Dünya şöhrətli caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoter fevralın 12-də Bakıdakı Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edəcək.
Müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub. Ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib. 1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb.