Dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Bu əlamətdar tarix bölgələrdəki mədəniyyət müəssisələrində, tədris ocaqlarında da çeşidli tədbirlərlə qeyd edilib.
Musiqi bayramı münasibətilə Bərdə şəhər 4 saylı uşaq incəsənət məktəbində konsert təşkil olunub. Tədbir məktəbin xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin bəstələdiyi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra skripka sinfinin şagirdləri bəstəkarın “Arazbarı” simfonik muğamını ifa ediblər. Şagirdlərin ifasında “Arşın mal alan” operettasından, “Leyli və Məcnun“ və “Koroğlu” operalarından parçalar da maraqla qarşılanıb.
* * *
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Bərdə şəhər 2 saylı uşaq musiqi məktəbində də tədbir keçirilib. Məktəbin direktoru Xırda Ağayeva çıxış edərək dahi sənətkarın həyat və yaradıcılığından söz açıb, onun Azərbaycanın musiqi mədəniyyətinə, teatr sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb. Üzeyir bəyin professional bəstəkarlıqla yanaşı, musiqi tədqiqatçısı, alovlu publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi fəaliyyətindən bəhs edib.
Sonra məktəbin şagirdləri bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediblər.
* * *
Milli Musiqi Günü Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbində də qeyd olunub. Məktəbin müəllimi Samirə Abışova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Bədii hissədə şagirdlər “Arşın mal alan” musiqili komediyasından “Telli və Vəlinin dueti”ni, “Əsli və Kərəm” operasından mahnı ifa ediblər. Məktəbin yetirməsi Elnur Abdullazadə sazda “Misri” havasını, skripka sinfinin şagirdləri isə “Gülçöhrənin ariyası”nı səsləndiriblər.
* * *
Bərdə səhər 1 saylı uşaq incəsənət məktəbində "Mənim rayonum, mənim şəhərim, mənim ölkəm” mövzusunda tədbir keçirilib. Məktəbin qarmon müəllimi Rövşən Süleymanov tədbiri açaraq dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğıdan danışıb. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə inşa edilən incəsənət məktəbinin böyüməkdə olan yaradıcı nəslə qayğının bariz nümunəsi olduğu vurğulanıb.
Tədbirin bədii hissəsində məktəbin xor kollektivi “Gənc Heydərçilərik” mahnısını ifa edib. Şagirdlər Səid Rüstəmovun “Alagöz” mahnısını və “Qarabağ şikəstəsi”ni səsləndiriblər. Sonda rəqs kollektivinin çıxışı olub.