Tərlan Seyidov - 70
   
   
   Hər bir insanın həyatda tutduğu mövqe, qazandığı nüfuz onun fəaliyyəti ilə bağlıdır. Çalışdığı sahədən asılı olmayaraq, işinə-sənətinə məsuliyyət, sevgi və peşəkarlıqla yanaşanlar ictimaiyyətin hörmət və ehtiramına sahib olurlar. Azərbaycan musiqi sənətinin layiqli nümayəndələrindən olan istedadlı pianoçu, bacarıqlı pedaqoq, dəyərli əsərlər müəllifi, professor Tərlan Seyidov da fəaliyyət göstərdiyi sahələrdə yaxşı ad-san qazanan ziyalılardandır. Özünə və başqalarına qarşı hər zaman tələbkar olan 70 yaşlı Tərlan müəllim zəhmətsevərliyi, işgüzarlığı ilə bu gün də həmkarlarına, yetirmələrinə bir nümunədir. Elmi dərəcəsi, tutduğu vəzifələr məhz onun bacarığı, istedadı və hədsiz məsuliyyətinin nəticəsidir.
   
   Tərlan Mir Əşrəf oğlu Seyidovu 90-cı illərin əvvəllərindən tanıyıram. O dövrdə ölkənin çətin vəziyyəti Azərbaycan Dövlət Konservatoriyasındanda (indiki Bakı Musiqi Akademiyası) yan keçməmişdi. Həmin ağır illərdə Tərlan Seyidov konservatoriyanın nəzdində fəaliyyət göstərən məktəb-studiyanın direktoru olmaqla yanaşı, konservatoriyanın tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı. Onun yüksək iş bacarığı və tələbkarlığı nəticəsində professor-müəllim heyəti ruhdan düşmür, musiqi mədəniyyətimizin inkişafı naminə əllərindən gələni əsirgəmirdilər.
   Təməli 1980-ci ildə qoyulmuş məktəb-studiya bugünkü yüksək səviyyəli fəaliyyətinə Tərlan Seyidovun və kollektivin gərgin əməyi nəticəsində qovuşub. Tərlan müəllim bu məktəbdə 10 il ictimai əsaslarla yorulmadan çalışıb. Bütün səy və bacarığını məktəb-studiyanın nümunəvi olmasına, müxtəlif ixtisaslar üzrə siniflərin açılmasına, uşaq musiqi teatrının fəaliyyətinə sərf edib.
   Musiqinin təsir gücünə inanan Tərlan Seyidov bu xüsusiyyətləri bir meyar kimi tədrisdə ön plana çəkir. Dünya və Azərbaycan mədəniyyətini, musiqisini şagirdlərə aşılamaq və sevdirmək üçün məktəb-studiyanın tədris proqramına milli musiqimizlə bağlı maraqlı yenilikləri daxil edir. Onun təbiətindən doğan yüksək mədəni rəftar, insani keyfiyyətləri məktəb-studiyanın kollektivinin fəaliyyətinə müsbət təsir göstərir. Təhsil ocağında xoş münasibətlə ciddi professional tələbkarlıq yanaşı addımlayır.
   Məktəb-studiya eyni zamanda Bakı Musiqi Akademiyasının da təcrübə bazası kimi fəaliyyət göstərir. Akademiyanın musiqi nəzəriyyəsi kafedrasının müdiri olaraq, musiqişünaslıq fakültəsində təhsil alan tələbələrin məktəb-studiyada keçdikləri təcrübələrə nəzarət edir və əldə etdikləri müsbət nəticələrin şahidi oluram. Apardığım müşahidələr əsasında əminliklə söyləyə bilərəm ki, professor Tərlan Seyidov tərəfindən aparılan islahatlar və tətbiq etdiyi tədris metodu məktəb-studiyada təcrübə keçən tələbələrimizdə yaradıcı potensialı artırır, onlarda müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün mühüm olan keyfiyyətlərin formalaşmasında xüsusi rol oynayır.
   Tərlan müəllimin professional musiqişünas kimi elmi tədqiqat əsərlərinin əhəmiyyətini qeyd etməmək mümkün deyil. Çünki o, musiqi elminin, demək olar ki, az araşdırılmış sahəsini - Azərbaycan fortepiano ifaçılığı sənətini 30 ildən çox tədqiqat obyektinə çevirmiş və bir sıra dəyərli elmi əsərləri ilə bu istiqamətin möhkəm elmi təməlini yaratmışdır. Onun müəllifi olduğu “Azərbaycan fortepiano musiqisi”, “Azərbaycan fortepiano musiqi janrlarının inkişafı”, “Azərbaycan fortepiano mədəniyyətinin görkəmli nümayəndələri” monoqrafiyaları, Fərhad Bədəlbəyli və Rauf Atakişiyev haqqında məqalə və xatirələr toplusu olan kitabları Azərbaycan musiqişünaslığına ciddi elmi töhfələrdir.
   Mənə onun 2007-ci ildə təqdim etdiyi doktorluq dissertasiyasının müdafiəsində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü qismində iştirak etmək nəsib olub. Bu zaman Azərbaycan ifaçılıq musiqişünaslığının növbəti uğurunun şahidi oldum. «XX əsr Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı» mövzusunda aparılmış elmi araşdırma şura üzvlərinin böyük marağına səbəb oldu və onlar iddiaçıya bir çox suallarla müraciət etdilər. Tərlan müəllim hər bir sualı ətraflı şəkildə cavablandıraraq elmlər doktoru elmi dərəcəsini almağa layiq olduğunu nümayiş etdirdi.
   Ümumiyyətlə, Tərlan Seyidovun indiyədək təqdim etdiyi hər bir elmi araşdırmada tədqiqatçı professionallığı nəzərə çarpır, qoyulan problem musiqi əsərlərində təhlil edilərək araşdırılır və bilavasitə ifaçılıq məsələləri ilə müqayisə olunur. Müəllifin bütün tədqiqat işləri fortepiano ifaçılığı, repertuar, janr və s. məsələlərlə əlaqədar olan fundamental əsərlərdir. Bu elmi işlərdə fortepiano ifaçılığımızın tarixi, fortepiano repertuarının janr problemləri, onların təkamülü, ifaçılıq məsələlərinə həsr olunmuş oçerklər böyük maraq kəsb edir.
   Tədqiqatçı üçün soyuqqanlı düşüncə tərzi obyektiv elmi nəticənin zəmanətidir. Tərlan Seyidovun apardığı araşdırmaların hamısı elmi obyektivliyə əsaslanır. Bu prinsipi əsas götürən alim ifaçıların əsərlərini dinləyir və təmkin, sayğı, sevgi ilə düşüncələrini yazır. Tərlan Seyidovun elmi işlərindəki yazı tərzi onun yüksək professionallığına dəlalət edir.
   İfaçılıq və ifaçılar haqqında söz demək, yaxud yazmaq müəllifdən böyük məsuliyyət və professionallıq tələb edir. Yaradıcı insanlar kimi ifaçılar da həssas qəlbə malikdirlər. Bu cəhətdən Tərlan Seyidov demək istədiyi fikirləri heç kəsi incitmədən, böyük ustalıqla oxucuya çatdırır.
   Hər bir insanın həyatında uğurlu günləri ilə yanaşı, çətin vaxtları da olur. Mənim də həyatımın ağrılı günlərində öz insanpərvərliyi, xoş münasibəti ilə mənə dəstək olan Tərlan müəllimə minnətdarlığımı bildirirəm. Gözəl insani keyfiyyətlərə malik professor Tərlan Seyidova fəaliyyətində, yaradıcılığında yeni uğurlar arzulayır, özünə və ailəsinə uzun ömür, cansağlığı diləyirəm.
   
   Səadət Seyidova,
   Bakı Musiqi Akademiyasının professoru






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar