Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XIII beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirin açılışında çıxış edən ADMİU-nun rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlərin təşkili gənclərin elmi potensialını üzə çıxarmaq, elmi axtarışlarına dərindən nəzər salmaq, onları düzgün istiqamətləndirmək, eyni zamanda, musiqidə gedən prosesləri izləmək baxımından təqdirəlayiqdir.
Beynəlxalq konfransda Türkiyənin Batman Universitetinin gözəl sənətlər fakültəsinin, Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının, habelə Təl-Əviv Konservatoriyasının (İsrail), Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Dövlət Pedaqoji Universitetinin və ADMİU-nun professor-müəllim heyəti iştirak ediblər.
ADMİU-nun prorektoru, Əməkdar incəsənət xadimi, professor Maral Manafova türksoylu xalqların timsalında iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında geniş məlumat verib. Diqqətə çatdırılıb ki, ümumtürk musiqi aləmi çox zəngin və qarşılıqlı əlaqələr tarixinə malikdir. Müvafiq sahələrə aid mənbələrin öyrənilməsi Azərbaycanın humanitar elmi qarşısında duran ən önəmli problemlərdəndir. Çünki hər xalqın, o cümlədən Azərbaycan xalqının musiqisini, onun etnogenezini türk xalqlarının musiqisini, etnosunu, ümumi mədəniyyətini öyrənmədən tədqiq etmək mümkün deyil.
Sonra deyilənləri əyani şəkildə öz çıxış və bədii ifalarında nümayiş etdirən gənc alimlərə söz verilib.
“Epik sənətin araşdırılmasında konsept anlayışının tətbiqi”, “Milli musiqi aləti balaban: adlanma və yayılma məsələsinə dair bəzi təsbitlər”, “Aşıq vokal ifaçılığında qoşma janrının tətbiqi” və digər mövzularda məruzələr maraqla dinlənilib.
Sonra konfrans işini bölmələrdə davam etdirib. Bölmələrdə musiqi pedaqogikası, müqayisəli sənətşünaslıq, musiqi tarixi və nəzəriyyəsi, etnomusiqişünaslıq və digər istiqamətləri əhatə edən məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Sonda çıxış edən rektor Timuçin Əfəndiyev beynəlxalq konfransın uğurla keçdiyini, dinlənilən məruzələrin və aparılan müzakirələrin əməkdaşlığa öz töhfəsini verəcəyini söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar