“Kainat” Gənclik Mərkəzinin İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq müsabiqəsi başa çatıb. Aprelin 26-da Bakı Musiqi Akademiyasının müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru Yeganə Axundova festivalın coğrafiyasının ildən-ilə genişləndiyini bildiriblər. İSESCO-nun mədəniyyət və əlaqələr departamentinin məsul işçisi, proqram mütəxəssisi Suada Maulin İslam dünyası gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olması baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra qaliblərin adları açıqlanıb.
Müsabiqə böyük və kiçik yaş qruplarında fortepiano və orkestr nominasiyaları üzrə keçirilib. Böyük yaş qrupu üzrə 1-ci yerə Abbas Abdullazadə və Sulujan Yelubayeva (Qazaxıstan), 2-ci yerə Lalə Hüseynova (Azərbaycan) və Adilet Abdraxmanova (Qazaxıstan), 3-cü yerə Eldəniz Ələkbərzadə (Azərbaycan) və Edelbek ulu Sanjar (Qırğızıstan) layiq görülüblər.
Kiçik yaş qrupu üzrə 1-ci yeri Lolva Alşamlan (Küveyt) və Kamran Talıblı (Azərbaycan), 2-ci yeri Elarə Əliyeva və Cəmilə Əsgərzadə (Azərbaycan), 3-cü yeri Fidan Əmişova və Ləman Əsədova (Azərbaycan) tutublar.
“Qran-pri” mükafatını azərbaycanlı ifaçı Zərifə Alxazova qazanıb. Həmçinin altı iştirakçıya BMA-nın və təşkilat komitəsinin həvəsləndirici mükafatı və diplomlar təqdim olunub.
Azərbaycan bəstəkarlarının əsərinin ən yaxşı ifasına görə İran nümayəndəsi Şəhriyar Nəsirli, müsabiqə proqramı əsərinin ən gözəl ifasına görə Sinam Karasu (Türkiyə) təltif olunub. Müsabiqənin ən kiçik iştirakçısı olan küveytli Sara Daştiyə qiymətli hədiyyə və diplom verilib. Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar