İllər uzunu tanıdığın, bələd olduğun insan haqqında söz demək ilk baxışda adama asan gəlir. Lakin söhbət şəxsiyyətinə hər zaman ehtiram bəslədiyin müəllimindən gedəndə bunun nə qədər çətin və məsuliyyətli olduğunu başa düşürsən. Çünki hər birimizin həyatında, dünyagörüşümüzün düzgün formalaşmasında, həyat meyarlarının seçimində mühüm rol oynayan müəllim haqqında dediyin hər kəlmə, hər söz onun şəxsiyyətinə uyğun olmalıdır. Mənim və mənim kimi bir çoxlarının həyatında mühüm rol oynayan müəllimlər arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Aida xanım Tağızadənin yeri xüsusilə fərqlənir.
Milli musiqişünaslıq elmində özünəməxsus yeri olan, zəngin yaradıcılığı, istedadı ilə seçilən Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Aida Tağızadənin bu günlərdə 80 yaşı tamam oldu. O, musiqi elmində öz sözünü demiş, mövqeyini hər zaman yeni fikir, yeni ideya, tədqiqat üslublu axtarışlarında fərqli elmi-estetik mövqedən çıxış edən alim kimi təsdiq etmişdir. Professional keyfiyyətləri, yüksək erudisiyası, çoxcəhətli, məhsuldar yaradıcılığı tələbələri üçün hər zaman örnək olmuşdur.
Aida xanım mənim konservatoriyada oxuduğum illərdə “Azərbaycan musiqi tarixi” fənnini tədris edən müəllimim, həm də elmi rəhbərim olub. Aida xanım o vaxt “Musiqi tarixi” kafedrasının müdiri idi, onun rəhbərliyi altında diplom işi yazmaq çox şərəfli və ikiqat məsuliyyətliydi. Diplom rəhbərim kimi ünsiyyətdə olduğum hər gün peşəkarlığa gedən bir yol idi. Aida xanım musiqişünaslığın ən qabaqcıl ənənələrini hər zaman öz tələbələrinə təlqin etməyə çalışan, onların yaradıcılıq potensialını inkişaf etdirən, müstəqil düşünməyə qabil insanlar yetişdirən, ən əsası onları zəhmətə və hər dediyi sözün cavabdehliyini daşımağa alışdıran bir müəllimdir. Mükəmməl erudisiya və intellektə malik Aida xanım bədii zövqü, toxunduğu hər bir mövzuya kübarcasına münasibəti, xüsusi yazı və araşdırma üslubu və prinsipiallığı ilə fərqlənir və bunu öz tələbələrinə də təlqin edir. Onun hər bir dissertantı milli musiqi elminə sanki yeni nəfəs, yaradıcı axtarışlar ab-havası gətirib, desək, səhv etmərik.
Azərbaycan bəstəkarlarının və ifaçılarının yaradıcılığına, milli və professional musiqi janrlarına, musiqi elminin həm inkişafına, həm də aktual problemlərinə həsr olunmuş monoqrafiya və külli miqdarda məqalələri ilə milli musiqi elminə öz imzasını atmış Aida xanım musiqişünaslığımızın salnaməsini yaradanlardan biridir. Niyazi, Soltan Hacıbəyov, Fikrət Əmirov, Aqşin Əlizadə, Arif Məlikov kimi milli musiqimizin korifeylərinə həsr olunmuş dəyərli əsərləri onun bir nəzəriyyəçi kimi müfəssəl təhlil etmə qabiliyyətini və ən yüksək mənada peşəkarlığını nümayiş etdirir. Alimin əsas tədqiqat obyekti müasir Azərbaycan musiqisinin problemləri və XX əsrin görkəmli sənətkarlarının yaradıcılığıdır. Onun qələmindən çıxan “Cövdət Hacıyev”, “Soltan Hacıbəyov” monoqrafiyaları bu görkəmli bəstəkarlar haqqında sanballı tədqiqat kimi hər bir musiqişünasın masaüstü kitabıdır.
“Soltan Hacıbəyov” monoqrafiyasında müəllif bəstəkarın hərtərəfli portretini yaratmış, musiqisinin ruhunu göstərmiş, əsərlərinin obraz quruluşunun müasir məzmunla, müasir insanın hiss və fikirləri ilə zənginləşdiyini üzə çıxarmışdır. Monoqrafiyada bəstəkarın geniş şöhrət tapan əsərləri - “Karvan”, “Uvertüra”, “Konsert”, “Gülşən” baleti müfəssəl şəkildə araşdırılmışdır.
Cövdət Hacıyevə həsr etdiyi monoqrafiyada bəstəkarın yaradıcılıq yolunu, milli klassika, Avropa və rus musiqi ənənələrinin təbii qovuşuğundan qaynaqlanmış musiqi üslubunu ardıcıl şəkildə araşdıran müəllif onu milli simfonizmin simasını müəyyən edən, təşəkkül və inkişafını istiqamətləndirən sənətkar bəstəkar kimi dəyərləndirmişdir. Monoqrafiya milli musiqişünaslığımızın indiyədək mövcud olan baxış müstəvisində daha da genişlənməsinə, bu sahədə tədqiqat aparan alimlərimiz üçün bəhrəli zəmin, bir sözlə, musiqi elmimizə çox qiymətli bir töhfədir.
Aida xanım dövrün, zəmanənin nəbzini tutmağı bacaran bir insandır. O hər zaman istər radio dalğalarından, istərsə də konsert salonlarından Azərbaycan bəstəkarlarının yaradıcılığının, onların əsərlərinin təbliğatçısı olub. 1995-ci ildə Azərbaycan qadın bəstəkarlarının yaradıcılığına həsr olunan və üç gün davam edən tədbir onun yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisi idi. Hər zaman sənətə və sənətkarlara, yaradıcı insanlara yüksək qiymət verən ulu öndər Heydər Əliyev həmin tədbirdə iştirak etmiş, hər bir bəstəkarın yaradıcılığına öz münasibətini bildirmişdi.
Aida xanım bu fəaliyyətini 1996-2007-ci illərdə Ankaranın Bilkənd Universitetində işlədiyi vaxtlarda da davam etdirmişdir. Vətənini, xalqını sevən, ona bağlı olan alim Ankarada televiziya verilişlərində də Azərbaycan musiqisinin tarixinə, görkəmli bəstəkarların yaradıcılığına aid verilişlər təşkil etmiş, bu verilişlərin həm müəllifi, həm də aparıcısı kimi də çıxış etmişdir. Onun gözəl natiqlik mədəniyyəti, sənət aləminin sirlərini anlaşıqlı tərzdə çatdırmaq qabiliyyəti bu layihələri dinləyici və tamaşaçıların yaddaşına həkk etmişdir.
Aida Tağızadənin “XX əsr Azərbaycan musiqisi” məqalələr toplusunda müəllifin müxtəlif dövrlərdə mətbuat səhifələrində dərc olunan müasirləri, ifaçılar, musiqişünaslığın aktual problemləri, musiqi həyatında baş verən və müəllifi düşündürən məsələlər haqqında fikir və mülahizələri, oçerkləri, məqalələri yer almışdır. Professional musiqimizin, milli musiqi elmimizin bünövrəsini qoyan dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr edilmiş məqalələr toplusu üzərində Aida xanım həm tərtibçi, həm də elmi redaktor kimi çalışmışdır. Hazırda nəşrdə olan bu kitab da, inanırıq ki, musiqi elmimizə yeni bir töhfə olacaqdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında professor vəzifəsində fəaliyyətini davam etdirən Aida xanımın əsas fəaliyyət dairəsi təbii ki, müəllimlikdir. Azərbaycan, rus musiqi tarixindən oxuduğu mühazirələr onun, sözün əsl mənasında, peşəkarlığından xəbər verir. O, Bəstəkarlar İttifaqının üzvüdür, musiqi elmi sahəsindəki nailiyyətlərə görə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Aida Tağızadə daxili və zahiri gözəlliyi bir-birini tamamlayan xanımdır. Onunla adi bir söhbət də insanı mənən zənginləşdirir, saflaşdırır və elmi axtarışlara səfərbər edir. Buna görə də mən tam əminliklə deyə bilərəm ki, onun həyat yolu Tanrının qarşısında qoyduğu missiyanın həyata keçirilməsinin ən şərəfli yoludur. Mən əziz müəllimimi yubiley münasibətilə təbrik edir və bu mübarizə dolu həyat yolunda yetişdirdiyi çox böyük tələbə ordusu adından ona cansağlığı, uzun ömür və yeni nailiyyətlər diləyirəm.
Ellada Hüseynova,
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent