Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayan tanınmış gitara ifaçısı, soydaşımız Rövşən Məmmədquliyev yanvarın 10-da ABŞ-ın Marylhurst Universitetində konsert proqramı ilə çıxış edəcək. Konsert “Portlənd Klassik Gitara” layihəsi çərçivəsində təşkil olunacaq. Soydaşımız 2012-ci ildə Amerika Gitara Fondunun (GFA) beynəlxalq müsabiqəsinin qalibi olub.
Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində doğulub. Klassik gitarada ifa etməyi Nijni Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənib. 2004-cü ildə M.A.Balakirev adına Nijni Novqorod Musiqi Kollecini fərqlənmə ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına daxil olub. 2009-cu ildə bu təhsil müəssisəsini də fərqlənmə ilə bitirib.
İstedadlı ifaçı Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb. Onun yaradıcılıq uğurları Rusiya Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorodun meri Y.Lebedevin, Nijni Novqorod vilayətinin qubernatoru Q.Xodırevin, “Yeni adlar” beynəlxalq xeyriyyə proqramının təqaüdləri ilə qeyd edilib. Hazırda Rövşən Məmmədquliyev Nijni Novqorod Konservatoriyasının müəllimidir.