balaca bir vurğunluq “rəngi”, ərzi-agah “təsnif”i...
Əlbəttə, ecaz Səs kanı, şahavaz “Çahargah” xanı, muğam-məktəb ustadı - ümumdəstgah Seyid Şuşinski barədə.
Ağlım kəsəndən məhəbbətlə dinlədiyim, olum-ölüm tarixçələrinə laqeyd qala bilmədiyim, müxtəlif xatirə-xatiratlar, seyrəlib-uralanmaqda olan tanış-bilişlərindən eşitdiyim təəssüratlar əsasında neçə illərdir bu qəzetdə vurğunluq dolu başlıqlar, rəngarəng yarımbaşlıqlarla səhifə-səhifə yazdığım Seyid Şuşinskiyə aid.
Bu dəfə isə böyük muğamın zirvə məqamında əbədi qərarlaşmış bu Ustada, bu Səsə dair birnəfəsə...
Belə Səni bu cismani yoxluğunda yenidən xoş andıq, səs-sədanı xoş-beş eşitdik, ulu ustad! Yüz ildən çoxdu qulaqlara bulaq Səs, könüllərə bülbül Avaz! Bütün nəğməli-şarkılı Şərqə səs salan, zövqlərdən kam alan zilxan! Bir-birə deyər “səs eləmə”, “səsini kəs”... Sənin səsin gələndəsə, hər kəs öz səsini kəsər. Sən çağlayıb qurtaranadək cınqır çıxaran olmaz...
Deyirlər, irsi-istedadlı Şuşanı - o təbii konservatoriyanı səs-sədayla təəccübləndirmək havayı cəhdmiş bir zamanlar. Nədən ki, orda doğulanların mayəsi də, dayəsi də təbiətin özüymüş. Amma, sən demə, 1889-cu il 12 aprel tarixçəsində sənin simanda daha bir təəccüb zirvəsi doğulacaqmış. “Sədayi-səs, avazeyi küll-bülbülqəfəs” (Cabbar Qaryağdıoğlu) bir Səs...
Sən, - jurnalistikanın “qəlib”-qəlb diliylə desək, - ana laylaları, İsa bulağının zümzümələri, Qırxqızın bahar dəmləri, Cıdır düzünün axar-baxarı ilə böyüdükcə, camaat da sənin “illah-ilahi” səsinə qulaq kəsilə-kəsilə heyrətlənirmiş. Cabbar Qaryağdıoğlu ad-soyadlı Səs günəşinin yurdunda daha bir gur işıq olaraq parlayırmışsan. Qonum-qonşu “xəbərlər”ində adın xüsusi-məxsusi bir sənətkar olaraq “isim”ləşirmiş. Soyadınsa... özün yeni səs inqilabçısı ola-ola, sonralar ictimai-siyasi inqilabın “qulaqqamaşdırıcı” dəbi ilə “Şuşinski” kimi “sifət”ləşib.
Bir axşam - yaşının 19-unda - həmin o məşhur Cabbarın xeyir-duası ilə Seyidin səsi də məşhurluq zilinin zirvə qaşına yetib. O gün Şuşanın “Yay klubu”nda düzənlənən növbəti bir konsert-tamaşada bəlləçi (konferansye) Seyidi səhnəyə “uşaq ayağından” dəvət etsə də, o oradakı “taxta təpə”yə ağır-ağsaqqal salğarıyla çıxır və muğamların da ən “ağbirçəyini” - “Şur”u ifa edir. O konsertdə iştirak etmiş dədə-babalar sonralar o gecəni öz nəvə-nəticələrinə belə nəql edəcəkdilər: “Salon Seyidin səsindən kürreyi-ərz xəyalatına dalmışdı”, “Nuhun vaxtından ruhun taxtına qədər belə səs eşitməmişdik”. Mətbu söyləmələrə görə isə, həmin vaxt salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf irəliləyir, Seyidi bağrına basıb, bir müddət üzünü üzünə söykəli saxlayır. Sevinc dolu üz-gözünü salondakılara tutub: “İndi mən haçansa bu dünyadan getməkdən qorxmuram, - deyir - çünki sənət dünyasına Seyid gəlir!..”
Adlı-sanlı o qoca ustad bu sözləri o cavana deyirdi ki, o gənc özü də tezliklə “ustad” çağırılacaq, “xalq məktəbindən çıxmış ali müəllim” adı qazanacaqdı.
Bəli, “ali müəllim”! “Xalq məktəbi” adlı əbədi ocağın yetirməsi olmuş Seyid Şuşinski, bəzi müasirlərin dəm vurduğu sayda - “saysız-hesabsız” kontingentdə yox, az tələbə, az peşəkar yetişdirib. Amma yetişdirib, ha!..
Tarixən intellekt-inkişaf addımları qarşısına sədlər çəkilmiş Azərbaycan təbii-fitrəti müəllimlik, ustadlıq sarıdan heç bir dövrdə korluq çəkməyib. Elə Seyid özü də ilk dərsini belə “canlı universitet”lərin birindən - Mir Möhsün Nəvvabdan alıb. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu isə onun ifalarının birində riqqətə gələrək söz tapa bilməyib və öz qavalını (qocafəndi bir tərzi-hərəkətlə) ona bağışlayıb.
O, yalnız elə söz adamı olmayan Dədə Cabbarı yox, çoxlarını - onu Məcnuni huş-guşla dinləyənləri, haqqında məqalə, oçerk, kitab yazanları da “söz tapa bilməmək” daşlığına az salmayıb. Onun - hər muğam ifası məqamında hər dəfə bədahətən etdiyi “zər guşələr”, yeni nəslə münasibətdə “qayğı sözü... qayğı özü!” prizmasından yanaşma nümunələri, hər yerdə, həmişə təvazökarlığının məşhurluğundan daha yüksəkdə olması və s. keyfiyyətləri özü haqda bütöv bir avtoritet-avtoportret obrazı yaradıb. Söyləyirlər ki, vəfatından sonra da uzun müddət heç kim “Çahargah”ı ifa etməyib; - ya ustada sayğıdan, ya “bərayi-ehtiyat”dan. Bir parası isə qorxudan. Onu sovet illərində xalqın daxili təlatümlərini bir qədər yumşaldan, siyasi “rejim xoru” dövrlərində öz milli-kolorital “solo”su ilə camaatı yola verən sənətkar kimi də qiymətləndirənlər olub. O zaman qatı millətçi kimi tanınan içərişəhərli Mail kişi isə məclislərin birində deyib ki, sovetlər bizim milli maraq-çırağımızı söndürdü, cəddinə qurban olduğum Seyid isə öz səsilə bunların dambadurum “ləmpiçkələrini” söndürür! Sonralar isə bir şair (Famil Mehdi) əlli ilə yaxındır muğam və təsniflərdə həzin-həzin səslənən “Ələsgərin sazı, Qurbanın tarı, Seyidin, Cabbarın avazıyam mən” - yazdı.
Böyük sənət-mədəniyyət mərkəzi Bakıya “xəlqi diplom”la gəlmiş bu tələbə bu şəhərin “ustad şapalağı”ndan çəkinmədən yeniliklər edib. Tək elə (“maye”dən yox, “mənsuriyyə”dən başladığı) “Çahargah”ına görə, onu heyrəti bir məhəbbətlə “axırı əvvəl oxuyan!” adlandıranlar, “74 yaşda “Mənsuriyyə”?!” - deyə nida-sədalananlar olub.
Onun barəsində yazılan kitablar, qəzet-jurnal məqalələri, verilişlər isə... muğamlarımızın sayı qədər ola, ya olmaya. Amma nə yaxşı ki, ahıl və qoca sənət adamlarımız, muğam ifaçılarımız efir-ekranda bu azman sənətkar haqda tez-tez və çox-çox danışırlar (və həm də nə pis ki, onlar da haçansa dünyalarını dəyişəcəklər). O sənətkarlar ki, özləri də bu gün usta-ustad ola-ola, hələ də özlərini ustadlar ustadı Seyidin “şəyird”i hesab edirlər...
...Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan tələbələrin doxsan doqquz faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüblər...
Tahir Abbaslı