SSRİ Xalq artisti, əvəzolunmaz opera müğənnisi Qalina Vişnevskaya 1926-cı il oktyabrın 25-də Leninqradda (Sankt-Peterburq) anadan olmuşdur. Təbiət ona gözəl səs, nadir musiqi duyumu və güclü yaddaş vermişdi. Bir dəfə eşitdiyi musiqini həmin dəqiqə olduğu kimi təkrar edir və yadda saxlayırdı. 18 yaşında operettalarda solo partiyaların ifaçısı kimi çıxış etməyə başlamışdı.

Qalina Vişnevskaya iki dəfə ailə qurmuş, lakin bu nikahlar uğurlu alınmamışdı. Onun həyatında əsas rolu isə Mstislav Rostropoviçlə tanışlığı oynayıb. Onlar 1955-ci ilin mayında “Praqa baharı” festivalında tanış olmuşlar. M.Rostropoviç ilk baxışdan Q.Vişnevskaya vurulmuş və beynindən belə bir fikir keçmişdi: “Bəli, odur, mənim taleyim!” Çox qısa müddət - dörd gün ərzində M.Rostropoviç bu qeyri-adi qadının ürəyini fəth edir. Q.Vişnevskaya isə M.Rostropoviçin cazibəsi, parlaq ağlı və incə yumorunun qarşısında tab gətirə bilməyib deyirdi: “Mən məhəbbət gözləyirdim, o məhəbbət ki, mənim opera qəhrəmanlarım kimi onun yolunda ölməyə dəysin. Biz bir-birimizə daima can atırdıq və heç bir qüvvə bizi ayıra bilməzdi”.
Sonralar onları təkcə məhəbbət deyil, yaradıcılıq əlaqələri də birləşdirməyə başladı. Dünya şöhrətli violonçelist M.Rostropoviç 30 ilə yaxın, 1982-ci ildə Q.Vişnevskaya böyük səhnəni tərk edənədək onun ifalarını müşayiət edib. Q.Vişnevskaya yaradıcılığı boyunca bir sıra rolların mahir ifaçısı olmuşdur. Bu rollar arasında “Hərb və sülh”də Nataşa, “Oyunçu”da Polina, “Mtsenski qəzasının Ledi Maqbeti”ndə Katerina İzmayılova, “Yevgeni Onegin”də Tatyana partiyaları qeyd etmək olar.
Bu gözəl xanıma musiqilər həsr edən bəstəkarlar da az olmayıb. D.Şostakoviçin “Satiralar”, “Mahnı və Ölüm rəqsləri”, violonçel, fortepiano və skripka üçün bəstələdiyi vokal instrumental süitası Q.Vişnevskayaya həsr olunmuş və onun öz ifasında səslənmişdir.

* * *
Qalina Vişnevskaya sənətinin vurğunları Azərbaycanda da çoxdur. Bunu oktyabrın 25-də L. və M.Rostropoviçlərin ev-muzeyində keçirilən tədbirdə də görmək olardı. Həmin gün muzeydə Q.Vişnevskayaya həsr olunmuş “Bir məhəbbətin tarixi” adlı xatirə gecəsi təşkil edilmişdi. Tədbirdə “Slava” sənədli filmi, muzey fondunun materialları əsasında hazırlanmış slayd-şou, sərgi, konsert proqramı nümayiş olundu. Q.Vişnevskayanın yaratdığı “Opera ifaçılıq mərkəzi”nin tələbəsi, Azərbaycan Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova D.Şostakoviçin görkəmli sənətkara həsr olunmuş “Mahnı və Ölüm rəqsləri” əsərini ifa etdi, M.Rostropoviç və Q.Vişnevskaya ilə bağlı xatirələrini bölüşdü.
Q.Vişnevskayanın “Opera ifaçılıq mərkəzi”ndə bir çox Azərbaycan gəncləri təhsil almışlar. Onlardan beynəlxalq müsabiqələr laureatı, Xalq artisti Samir Cəfərov, vokal ifaçısı İlahə Əfəndiyeva, Nürnberq Opera Teatrının solisti Cavid Səmədov və Moskva Böyük Teatrının solisti Elçin Əzizovun adını çəkmək olar. Tədbirdə onların Q.Vişnevskayadan dərs aldıqları kadrlar da nümayiş olundu. Xatirə gecəsində iştirak edən S.Cəfərov tələbəlik xatirələrini bölüşdü.

Vüsalə Nəsrullayeva,
L. və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar