Hamıdan, hər şeydən, reallıq və irreallıq dediyimiz mümkünlərdən də qaçmaq, qurtulmağa çalışmaq olar. Amma zamandan, onun heç gözləmədiyimiz, istəmədiyimiz, təsəvvür belə etmədiyimiz gerçəkliklərindən qaçış şansımız yoxdur. Çünki bütün ruh halımızda, yaranış və ölüm müşayiətində əsas sözü mütləq zaman deyir.

Aprelin 23-də bu gerçəyin musiqili-ədəbi izahını, təsdiqini yaşadıq. Zamana tabe hər kəs, lap elə əbədiyyət carçısı incəsənət, musiqi də zamana, zamanla işlədi. Gənc Tamaşaçılar Teatrının zalını dolduran izləyicilər bu fikri bir daha təsdiq etdilər: əsl sənət zaman və məkan tanımır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Zamanla üz-üzə” layihəsi çərçivəsində paytaxt tamaşaçıları daha bir əsrarəngiz nümunə ilə görüşə bildilər. Bu dəfə dövr baxımından daha müasir bir musiqi əsər - “Zamanın qaçışı” (“La fuga del tempo”) adlı kamera operası təqdim olundu. Tenor və instrumental ansambl üçün yazılan və əsgər həyatından bəhs edən əsər italyan yazıçısı və dramaturqu Dino Buzattinin (1906-1972) “Tatar çölü” (“İl deserto dei Tartari”) romanının motivləri əsasında qələmə alınıb.
Dino Buzzati 1940-cı ildə qələmə aldığı və 1945-ci ildə nəşr edilmiş məhz bu romanı ilə dünyada məşhurdur. Əsər bütün həyatını gözləməkdə, intizarda keçirmiş leytenant Giovanni Droqonun hekayəsidir. Romanda çölün sərhədində hamı tərəfindən unudulmuş istehkamdan bəhs olunur. İstehkamda olanlar hər an çöl tərəfdən hücum olacağını gözləyir və bununla özlərini ölkənin xilaskarı hesab edirlər.
Xatırladaq ki, Elmer Şönberger daha öncə “Lombra” əsərində Dino Buzzatinin başqa bir əsərinə müraciət etmişdi. “Zamanın qaçışı”nda isə baş qəhrəmanın həyatının son epizodu, onun yaşanmamış həyatı və qəhrəmanın öz taleyi ilə barışması təsvir olunur. Doqquz hissədən ibarət olan əsər solist və yeddi musiqiçi üçün qələmə alınmışdır. Forma cəhətdən əsər sanki üç instrumental intermezzo və eyni zamanda pianonun solo kadensiyası ilə növbələşən dramatik aria-ariso olaraq qurulmuşdur. Bunlar da öz növbəsində proloq və instrumentalçıların baş qəhrəmanın son fikirlərini səsləndirdiyi epiloqla cilalanır: “Cəsarətli ol, Droqo, sənin son şansın qaldı, sən ölümü əsgər kimi qarşılamalısan, həyatın uğursuz olsa da, sonu gözəl bitməlidir”.
Əsərdə göstərilir ki, Giovanni Droqo adlı qəhrəmanın həqiqi həyatı hərbi akademiyadan sonra başlanır. İlk qulluq yeri - daş və torpaqdan ibarət sonsuz çölün kənarındakı hərbi istehkamdır. Buralar “Tatar səhrası” kimi də məşhurdur. Bir neçə aydan sonra leytenant Droqo qulluq yerini dəyişmək haqda düşünür. Lakin bu nə indi, nə də sonra - heç bir zaman reallaşmır. O, hər zaman həyatında önəmli, vacib anların gələcəyinə inanır, lakin təəssüf ki, bunlar baş vermir.
Giovanni Droqo kerosin lampasının işığının əhatə etmədiyi taxtda uzanır və öz həyatı haqda düşüncələrə dalır, lakin qəflətən yuxuya gedir.
Yuxu - zamana səyahət nə qədər də sıxıcıdır deyə, o düşünür: Hələ çoxmu getmək gərəkdir? Yox, sadəcə bu aşağıdakı körpünü keçmək və sonra öndəki yaşıl təpəliyi aşmaq gərəkdir. Məgər biz artıq mənzil başında deyilik? Məgər bu ağaclığa, bu otluğa, bu bəyaz evə can atmırdıqmı? Hansısa anda elə gəlir ki, bu doğrudan da belədir və dayanmaq gərəkdir. Lakin sonra bizə daha yaxşısının öndə olacağını deyirlər və biz qayğısızcasına yenidən yola düşürük...
Lakin bir anda qeyri-iradi olaraq geri dönür, arxamızdakı qapıların kip bağlandığını və geriyə artıq yol olmadığını görürük. Məhz bu zaman nələrinsə dəyişildiyini hiss edirsən: günəş artıq hərəkətsiz görünmür, əksinə, səma üzərində sürətlə hərəkət edir. Baxıb zövq almağa zamanın çatmır, həmən üfüqə enib orada batır; buludlar lacivərd göylərdə daha qayğısızcasına astaca süzmür, bir-birini itələyərək sanki harasa tələsir və bu zaman anlamağa başlayırsan ki, zaman keçir və sənin yolun gec və ya tez bitəcək.
Droqo bunu çox böyük zaman keçdikdən sonra anlayacaq. Onda ayılma baş verəcək. Şübhə ilə ətrafa baxacaq, onu haqlayan addımları eşidəcək, ondan öncə oyanmış və məqsədə birinci yetməyə can ataraq üstələməyə tələsən insanları görəcək. Həyatının qalan günlərini hesablayan zamanın döyüntülərini eşidəcək. Həmin anda pəncərədə artıq gülümsər yox, donmuş və etinasız sifətləri görəcək. Və bu zaman yola nə qədər qaldığını sorsa, insanlar başı ilə yenə də üfüqə tərəf işarə edəcək. Ancaq bu işarədə artıq nə xoş niyyət, nə də səmimiyyət olacaq. Bu arada dostlar gözdən itəcək; kimsə düşüb geridə qalmış, kimsə əksinə, qarşıya çıxmış, irəlidə üfüqdə kiçicik nöqtə kimi görünür.
Giovanni Droqo hazırda üçüncü redutda yatır. O, röyada nəsə görür və gülümsəyir. Ona bu gecə sonuncu dəfə xoşbəxt həyatın obrazları baş çəkir. Yaxşı ki, o özünü yolun bitdiyi və tutqun-boz səma altında sanki qurğuşun rəngində, durğun bir dənizin dar zolağı olan yerdə görə bilmir - ətrafda nə ev, nə canlı varlıq, nə ağac, hətta bitki belə yoxdur və bu, əbədiyyən belə olacaq.
O, bütün həyatını tatarların hücumunu gözləyərək yaşayır. Uzun müddət keçəndən sonra Droqo başa düşür ki, ən gözəl illərini mənasız gözləntilərə həsr etmişdir. Halbuki şəhərdəki bütün dostları ailə qurmuş, oğul-uşaq sahibi olmuş, dolğun və mənalı həyat yaşayırlar. Onunsa əsgər yoldaşlarının həmrəyliyindən başqa heç nəyi yoxdur. Nəhayət, tatarlar hücuma keçəndə o xəstələnir. Qalanın yeni komendantı onu işdən azad edir və geri qayıdan Droqo mehmanxanaların birində tənhalıq içində dünyasını dəyişir...
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlərinin cəlb olunduğu tamaşa yüksək peşəkarlıqla hazırlanan səhnə nümunəsi idi. Səhnə əsərinin solisti Marsel Bekman (Hollandiya), dirijoru Fuad İbrahimov (Azərbaycan), rejissoru Elmer Şönberger (Hollandiya), rəssamı Violet Baudet (Hollandiya), mətni tərcümə edən Elmir Mirzəyevdir.
Xatırladaq ki, ötən ilin dekabrında start götürən “Zamanla üz-üzə - 3” layihəsi 2014-cü ilin axırınadək davam edəcək. Layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.

H.Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar