Azərbaycanda səfərdə olan ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu respublikamızın bölgələrində konsertlərə başlayıb. Qrup ilk konsertini martın 26-da Şəki şəhərində verib.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən konsertdən öncə ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, musiqisevərlərə minnətdarlığını bildirib. Qeyd olunub ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən proqram iki ölkə xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi məqsədi daşıyır. Meri Mak Braydın rəhbərlik etdiyi bu musiqi qrupu Azərbaycanda ilk dəfə çıxış edir.
Musiqiçilər konsertdən əvvəl ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən xüsusi tədris proqramı əsasında Şəkidə ingilis dilinin tədris olunduğu qrupların üzvləri ilə də görüşüb, tədris prosesi ilə maraqlanıb, onlarla ingilis dilində sorğu aparıblar.
Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Martın 27-də amerikalı musiqiçilər Zaqatala şəhərində növbəti konsert proqramı ilə çıxış ediblər. Konsertdən əvvəl musiqi qrupunun üzvləri Zaqatala şəhərinin görməli yerləri və tarixi məkanları ilə tanış olub, sakinlərlə səmimi söhbət ediblər.
Rayon mədəniyyət evində təşkil edilən konsert proqramı Zaqatala musiqisevərlərinin ürəyincə olub.