Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Zamanla üz-üzə” müasir musiqi layihəsi davam etməkdədir. Yeddi il əvvəl işə başlayan layihə çərçivəsində ötən müddətdə Bakı səhnəsində XX əsr klassiklərinin əsərləri ifa edilib.

Cari il ərzində keçirilməsi nəzərdə tutulan “Zamanla üz-üzə III” müasir musiqi layihəsi çərçivəsində Bakıda heç vaxt tamaşaya qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsi nəzərdə tutulub. Buraya XX əsr klassikasının inciləri - Arnold Şönberqin “Erwartung” (“Gözlənti”) monodramı və İqor Stravinskinin “Əsgərin tarixçəsi” əsərləri, həmçinin görkəmli italyan bəstəkarı Salvatore Sciarrino tərəfindən 1998-ci ildə yazılmış və dünya müasir musiqisinin klassikasına çevrilmiş ikihissəli “Gözümün xain nuru” (“Luci mie traditrici”) operası daxil edilib. Əsər Bakıda italiyalı rejissor Caterina Panti Liberovici tərəfindən səhnələşdiriləcək.
Bunlarla yanaşı, layihə çərçivəsində rus bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış “Kölgənin o biri üzü” kamera operası alman rejissoru Robert Veşsler tərəfindən səhnələşdiriləcək.
“Zamanla üz-üzə” layihəsinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Fərəc Qarayev, baş dirijoru isə Xalq artisti Rauf Abdullayevdir.