Rusiya Federasiyası Böyük Teatrının solisti, soprano Dinara Əliyeva yanvarın 21-də P.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında “Rus klassiklərinin inciləri” adlı ilk solo proqramını təqdim edib. Proqrama P.Çaykovski, S.Raxmaninov və N.Rimski-Korsakovun əsərləri daxil edilib.

Moskva musiqisevərləri Dinara Əliyevanı yaxşı tanıyırlar. O, Bakıda anadan olub. 2004-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Müğənni 2002-2005-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, əsas partiyaları ifa edib.
Son illər azərbaycanlı soprano dünyada tanınmağa başlayıb. Vokalçıların bir neçə nüfuzlu müsabiqəsinin, o cümlədən Afinada Mariya Kallas (2007), Sankt-Peterburqda Yelena Obraztsova (2007), Barselonada Françesko Vinyans, Milanda “Operaliya” müsabiqələrinin qalibi olub.
2008-ci ildə müğənni Rusiya Böyük Teatrında C.Puççininin “Turandot” əsərində Lyunun partiyasında ilk dəfə çıxış edib. O, Böyük Teatrla yanaşı, Vyana Dövlət Operasının və Latviya Milli Operasının dəvətli solistidir.