Artıq... cismi o dünyalı olsa da, ismi əbədi olaraq bu dünyalı...

Tofiq Quliyev ad-soyadlı, əbədi sənət və zəhmət Dünyalı...
Mahnılarının birində “Gedər bir gün bu gözəllik, sənə də qalmaz” deyilsə də, bu dünyaya qoyub getdiyi qeyri-adi özəllik, bənzərsizlik həmişəlik ona qalalı. Lap cavanlığından formaca çox Qədimə, 83 illik ömrün son an-akkordunda belə məzmunca tam Müasirə, ən Yeniyə qalalı...
...Və bu dünyadan - baxəbər və ya bixəbər - nə qədər alqış-alxışlar, rəğbət-məhəbbət, sevgi-öygülər qazanıbsa, hamısı o dünyada ruhi-ana südü kimi -

Halalı...

O qazanclarından bəziləri sözə-sitata gəlməsə də, mətbuatdan, televiziya kadrlarından xatırlaya biləcəklərimiz az deyil:
- Ümummilli lider Heydər Əliyevin ona qeyri-adi vurğunluğu, dərin sayğı-qayğıları (80 illik yubileyində onu necə hərarətlə bağrına basması).
- Günlərin bir günü Moskva-çayda tilovlara baxa-baxa ləzzətlə fışqalayan və birdən-birə fitini kəsib, sağ tərəfindəki ov həmkarına - məşhur Solovyov-Sedoya verdiyi “Yoldaş mahnı Allahı, bilirsiz bu mahnı kimindir” sualına aldığı cavab: “Mənim “Moskva axşamları”mı öz Bakı səhərlərinin kölgəsində qoymuş gənc bakılı dahi Tofiq Quliyevin!”
- Rəşid Behbudovun “Neçə illərdir Azərbaycanın, xüsusən Bakının mədəniyyət-musiqi nəbzi Tofiq Quliyev ritmi ilə döyünür!” heyrəti.
- Bəndənizin yazılarının birindəki “Tofiq-Musiqi - Musiqi-Tofiq”, “Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni Tofiq Quliyev” qiyməti və sair...

Hə, yenidən-Yeni!

Sənətə gəlişi Üzeyir Hacıbəyli fenomenli, Asəf Zeynallı ultralı, Qara Qarayev neo-mogikanlı (və hələ SSRİ polifonikli!) dövrə təsadüf etsə də, Tofiq Quliyev böyük və çox dinamik Azərbaycan musiqi prosesində “hamı kimi”likdən əlavə, ayrıca bir majorital Yeni oldu (və deyəsən, analar daha belə bir tər-təranəlisini doğmayınca, yenilməz Yeni olaraq da qalacaq).
Bu həmişəyeni bəstəkarın yaradıcılıq irsi xronometrajca ölkə fonoteka-filmoteka-“teatroteka”-“qəlboteka”larında uyuyan (əslində heç zaman uyumayan!) çox olsa “köhnə” üç-dörd ən məhsuldar bəstəkarımızdan və hər vaxt böyük ləzzətlə səsləndirilən - olsa-olsa - beş-altı nəğməkarımızdan biridir.
İndi növbəti sətirlərə keçməzdən öncə bir balaca duruxaq və Tofiq Quliyev sədalı üfüqlərə baş vuraq:
...Melo-“atəş”lərdən hürküşüb-eləmədən düzümlənən uçar-qaçar səfləri - bülbüllər solist, ceyranlar marafonist...
...Melo-“qamçı”lardan cıdırlanan ilxılar, forte nişan-namçılardan yurtalanıb-çadırlanan, tərəkəməliyi tərk edib xalqlaşan, mədəniyyətlənib-millətləşən tayfalar - Qıratlı türkzatlar öndə!..
Daha nə? Onun partitura-məmləkətində belə mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox. Buna görə də hələ xəyal işinizdə olun, tə-ləs-mə-yin...
Siz könül antenalarınızı bu universal canlı studiyaya yönəldib feyz almaqda, bəndənizsə onun internet-vikipediyasına göz gəzdirib, bio-notlarını dilləndirməyə çalışmaqda.

Yaşayıb-yaradır və yaşadırdı...

...Bu kompleksal-universal sənətkarın oturuş-duruşu, üz-gözü, sözü-söhbəti, təhər-tövrü də musiqilərinə bənzəyirdi. Ömrü isə onlardan ikisini daha çox ehtiva edirdi: “Gecələr uzun...” və “Sənə də qalmaz”...
Birinci mahnıya xəyallandığımız anlarda gözlərimiz önünə vüsal həsrətilə yanan əzəli-əbədi can-cananlıq dəmləri gəlirsə, ikincinin ahıllıq ah-vahlarına dalanda XX əsrin əvvəlləri - onun doğulduğu 1917-ci il, proletar mizraq-mizrablı, “Çadrova” küçəli, “Tarqovı” dardalanlı Bakı da canlanır. Birincidə çox uzunömürlü əsərlər fonunda çox füzun gecə-gündüzlər, ikincidə “Sənə də qalmaz” eyhamlı giziltilər... Bütün yaradıcı ömrü uzunu dəvət aldığı məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan belə bir sənətkar və haçansa... gələr bir gün, bu növraqlar ona da qalmaz?!.
Amma bəşər üçün yazılmış bu əbədi qanunun əsl sənət adamlarına dair “maddə”sinə görə, heç də darılmağa dəyməz. Belələrinin cismi müvəqqəti olsa da, ismi əbədidir. Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan ətrafına Tofiq kimi nur saçasan, fəhm-fərasət göstərəsən. Təbii istedadla həyati çaba-çalışmalar hesabına yeni ladlar, insanın çövhəri hesab edilən iş məhsulları yaradasan. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbə gedib, 17 yaşında Konservatoriyaya qəbul edilə, “ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli İ.S.Aysberq və S.Q.Ştrasserin siniflərində fortepiano və dirijorluq dərslərinə “si” sürətilə yiyələnib, həmin ali məktəbi ikicə ilə bitirə biləsən!..
Onun gənclik aləmi - sonralar dəstləyib-bəstələdiyi bir sıra ecazkar musiqilərini - dünyada heç bir bəstəkara nəsib olmayan super-şıdırğı taktlarını xatırladır. Üzeyir bəyin xüsusi təşəbbüsü ilə təhsilinə davam üçün Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq, orada fürsəti fövtə verməyib, məşhur A.Tfasmanın rəhbərlik etdiyi adlı-sanlı orkestrdə diqqət mərkəzinə düşən bir pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, iki ilə yaxın musiqi-mədəniyyət proseslərində iştirakından sonra, 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaratmaqla, öz qabil “mən”ini elan etmiş olur. 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan və (ruhlandırıcılıq elementlərinə daha çox ehtiyac duyulduğundan) 1943-cü ildə iki yarıya ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı flot” bölümünün rəhbəri olur.
Qələbədən dərhal sonra iyirmi səkkiz yaşlı bu aqil gəncin qəlbində sənət qələbəliyi başlayır. Gəncliyin ilk baharında geyinməli olduğu hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar nəğmələr, sevgilərqoşar mahnılar, kantatalar üstə kökləyir. Sülhsevər sənətkar qəlbi yenidən coşur və hələ on il əvvəl (18 yaşında!) bəstəkar Zakir Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi muğam-məqam (“Rast”, “Segah”, “Zabul”, “Dügah”) halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” və digər teatrlarla əməkdaşlığa başlayır. Afişalara vaxtaşırı olaraq “Musiqisi Tofiq Quliyevindir” sözləri də yazılır və bu imza yaddaşlara birdəfəlik həkk olunur.

Bu ad-soyad titrlərdə...

Onun kino musiqisi işləri bitib-tükənmək bilməyən bir serialdır. Bəs necə, səksən üç il yaşamış bir sənətkarın adı yetmiş üç filmə düşübsə, onun istedad-işgüzarlığını məcmu olaraq “serial” terminilə ifadə etməyəkmi? Həmin filmlərin hamısı haqda nəinki danışmaq, heç adlarını sadalamaq belə bu yazılıq deyil. Amma hələ qeyri-məşhur 23-ündə məşhur “Səbuhi” filminin musiqisini yazmış bu bəstəkarın heç olmasa on üç kino işini xatırladaq: “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Tənha narın nağılı”, “Nakəs”.
Bu filmlərin bir çoxundakı bəzi fraqmentlərin vizual məlahətini, ədəbi-bədii təsir gücünü birə-beş artıran musiqi parçalarından geniş danışmağa ehtiyac varmı? Amma hər halda, “Bəxtiyar”dakı şən xalları, şux notları yada salaq. “Bəxtiyar”laşmış Rəşid Behbudovun “do”dan “lya”ya qalxıb-düşən həqiqi və rəmzi ifa variasiyalarını, “xalalar”ın əndirəbadi duetlərini, tutma balerin və balerinanın (məlum “korafəhim” pianoçunun müşayiətilə) rəqslərinin musiqi bəzək-düzəyini, dəniz neftçilərinin “la-la, la-lala!” nidalarını xatırlayaq. Xatırlamasaq, onda köhnə tamaşaçıların o vaxtkı kinoteatrlarda təkrar-təkrar keçirdikləri günlərə, yeni tamaşaçılarınsa tele-ekran qarşısında həzzdən axıtdıqları qəşş yaşlarına heyif!..
Bəs “Ögey ana”?! Bu sual-nidalı təəccübümə həmin filarmonik filmin musiqi müəllifinin “musiqi dili” hikmətindən başlamaq istəyirəm. Musiqisini yazdığı filmlərdən birindəki xitab olmasın, - “Ögey ana”nı həmin musiqi fraqmentləri və mahnılarsız təsəvvür edənləri bağışlamaq olarmı?! Bu musiqi parçaları, bəzən, İsmayılın ürəkparçalayıcı “ana, anacan!” fəryadlarından da yanıqlı, təsirli çıxmırmı? Bu musiqi dili ssenari dilinin adekvat paraleli deyilmi? Bütün fəsilləri qış kimi qaş-qabaqla yaşayıb, bir yaz günü üzünə gülüş qonan o yetimin dərdini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü oda-közə vuran ögey anadan daha çox aça bilən ən məharətli Obraz oradakı Musiqi deyilmi? Hələ meşədə üzü bizə irəliləyərkən əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə səslənən ilahi taktları, o təbiət-filarmoniyada “Quş-lar-quş-lar, nə qəşəng o-xu-yur!” sözlərinə qüvvət kimi gurlayan “bəh-bəh!”ləri deyirəm!
Amma -

Nə deyirəm...

...nə yazıram, qurtarmır ki qurtarmır!
Kaş biləydim - yuxarıdakı bioqrafik-filmoqrafik qeydlərdən sonra - ilk abzaslarda yön verdiyim üfüqlərdə yaxşı gəzişə bildinmi, hörmətli oxucu? O ənginliklərdəki əsrarəngiz sədalı, hərdən ənənəvi, bəzən folklorik, bir para-partitura klassik, küll-kərə özünəməxsus ədalı xalların xəyalına yetərincə daldınmı? Hansınızınsa könlündə - A.Zeynallının məsləhətilə M.Ə.Sabirin şeirinə (“Məktəbli”) bəstələdiyi ilk mahnısından başlamış sonuncu şedevrlərinə qədər - hərəsindən bir-iki xal xəyallanıb bütün şərri-şərablardan daha məstedici sənət gülabından hallandımı?..
Deməzsizmi, onun bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev! Elə ki gördün pianoda, fortepianoda ən usta ifaçı da taktları yığıb-yığışdıra bilmir, - deməli, Tofiq Quliyev! Onun əsərlərinin çalımında piano-fortepianoların şirmayı dilləri sürməyi ağızlarına sığmaz ki! İnstrumental-sentimental rəqsləri zamanı klarnetlərin, saksafonların klapanları “şalako” vurmaqdan bir hovur dincəlməzlər, ha! Budur haa; gah leysan, gah tufan, gah lirik, gah sentimental yağış-yağmur! Heyf ki, bunları yazıda zümzümələmək olmur...
Tək elə zümzümələmək yox, bu çox aydın sənətkarın apaydın musiqiləri içərisində bəzi şıdırğı nümunələri layiqincə qavrayıb mənimsəmək də çətin. O nümunələr elə dahiyanə düşünülüb, ustadanə yazılıb ki, orijinalındakı üslubunca “oxumaq” olmur. “Hər oxuyan Molla Pənah ola bilmədiyi” kimi, hər dinləyən də Tofiqi-agah ola bilməz...
Məsələn, mən Tofiq Quliyev imzalı saflıq, gözəllik, ictimai xadimlik, müəllimlik, ustadlıq və digər məziyyətlərlə zəngin bio-ekologiyanın bir neçə fakt taktını bu yazıya yerləşdirməyi bacarmadım ki, bunlardan onun - 1951-ci ildə aspirantura bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya müdafiə edib elmi ad alması, “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında birincilərdən olması və sair...
Görəsən, onun alimliyi haqda sözün lap axıra düşməsi bir təsadüflə, ya bəndənizin - hələ də müstəqil elm adlandırılmaq vüsalına yetə bilməyən jurnalistikanın bir fərdi olmağıylamı əlaqəli?..

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar