Pifaqorun belə bir kəlamı düşür yadıma: “İncəsənətin müəllimi musiqidir”. Bu fikri əbəs yerə xatırlamadım. Musiqi incəsənətin müəllimi olmaqla bərabər dünya xalqları arasında ən gözəl ünsiyyət vasitəsidir. Musiqi dilindən, dinindən, məkanından asılı olmayaraq hər bir xalqın, hər bir insanın qəlbinə yol tapır, ruhunu oxşayır. Ürəyəyatımlı, ruhu oxşayan musiqi insanlara onun müəllifini də sevdirir. Bu mənada Azərbaycanın görkəmli bəstəkarları içərisində Firəngiz Əlizadənin öz dəst-xətti var. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, UNESCO-nun “Sülh naminə incəsənət xadimi" mükafatının laureatı Firəngiz Əlizadəyə bu uğurları onun musiqisi bəxş edib. Bu təkcə onun deyil, Azərbaycan mədəniyyətinin uğurlarıdır.
Firəngiz xanım istedadı ilə zəhmətini birləşdirib daim yeni ideyalar, yeni axtarışlar üzərində çalışan sənətkardır. Onun bu yenilikçi meylləri milli köklərdən, Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrindən qaynaqlanır. Bəstəkarın dünyanın müxtəlif konsert salonlarında səslənərək böyük sevgi ilə qarşılanan musiqisi, ən məşhur sənətkarların bu musiqiyə verdikləri qiymət fikirlərimizin dolğun ifadəsidir.
Firəngiz Əlizadənin musiqi xəzinəmizə bəxş etdiyi töhfələrdən danışmaq geniş mövzu olduğundan biz yalnız onun bu günlərdə Bakıda, V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində səslənən bir neçə əsərindən bəhs edəcəyik. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək davam edən festivala 10-dan çox ölkədən musiqiçilər qatılmışdı. Musiqi bayramının zəngin proqramı vardı.
Festivalın yaddaqalan tədbirlərdən biri də sentyabrın 26-da Filarmoniyanın Kamera və Orqan Musiqi Zalında təşkil olunan konsert idi. Konsertdə Fransanın məşhur “Utopik” ansamblının solistləri Klod Debüssi və Firəngiz Əlizadənin əsərlərini ifa etdilər. Konsert sanki Fransa və Azərbaycan musiqisinin dialoqu şəklində qurulmuşdu. Klod Debüssi və Firəngiz Əlizadə musiqisi bir-biri ilə qarşılıqlı ünsiyyət yaradırdı. Qeyd edək ki, Firəngiz Əlizadənin Fransa ansamblı ilə yaradıcılıq ünsiyyətinin də maraqlı tarixi var.
“Utopik” ansamblı 2004-cü ildə Fransanın Nant şəhərində parlaq pianoçu, beynəlxalq müsabiqələr laureatı Lüdovik Frokotun təşəbbüsü ilə yaranıb. Ansambl fəaliyyətini XX əsrin şah əsərlərinin təbliği üzərində qurur. Kollektivin repertuarında Fransanın məşhur bəstəkarlarının - K.Debüssi, M.Ravel, P.Bulez, J.Grizinin əsərləri mühüm yer tutur. Son illər “Utopik” ansamblı başqa ölkələrin ən tanınmış bəstəkarlarının musiqisinə də tez-tez müraciət edir. Ansamblın iş təcrübəsinə əsasən növbəti layihənin həyata keçirilməsi üçün dəvət olunan bəstəkar bir ay ərzində Nant şəhərində yaşayır və öz əsərlərinin təfsiri üzərində ifaçılarla birgə çalışır. Yalnız bundan sonra Nant şəhərində “Graslin” teatrının gözəl səhnəsində bəstəkarın əsərləri əsasında hazırlanmış proqram səsləndirilir. Ötən il “Utopik” ansamblı Firəngiz xanımı da Nant şəhərinə “composer-inresidense” kimi dəvət etmişdir. 2012-ci ilin noyabrında bəstəkar ansamblla birlikdə öz əsərlərinin məşqlərini keçirmiş, Fransanın müxtəlif universitet və konservatoriyalarında dinləyici auditoriyası ilə görüşmüşdür. Dekabrın 7-də “Graslin” teatrında müəllif konserti keçirilmişdir. Bu konsert çox böyük uğur qazanaraq, Fransa mətbuatında geniş surətdə işıqlandırılmışdır. Bu dəfə isə “Utopik” ansamblı həmin konserti bəzi dəyişikliklərlə Bakıda təqdim etdi.
Konsertdə Firəngiz Əlizadənin üç əsəri səsləndi. Bunlardan birincisi Nigar Rəfibəylinin sözlərinə bəstələnən soprano, fleyta və royal üçün “Üç akvarel” vokal silsiləsi idi. Əsərdə qadın həyatının üç mərhələsi təsvir olunur. ”Nərgiz”, ”Qayıqçı”, ”Gözləyir” adlanan üç vokal nömrədə qəhrəmanın obrazı təkamüldə verilir. “Nərgiz” - kövrək, pak, yeniyetmə qızın surətini canlandırır, “Qayıqçı”da həyatsevər, işvəli gənc qızın təsviri öz əksini tapır. Üçüncü nömrədə isə artıq öz məhəbbətini gözləyən, onun uğrunda hər cür sınaqlara, fədakarlığa hazır olan yetkin qadının surəti yaradılır. Bədii məzmunun ifadə etdiyi bu cəhətlər musiqi dilində də öz dolğun təcəssümünü tapır. “Üç akvarel” vokal silsiləsi 1983-cü ildə yazılıb. Maraqlı quruluşa malik olan bu silsilədə vokal epizodlar royalda ifa olunan kiçik pyeslərlə növbələşir. Milli çalarlar üzərində qurulmuş, lakin müasir texnikaya əsaslanan bu əsər böyük rəğbətlə qarşılandı. Fransız müğənnisinin əsəri Azərbaycan dilində məharətlə ifa etməsi tamaşaçılara xüsusi zövq aşıladı.
Firəngiz Əlizadənin konsertdə səslənən ikinci əsəri - “From Japanese Poetry” (1993) - XX əsr məşhur yapon şairi İsikava Takubokunun 3 tankası əsasında bəstələnmişdir. Bu beşmisralıq şeir bəndlərində biz yenə də Vətən həsrəti çəkən, həyəcanlı, coşğun hissiyyata malik yaradıcı şəxsiyyətin narahat, iztirablı obrazını görürük. Silsilə qeyri-adi ifaçı tərkibi - soprano, fleyta, fortepiano, çelesta, vibrafon üçün yazılmışdır, həm də sonuncu üç alətdə pianoçu ifa edir. Əsərin vətənpərvərlik ruhu Firəngiz xanımın yaradıcılığı üçün çox səciyyəvidir. Həyatının bir neçə ilini doğma ölkədən uzaqlarda yaşayan sənətkar öz vətən sevgisini musiqisi ilə dünyaya bəyan etmişdir. Firəngiz Əlizadənin elə əsərləri var ki, onlar dünyanın müxtəlif konsert salonlarında səslənsə də, Azərbaycanda ilk dəfə ifa olunur. Haqqında söhbət açdığımız vokal silsiləsi məhz bu qəbildəndir.
Ümumiyyətlə, bəstəkarın bir çox əsərləri dünyanın müxtəlif ölkələrində məşhur musiqiçilər tərəfindən ifa olunur. Firəngiz xanımın çox tanınmış “Habilsayağı” əsəri ilk dəfə 1979-cu ildə Leninqrad Filarmoniyasının səhnəsində səslənmiş və bu parlaq əsər 11 dəfə dünyanın tanınmış ifaçıları ilə məşhur səsyazma şirkətlərində (Yo-Yo Ma ilə “Sony classical” (Yaponiya), Raymond Korrupla “Deutsche Grammofon” (Almaniya), İvan Monigetti ilə “Le Chant du Monde” (Fransa) və s.) lentə alınmışdır.
Bu dəfə əsəri “Utopik” ansamblının solistləri François Girard (violonçel) və Lüdovik Frokot (piano) təqdim etdilər. Ustad sənətkarımız Habil Əliyevə ithaf olunmuş bu əsərdə Firəngiz Əlizadə muğam və müasirlik baxımından çıxış edərək bir-birindən fərqli musiqi janrlarını ustalıqla bir araya gətirmiş və muğam intonasiyalarını müasir musiqi elementləri ilə üzvi şəkildə qovuşduraraq gözəl bir əsər yaratmışdır. “Utopik” ansamblının solistləri də əsəri yüksək peşəkarlıqla ifa etdilər. Violonçel ifaçısı muğam intonasiyalarını xüsusi ustalıqla səsləndirirdi. Bu da Firəngiz xanımın bir bəstəkar kimi böyük uğurudur ki, milli musiqimizin kökləri əsasında elə bir müasir əsər yaradıb ki, onu hər bir xalqın musiqiçisi məharətlə ifa edə bilir və o, əsərdə Azərbaycan ruhu duyulur.
Kamera və Orqan Musiqi Zalında keçirilən konsert Firəngiz Əlizadənin musiqimizə bəxş etdiyi belə gözəl töhfələrlə yadda qaldı. Bu əsərləri fransalı musiqiçilərin ifasında dinlədikcə məndə belə bir sual yarandı: Görəsən, niyə bizim ifaçılar bu əsərlərə müraciət etmirlər? Bəlkə Firəngiz Əlizadənin əsərləri öz vətənində öz ifaçılarını tapmayıb? Bu sualın cavabını əminəm ki, Firəngiz xanımın nə vaxtsa Bakıda keçiriləcək müəllif konsertində ifaçılar verəcəklər. Mən isə bu yazını görkəmli alman alimi Albert Eynşteynin fikri ilə tamamlamaq istəyirəm: “İnsan taleyində yaşanan ən gözəl və dərin hiss - sirlərlə dolu qeyri-adi halı yaşamaqdır”. Bu fikrə ona görə istinad etdim ki, Klod Debüssinin və Firəngiz Əlizadənin əsərlərini dinləyən zaman tamaşaçılar məhz o qeyri-adi halı yaşaya bildilər.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru