Tərlan Seyidov - 70


Azərbaycan musiqi incəsənəti tarixində professor Tərlan Seyidovun rolu öz unikallığı ilə seçilir. O, cəsarətli reformator, musiqi təhsilinin bütün sahələrində sadə sistemləri kökündən dəyişən yeni layihələr müəllifi və icraçısı kimi sənət tariximizə daxil olmuşdur.

Tərlan Seyidov Azərbaycan fortepiano incəsənətini mənşəyindən (XIX əsrin sonundan bu günədək) araşdıraraq elmi məktəbin əsaslarını qoymuşdur. O, nəzəri, eyni zamanda praktik əhəmiyyətə malik 100-dən artıq elmi işin, monoqrafiyaların, məqalə və tədris vəsaitlərinin müəllifidir. Bu tədqiqatların nəticəsi tələbələrin təcrübi və nəzəri təhsili üçün təməl olmuşdur.
Professor Tərlan Seyidov pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı (bir bəstəkar kimi bu mənim üçün xüsusilə dəyərlidir) kontekstində Azərbaycan fortepiano incəsənətinin ilk tədqiqatçısı kimi tanınmışdır. Müasir müəlliflərin istedadından doğan heç bir əsər onun diqqətindən kənarda qalmır. Məhz Tərlan müəllimin «xeyir-duası» ilə ilk dəfə Fransada beynəlxalq müsabiqədə mənim «Təzadlar» pyesim onun tələbələrindən birinin ifasında səsləndi.
Tərlan Seyidov öz sənətinə çox məsuliyyətlə yanaşır və layiq görüldüyü fəxri adları, elmi dərəcəsini, tutduğu vəzifələri məhz onun bacarığının, istedadının və çalışqanlığının nəticəsi kimi dəyərləndirirəm. Azərbaycan musiqi mədəniyyətində bir islahatçı olaraq onun mühüm rolu var.
Onun Azərbaycan fortepiano musiqisi sahəsində son tədqiqat işlərindən biri - musiqi məktəb və kolleclərinin müəllim və şagirdlərinə Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kimi dahiyanə irsini təcrübədə öyrənməyə imkan yaradan dərs vəsaitidir. Bu dərs vəsaiti Azərbaycan musiqi təhsili tarixində ilk dəfə xalq musiqimizin əsaslarını və klassik musiqi təhsilini sıx surətdə bir-biri ilə yaxınlaşdırmağa və öyrənməyə imkan verir.
Hərtərəfli inkişaf etmiş musiqiçilərin hazırlanması üçün tədris prosesini təkmilləşdirmək yolunda reformator axtarışları, elmi-metodiki, tədris, musiqi elmi və ifaçılıq təcrübəsi, ilk dəfə beynəlxalq elmi-ifaçılıq konfrans və müsabiqələr keçirməsi, rəhbərlik etdiyi məktəb-studiyanın yuxarı siniflərinin proqramına şagirdlərin sintez şəkildə və dərin təfəkkürünə yönələn yeni elmi-musiqi fənlərinin əlavə etməsi, eyni zamanda yetirmələrinin beynəlxalq müsabiqələrdə qələbələri və məhsuldar elmi-pedaqoji fəaliyyətində bir çox nailiyyətləri professor Tərlan Seyidova Azərbaycanın fortepiano məktəbinin ən yaxşı nümayəndələri arasında layiqli nüfuz qazandırmışdır.
Onun təşkil etdiyi «Azərbaycan bəstəkarlarının fortepiano və orqan sonataları» adlı silsilə konsertlər Azərbaycan musiqi mədəniyyətinin həyatında mühüm hadisə olmuşdur. Bundan əlavə, Tərlan müəllim konsertlərdə ifa olunan əsərlər haqda məqalələri toplayıb iki məcmuə nəşr etdirdi. Mənim fortepiano üçün «Ötəri anlar» əsərim də onun nəzərindən kənarda qalmadı.
Tərlan Seyidovun yüksək təşkilatçılıq bacarığı keçirilən bir sıra maraqlı festivallar və müsabiqələrdə özünü daha qabarıq büruzə verir. Onların sırasında «Tədris repertuarında Azərbaycan bəstəkarlarının əsərləri» (1989, 1993 - sədr T.Seyidov), «Caz musiqisinin gənc ifaçıları» (1994 - sədr T.Quliyev), məktəb-studiyanın 25 illiyinə həsr olunmuş uşaq musiqi festivalı (2006 - sədr F.Bədəlbəyli), Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqə və konfransı (2010 - sədr F.Bədəlbəyli), Qara Qarayevin 95 illiyinə həsr olunmuş II Respublika elmi-ifaçılıq müsabiqəsini (2013 - sədrlər F.Bədəlbəyli, O.Abasquliyev, T.Seyidov) qeyd etmək olar. Bu tədbirlər musiqi məktəbi şagirdlərinin intellektinin artırılmasına şərait yaradır, ifa etdiyi əsərlərə qarşı daha diqqətli və məsuliyyətli olmağa cəlb edir.
Məhz musiqi məktəblərinin müəllim heyəti ilə sıx əməkdaşlıq pianoçu-müəllimlər üçün mərkəzləşdirilmiş metodiki rəhbərlik yaradılması ideyasını gündəmə gətirir. O, öz metodikasını təkcə şagirdlərə qarşı yönəltmir, eyni zamanda gələcəyin müəllimləri olan təcrübəçi tələbələrə də aid edir. Azərbaycan fortepiano musiqisinin öyrənilməsi, tədqiqi ilə yanaşı, ifaçı, məruzəçi, konsertlər silsilələrinin təşkilatçısı kimi bu musiqini təbliğ edir.
Tərlan Seyidovun islahatçı ideyaları, onların metodik əsaslandırılması və praktik effektivliyi, müasir musiqi mədəniyyətinin bütün tələblərinə cavab verən musiqiçilərin formalaşmasında məhsuldar əməyi 30 ildən artıq rəhbərlik etdiyi məktəb-studiyadakı fəaliyyəti ilə sübut olunmuşdur.

Arif Məlikov,
SSRİ və Azərbaycanın Xalq artisti, professor







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar