İslam ölkələrinin gənc klassik musiqi ifaçıları paytaxtımızda bir araya gələcəklər
Aprelin 24-dən 26-dək Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq festival-müsabiqəsi keçiriləcək.
Tədbir “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, İSESCO-nun, Mədəniyyət və Turizm, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı ilə gerçəkləşəcək. Festivalın əsas məqsədi İslam ölkələrinin mədəniyyətini, musiqisini dünyaya tanıdılması, mədəni əlaqələrinin güclənməsi, dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələr və dialoqun formalaşmasıdır.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə bizimlə söhbətində beynəlxalq sənət yarışmasının artıq öz ənənələrinin formalaşdığını vurğuladı: “Festival-müsabiqəyə hər il yeni ölkələr cəlb olunur. Bu il Fələstin və İran nümayəndələri ilk dəfə festivala izləyici kimi qatılacaqlar. Rusiya Federasiyasının müsəlman respublikaları da tədbirə maraq göstərir. Budəfəki müsabiqədə Azərbaycanla yanaşı 11 ölkənin - İndoneziya, Küveyt, Misir, Mərakeş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Başqırdıstanın (Rusiya Federasiyası) gənc (20 yaşadək) klassik musiqi ifaçıları iştirak edəcək. Gələcəkdə əhatə dairəsinin daha da genişlənəcəyinə ümid edirik”.
Rahib Rəsulzadə qeyd etdi ki, Azərbaycan Şərqlə Qərbin bir-birinə qovuşduğu məkan kimi müxtəlif mədəniyyətləri bir araya gətirir: “Azərbaycanda milli musiqiyə, muğama, aşıq ifaçılığına böyük qayğı göstərilir. Bunlarla yanaşı, klassik musiqidə böyük sənətkarlarımız, ifaçılarımız var. Bu festival ilə Azərbaycan bir daha özünü multikulturalizmin yüksək olduğu ölkə kimi göstərir”.
Festival-müsabiqədə fortepiano, fleyta, violonçel, orqan, ksilofon, klarnet və skripka kimi klassik musiqi alətlərində ifalar dinləniləcək.
Aprelin 7-də Bakı Musiqi Akademiyasında ölkəmizdən festivala qatılacaq iştirakçıların seçim turu keçirilib. Respublikamızın müxtəlif musiqi məktəblərindən 23 tələbə və şagird seçilib. Aprelin 24 və 25-də keçiriləcək dinləmələrdən sonra onlardan kimlərin finalda ölkəmizi təmsil edəcəyi müəyyənləşəcək. 11 xarici ölkədən isə 36 ifaçı festivalda iştirak edəcək.
Müsabiqə iki yaş qrupunda (15 yaşadək və 15-dən 20 yaşadək) gənclər arasında keçirilir. Xarici iştirakçılar Azərbaycan bəstəkarlarının bir əsərini də ifa etməlidir.
Aprelin 24-də Bakı Musiqi Akademiyasının böyük konsert zalında rəsmi açılış mərasimi olacaq və kiçik yaş qrupu üzrə ifaçılar beynəlxalq münsiflər heyəti qarşısında məharətlərini göstərəcəklər. Aprelin 25-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında böyük yaş qrupu üzrə dinləmələr keçiriləcək. Aprelin 26-da isə Bakı Musiqi Akademiyasında qaliblərin mükafatlandırılması və finalçıların qala-konserti olacaq. Müxtəlif nominasiyalar üzrə qaliblərə hədiyyələr və diplomlar veriləcək. Ən yaxşı ifaçıya festivalın baş mükafatı - Qran-pri təqdim olunacaq. Qran-prinin sahibi üçün pul mükafatı da nəzərdə tutulub. Əlavə olaraq 5 nəfər iştirakçıya isə xüsusi həvəsləndirici mükafat təqdim ediləcək.
Müsabiqənin daha bir ənənəsi də mükafatlardan əlavə Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifaçıların və ən kiçik yaşlı iştirakçının xüsusi diplomlarla təltif olunmasıdır. Bu dəfə ən kiçik ifaçı 5 yaşlı küveytli skripka ifaçısı Sara Daştıdır. Qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Ev sahibi kimi Azərbaycanı iki münsif - Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yeganə Axundova və BMA-nın fortepiano kafedrasının dekanı, professor Nərminə Quliyeva təmsil edəcək.
Müsabiqə çərçivəsində qonaqlar Bakı ilə tanış olacaqlar. Heydər Əliyev Mərkəzinə, Üzeyir Hacıbəylinin, Rostropoviçlərin ev-muzeylərinə ziyarət nəzərdə tutulub.
Fariz Hüseynov