Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Gəncləşən muğam” layihəsi bu il beşinci dəfə musiqisevərlərə təqdim olunacaq. Xalq artisti, professor Mənsum İbrahimov ilə əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsi çərçivəsində fevralın 2-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam-5” adlı konsert keçiriləcək.
Layihə çərçivəsində ərsəyə gələn konsertin hər dəfə fərqli formatda təqdim edildiyini deyən Mənsum İbrahimov budəfəki ifaların keçənilki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, “Gəncləşən muğam-5” layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər, beləliklə, tanınmış və tanınmamış ifaçılar, ümumilikdə 51 xanəndə, tar və kamança ifaçıları iştirak edəcək. İştirakçılar 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edəcək. Konsertə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verəcək.