Novı Sad musiqi festivalında Əzizə Mustafazadə möhtəşəm konsertlə çıxış edib

Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində dünya şöhrətli Azərbaycan musiqiçisi, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin layiqli davamçısı Əzizə Mustafazadənin möhtəşəm konserti olub. Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin birgə dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə reallaşıb.
NOMUS festivalı çərçivəsində təşkil olunmuş konsertdə yerli və xarici tamaşaçılar Əzizə Mustafazadənin özünəməxsus, rəngarəng ifasını heyranlıq və gurultulu alqışlarla qarşılayıblar. Konsertin yekununda tamaşaçılar musiqiçimizi üç dəfə təkrar ifa üçün səhnəyə dəvət ediblər.
Konserti Serbiyanın hökumət təmsilçiləri, parlamentinin deputatları, Novı Sad şəhərinin rəhbərliyi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, tanınmış musiqiçilər, mədəniyyət xadimləri izləyiblər.
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə görüşən Əzizə Mustafazadəyə bu ölkədə dövlətimiz tərəfindən həyata keçirilən humanitar layihələr barədə məlumat verilib. Bildirilib ki, konsertin keçirildiyi Novı Sad şəhərində Dunay çayı üzərindəki sahil parkında Prezident İlham Əliyevin təşəbbüsü və hökumətimizin dəstəyi ilə Üzeyir Hacıbəylinin xatirə abidəsi ucaldılıb, Novı Sad İncəsənət Akademiyasının musiqi sahəsində fərqlənən üç ən yaxşı tələbəsinə Azərbaycan hökuməti tərəfindən “Üzeyir Hacıbəyli təqaüdü” verilir.
Əzizə Mustafazadə hazırda xaricdə yaşamasına baxmayaraq, ürəyinin hər zaman Azərbaycan ilə döyündüyünü və doğma Vətənin uğurlarının onu hədsiz sevindirdiyini, özünün də bütün qüvvəsi ilə ölkəmizi xaricdə uğurla təmsil etmək əzmində olduğunu bildirib.