Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö beynəlxalq musiqi festivalının qalibi, cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.
Fonddan bildiriblər ki, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur. Ötənilki MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak edib. Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda “NRJ Music Awards” mükafatı verilir.
Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir.
Fevralın 1-dən 4-dək keçiriləcək festivalda Azərbaycanı İsfar Sarabskinin rəhbərliyi ilə musiqi qrupu təmsil edəcək. İsfar Sarabskinin qrupu fevralın 2-də “Majestic Barriere” mehmanxanasının “Diane” zalında çıxış edəcək.
Qeyd edək ki, İsfar Sarabski Heydər Əliyev Fondunun xətti ilə ABŞ-dakı “Berklee College of Music”də təhsilini davam etdirir.