Avropa bəstəkarlarının - Qara Qarayevin, Ludviq Van Bethovenin, İohan Bramsın əsərlərini ifa edib.
   Görkəmli violonçel ifaçısı V.A.Berlinskinin rəhbərliyi altında yaradılan “Romantik” kvarteti Avropanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edib. Moskva Dövlət Akademik Filarmoniyasının tərkibinə daxil olan kvartet hazırda “Rus ifaçılıq sənəti” fondunun təqaüdçüsüdür.
   * * *
   Sentyabrın 25-də daha bir konsert proqramı Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbində təqdim edilib. Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın Əməkdar icəsənət xadimi Valeri Varonanın sinfində musiqi təhsili alan Firuzə Xançalovanın ifası dinlənilib.
   Tədbirdə çıxış edən Valeri Varona ilk dəfə Azərbaycana 15 il əvvəl görkəmli musiqiçi Mstislav Rostropoviçin yubileyində iştirak etmək üçün gəldiyini, ötən müddət ərzində paytaxtımızın inanılmaz dərəcədə inkişaf etdiyini deyib, ölkəmizdə musiqi sənətinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
   Sonra Firuzə Xançalova dahi bəstəkarlar İ.S.Bax, V.Motsart, İ.Brams və F.Əmirovun əsərlərini ifa edib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-də sona çatacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar