Yanvarın 25-də Heydər Əliyev Sarayında görkəmli italyan bəstəkarı, dirijoru və aranjimançısı Ennio Morrikone möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Konsert Mədəniyyət və Turizm Nazirliyi, “Buta” İncəsənət Mərkəzi və İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi, “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə baş tutacaq.
“Buta” İncəsənət Mərkəzindən bildiriblər ki, “Oskar” və “Qızıl qlobus” mükafatlarının laureatı, Venesiya film festivalının qalibi (“Qızıl şir” mükafatı) Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə möhtəşəm konsert verəcək. Sarayın səhnəsinə maestro ilə birlikdə 200-dən çox musiqiçi çıxacaq.
Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox film və seriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevriliblər.
Azərbaycan tamaşaçıları konsertdə sevimli filmlərindən musiqiləri eşidəcək və əfsanəvi maestro Ennio Morrikonenin sənətindən zövq alacaqlar.
Maestro Morrikone Bakıda çıxış etmək şərəfinə layiq görüldüyünə görə xoşbəxt olduğunu bildirib: “Konsertdən zövq alarsınızsa, çox şad olaram və ümid edirəm ki, konsert zamanı sizin sevginizi hiss edəcəyəm”.
Qeyd edək ki, yanvarın 24-də isə “JW Marriott Absheron” hotelində Ennio Morrikonenin mətbuat konfransı olacaq.
Konsertin təşkilatçılarından olan “Buta” İncəsənət Mərkəzi 2004-cü ildə yaradılıb. Azərbaycan incəsənətini dünyada təbliğ etməyi qarşıya məqsəd qoyan qurum mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir.