Dilarə Kazımova Litvada çıxış edib

May ayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımova Litvada çıxış edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova bildirib ki, Dilarə Kazımovanın keçən həftə Amsterdamdan başlayan “Start a Fire” promoturu Litvada davam edib.
Təmsilçimiz səfərini Litva televiziyasında yayımlanan “Xorların yarışı” (“Choru karai”) şousunda çıxışı ilə başlayıb. O, TV3 telekanalında “Start a Fire” müsabiqə mahnısını şounun canlı efirində təqdim edib.
Dilarə Kazımova aprelin 14-də LRT kanalında səhər teleşousunun qonağı olub, daha sonra isə bu kanalda “İki ulduz” teleşousunda Litva təmsilçisi Viliya Mataçunayte ilə duet oxuyub.
Azərbaycan təmsilçisinin səfər edəcəyi növbəti ölkələr Macarıstan, Rusiya, Gürcüstan və Malta olacaq.
Dilarə Kazımova “Eurovision” müsabiqəsinin mayın 6-da keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında ifa edəcək. Onun ifasında “Start a Fire” mahnısını “iTunes” və “Amazon”da dinləmək mümkündür.