Bu şəhər elə əvvəldən cazla bağlı olub. Fitrətində hürr duyğular daşıyan musiqi bu anlamda hər zaman azad şəhərin rəmzinə çevrilib. Ruhun hansı məkan və zaman məngənəsində sıxılmasına baxmayaraq, azadlığa can atdığını və hər zaman da buna nail olduğunu anladıb.
Caz bir zəncinin qəlb ağrısından yoğurularaq minlərin, milyonların azadlıq eşqi, müstəqillik alovu ilə yanan qəlbinin səsinə, avazına çevrilib, əsrlər, nəsillər, xalqlar, təbəqələr, zümrələr arasında vahid ünsiyyət dili oldu. Azad düşüncə, azad hiss və azad ruh himni kimi dünyanı gəzib-dolaşdı. Bu musiqinin ecazı, cazibə qüvvəsi də elə bu məqamdadır. Ona görə də caz musiqisi dünən, bu gün və sabah üçün yazılan, yaranan melodik ünsiyyət vasitəsi olaraq hamının danışdığı dilə çevrildi.
Azərbaycanın öz cazı
Bütünlükdə dünyanın azadlıq himni kimi səslənən cazın öz axarı, missiyası var. Bu mənada Azərbaycan cazı dedikdə ilk olaraq muğam üzərində qurulması və bununla da etnik musiqi elementlərinin zənginliyi ön plana çıxır.
Azərbaycan cazının tarixinə nəzər saldıqda bu mərhələli inkişafda hər dövrün ayrıca bir istiqamətini, xarakterik xüsusiyyətinin formalaşdığını görürük. Ötən əsrin 30-cu illərinin sonunda Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olan maestro Niyazi və bəstəkar Tofiq Quliyevin yaratdıqları Dövlət Estrada Orkestri ilə Azərbaycan cazının əsası qoyulur. Üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət bu orkestrin ilk konsert proqramına klassik cazla yanaşı, Niyazi və Tofiq Quliyevin də pyesləri daxil edilir. Beləcə, zaman keçdikcə istər musiqiçilərin, istərsə də dinləyicilərin diqqətini cəlb etməyə nail olan kollektiv populyarlaşmağa başlayır. 1941-1945-ci illər müharibəsi dövründə və müharibədən sonra “Dövlət cazı”na rəhbərliyi Rauf Hacıyev həyata keçirir. Bu dövrdə əldə olunan nailiyyətlər sonradan yerini sükut dövrünə verir. 50-60-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına təsirsiz ötüşmür, onun inkişaf sərhədlərini məhdudlaşdırır. Ancaq bütün qadağalara baxmayaraq, azad musiqinin pərəstişkarları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə çalışırdılar. Bütün qadağalar, əksinə işləyir, janra maraq daha da artır, onun gizli-aşkar pərəstişkarlarının say sırası genişlənirdi.
Bu qadağalar dövrü ötən əsrin 60-cı illərində yerini tam başqa bir mərhələyə verir və görkəmli bəstəkarlar Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlayır. Bu vaxt ərzində mərhum musiqiçi Rafiq Babayevin “Qaya” vokal kvarteti də yarandı və efirlərdə çıxışların, konsertlərin sayı artmağa başladı. Ardınca tam yeni bir caz erası, milli caz dediyimiz ənənənin əsası qoyuldu. Vaqif Mustafazadə fenomeni unikal bir forma taparaq Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim etdi. Doğma dinləyiciləri, milli musiqisevərləri də unutmayaraq cazı doğma muğam dilində səsləndirilməyə nail oldu. Beləliklə improvizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrildi. 60-cı illərin əvvəllərində klassik caz dönəmi musiqidə yeni axın - caz-muğamla əvəzləndi.
Festivaldan festivala
Azərbaycan cazı milli xüsusiyyətləri, ənənələrə söykənən improvizələri və ümumilikdə hər zaman var olan auditoriyası ilə daim dinlənilən, sevilən və sevdiriləndir. Köhnə caz Bakısı bu gün festivallar, caz konsertləri və digər musiqi tədbirləri ilə xatırlanır. Ənənə halını alan Bakı Beynəlxalq Caz Festivalı buna əyani sübutdur. 2002-ci ildən etibarən bu musiqi bayramı hər il oktyabr ayında cazsevərləri bir araya gətirir. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilən builki festivalda da dünyanın məşhur cazmenləri iştirak edəcək. 23 oktyabr - 2 noyabr tarixində gerçəkləşəcək festival günlərində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində konsertlər təqdim olunacaq. Musiqisevərlər yeni dövrün caz əfsanələri Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqaları ilə yanaşı, Azərbaycanın tanınmış ifaçıları Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov, eləcə də istedadlı gənc caz musiqiçilərindən Çingiz Mustafayev (vokal) və qrupu, Əfqan Rəsul (fortepiano) və qrupu, Allahyar Vəzirov R&B vibes “ExperiencEn”in və digərlərinin çıxışlarını izləyə biləcəklər.
Festivalla bağlı bir neçə iştirakçımızın fikirlərini öyrəndik.
Bəstəkar Salman Qəmbərov festivalı cazda yeni dövr kimi xarakterizə edərək beynəlxalq musiqi əlaqələrində vasitəçi olduğunu düşünür: “Builki festival Bakının caz bayramları silsiləsində yeni bir səhifədir. Çünki biz bu qədər ustad ifaçını bir arada görməmişik. Zəngin proqram, məşhur ifaçılar musiqisevərlərə unudulmaz anlar vəd edir. Bu tədbir cazsevərlərə hədiyyə olmaqla yanaşı, peşəkarlar üçün də özünüifadə şansıdır. İnanıram ki, festivaldan sonra kimlərsə özü üçün bu musiqidə yeni cizgilər kəşf edəcək”.
İstedadlı musiqiçi Mircavad Cəfərov bu tədbirin Azərbaycan milli cazının yeni inkişaf səviyyəsinin, formalaşmaqda olan meyllərin, maraqlı improvizələrin nümayişi baxımından önəmindən danışdı: “Caz ifaçıları ilə bir sıra layihələrdə iştirak etsəm də, bu festivalda ilk dəfə çıxış edirəm. Artıq 11 ildir “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəriyəm. Burada üç janr - rəqs, muğam və caz birləşir. Konsertdə klassik bəstəkarların əsərləri ilə yanaşı, ənənəvi caz nümunələri, həmçinin “Qarabağ şikəstəsi”ni caz yozumunda təqdim edəcəyik. Bu tədbir milli musiqi, caz, estrada və ümumilikdə musiqidə inkişaf, özünü ifadə, fantaziyalarını göstərmək baxımından çox əhəmiyyətlidir”.
Gənc ifaçı Əfqan Rəsul isə festivalı yeni nəsil ifaçıların öz imkanlarını nümayiş meydanı adlandıraraq təşkilatçılara təşəkkürünü ifadə etdi: “Festival gənclərdə bu əsrarəngiz musiqi janrına maraq aşıladığından önəmlidir. Təbii ki, istənilən musiqi gözəldir. Amma caz tam başqa aləmdir. Burada tam sərbəst olub, malik olduğun imkanları sərgiləyə bilirsən. Ona görə də hər kəsi bu gözəl tədbirdə iştiraka səsləyirəm”.
Və caz ... yenə caz
Məşhur ifaçıları dinləmək, doğma, tanıdığımız səslərin cazla sintezində ruhunu dincəltmək və onun bəxş etdiyi azadlıq duyğusu ilə bütünləşmək istəyən hər kəs 23 oktyabrdan 2 noyabradək musiqi bayramına dəvətlidir.
Həmidə Nizamiqızı