Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də bu ölkənin Beynəlmiləl Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçirilib.

Daşkəndin “Türküstan” konsert sarayında gerçəkləşən bayram tədbirində çıxış edən ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev iki xalqın ortaq bayramı olan Novruz haqqında söhbət açıb. Qeyd olunub ki, 2010-cu ildə Azərbaycan və Özbəkistanın da yaxından iştirakı ilə BMT Baş Məclisi 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev bildirib ki, Novruz Azərbaycanda olduğu kimi, Özbəkistanda da ən əziz bayramdır və yüksək səviyyədə qeyd olunur: “Şadam ki, bizi həm də Novruz bayramı birləşdirir”.
Çıxışlardan sonra bayram konserti təqdim olunub. Konsertdə ölkəmizi “Aypara” qrupu təmsil edib. VII beynəlxalq “Avrasiya səsləri” festivalının qalibləri - Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və II respublika muğam müsabiqəsinin qalibi, xanəndə Aytən Məhərrəmova, habelə “Muğam televiziya müsabiqəsi - 2007”nin laureatı, xanəndə Vüsal Zamanovun xalq mahnılarımızı, muğam və təsniflərimizi yüksək ustalıqla ifaları alqışlarla qarşılanıb.
Özbəkistan tərəfdən, Bakıda keçirilmiş beynəlxalq muğam festivalının qaliblərindən Yulduz Turdiyeva və “Nixol” mükafatı laureatı, tanınmış müğənni İsroil Saidumarov, Rəna Əzizova Azərbaycan və özbək mahnılarını oxuyub, İlham Abdullayev sazda qədim el havalarını ifa edib. Aytən Məhərrəmova, Vüsal Zamanov və Yulduz Turdiyevanın birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”ni isə iştirakçılar ayaq üstə alqışlayıb.
“Türküstan” konsert sarayının foyesində Azərbaycan mədəniyyəti, Novruz adət-ənənələri, ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı kitablardan ibarət sərgi, rəsm və xalçalarımız, milli məişət əşyaları, qədim musiqi alətlərimiz, suvenirlər nümayiş etdirilib. İştirakçılar bayram şirniyyatları - paxlava, şəkərbura və qoğala qonaq edilib. Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Azərbaycan musiqiçiləri Səmərqənd şəhərində də Novruz bayramı münasibətilə konsert veriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar