Oktyabrın 23-də unudulmaz ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın adını daşıyan 20 saylı uşaq musiqi məktəbində sənətkarın doğum gününə həsr olunmuş konsert proqramı təşkil edildi.

O gün Şövkət xanımın ruhu şad idi. Çünki məktəbin kollektivi böyük sevgi və ehtiram hissi ilə sənətkarı yad edirdi. Ötən ay əsaslı təmirdən sonra açılışı olan məktəbdə həmin gün əsl bayram əhval-ruhiyyəsi var idi. Tədbiri məktəbin direktoru Sevda Məmmədova açaraq tədris ocağında ilk dəfə belə bir konsertin təşkil edildiyini bildirdi: “Biz dəfələrlə Şövkət xanımın yubileyi və xatirə günlərində şagirdlərimizin konsertini təşkil etmişik. Amma məktəbimizin şəraitsizliyi ucbatından bu tədbirlər müxtəlif konsert salonlarında keçirilib. Bu gün isə ilk dəfə olaraq öz məktəbimizin konsert zalında musiqi çələngimizi sizlərə təqdim edirik. Bu bütün kollektivi sevindirir. Belə bir şəraiti bizə yaratdığına görə əlaqədar qurumlara öz təşəkkürümüzü bildiririk”.
Direktor qeyd etdi ki, Şövkət xanımın səsi milyonların ürəyində məhəbbət ocağı qalayıb: “Səs ruh kimi ölməzdir. İnanıram ki, Şövkət xanımın ruhu bu gün bu gözəllikləri, onun adını daima yaşadan insanları görür. Biz də bu xatirə günündə çalışdıq ki, şagirdlərimizin bacarığı daxilində öz borcumuzu yerinə yetirək”.
Sonra sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən Dövlət Filarmoniyasının solisti olub. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. O, Azərbaycan musiqisini keçmiş SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Əfqanıstan, Hindistan, Misir, İran, Türkiyə və digər xarici ölkələrdə uğurla təmsil edib.
Sonra məktəbin şagirdləri Şövkət xanımın ifasında səslənən mahnılar və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış etdilər. Bir zamanlar Xalq artistinin ecazkar səsi ilə dilə gələn mahnılar bu dəfə onun davamçılarının ifasında təqdim olunurdu. Uşaqlar ifaları zamanı həyəcanlı görünsələr də, gözlərini məktəbin direktoru Sevda xanımdan çəkmirdilər. Onun gözlərində öz ifalarından razılıq əlaməti axtarırdılar. Bu əlaməti gördükdə isə öz gözlərindəki sevinci gizlədə bilmirdilər.
Tədbirdə iştirak edən Şövkət xanımın yetirməsi, Əməkdar artist Aybəniz Haşımova və Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin direktoru, Şövkət xanımın gəlini Gülnarə Səfərova tədbirin təşkil edilməsinə görə məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Aybəniz Haşımova sənətkarla bağlı xatirələrini bölüşdü, sənətə gəlməyində ona göstərdiyi diqqət və qayğıdan danışdı. Şövkət Ələkbərova sənətinin ölməzliyini vurğuladı: “Bu gün sənətkarın yetişdirdiyi tələbələr - Mənsum İbrahimov, Almaz Orucova, Aygün Bayramova və digərləri hər zaman öz ustadlarını yad edib onun adı ilə səhnəyə çıxırlarsa, deməli, onun sənəti ölməzdir”. Ailə üzvləri adından təşəkkürünü bildirən Gülnarə xanım məktəbin kollektivinə uğurlar arzuladı.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar