Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi musiqi təhsilinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini keçirir.
Aprel-may aylarını əhatə edən müsabiqə 2 turdan ibarətdir və 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban) üzrə Bakı, Mingəçevir, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan şəhərlərində keçirilir. Müsabiqəyə 600-dən çox şagird sənəd verib.
Müsabiqənin I turuna aprelin 14-də Mingəçevir şəhərində start verilib. İştirakçıların çıxışlarını Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinə Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin məsul əməkdaşları daxildirlər.
21-23 aprel tarixində müsabiqənin ilk turu Şəki şəhərində davam edib. Şəki, Qəbələ, İsmayıllı, Oğuz, Qax, Balakən və Zaqatalanın uşaq musiqi, incəsənət məktəblərindən 60-a yaxın iştirakçı öz bacarıqlarını nümayiş etdirib. 23 aprel tarixində Şəki Musiqi Kollecində müsabiqə çərçivəsində tar, kamança, qanun, qarmon, saz ixtisasları üzrə ustad dərsləri keçirilib, metodiki tövsiyələr verilib. Dərslərdə sözügedən rayonların uşaq musiqi və incəsənət məktəblərindən 70-ə yaxın müəllim və şagird iştirak edib.
Digər bölgələrdə də I tur başa çatdıqdan sonra mayın 14-də Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində II tura start veriləcək. Qaliblər diplom, fəxri fərman və tərifnamələrlə təltif olunacaq. Müsabiqənin yekun konserti may ayında Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.