Yanvarın 25-də dünya şöhrətli italyan bəstəkarı və dirijoru Ennio Morrikone Heydər Əliyev Sarayında çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyi, “Buta” İncəsənət Mərkəzi və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə keçiriləcək konsert Ennio Morrikonenin 85 illik yubileyinə həsr olunub. Bakıda ilk dəfə təqdim olunacaq bu konsert proqramında Ennio Morrikone Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə və Azərbaycan Dövlət Xor Kapellasına dirijorluq edəcək. Tamaşaçılar Ennio Morrikonenin bəstəkarı olduğu “Bir dəfə Amerikada”, “Yaxşı, pis və qəddar” və digər filmlərdən parçaları, eləcə də bəstəkarın başqa əsərlərini dinləmək imkanı əldə edəcəklər.