Bu ilin mayında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı Dilarə Kazımova təmsil edəcək.

O, müsabiqə üçün milli seçim turu olan və İctimai Televiziyada yayımlanan “Böyük səhnə” şousunda qalib gəlib.
“Eurovision-2014” milli seçimlərinin qalibini yerli və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib. Final şousunda üç nəfər - Xana Həsənova, Dilarə Kazımova və Erkin Osmanlı yarışıb. Dilarə Kazımova 136 balla digər iki finalçını (Xana Həsənova - 129, Erkin Osmanlı - 122 bal) geridə qoyub.
1984-cü ildə anadan olan Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib. Solo karyerası və musiqi qruplarının tərkibində çıxış etmək təcrübəsi var. 2008 və 2010-cu illərdə də “Eurovision” müsabiqəsinin milli seçimlərində iştirak edib.
Təmsilçimiz mayın 6-da Kopenhagenin “B&W Hallerne” arenasında müsabiqənin ilk yarımfinalında səhnəyə çıxacaq. Onun hansı mahnı ilə yarışmaya qatılacağı isə martın 15-dək açıqlanacaq.
Qeyd edək ki, “Bizə qoşul” şüarı ilə 37 ölkə təmsilçisini bir araya toplayan builki “Eurovision” müsabiqəsinin ikinci yarımfinalı mayın 8-də, finalı isə mayın 10-da olacaq.