Xəbər verdiyimiz kimi, 23 oktyabr - 2 noyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə növbəti beynəlxalq caz festivalı keçiriləcək. Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
   Oktyabrın 30-da festival çərçivəsində Heydər Əliyev Sarayında dünya şöhrətli amerikalı caz ifaçısı, bəstəkar Avishai Kohenin solo konserti keçiriləcək.
   Artıq satışa çıxarılan biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 10-50 manat arasındadır.
   Festival çərçivəsində dünya şöhrətli musiqiçilər Joshua Redman, Kenny Garret, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir. Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri də solo proqramlarla çıxış edəcəklər.