Mayın 12-dən 18-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Musiqi bayramında xarici ölkələrdən məşhur ifaçılar və kollektivlər - Sankt-Peterburq Akademik Simfonik Orkestri, Monte-Karlo Simfonik Orkestri, Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri, Yuri Temirkanov, Gintaras Rinkyaviçus, Boris Berezovski, Denis Kojuxin, Sergey Doqadin iştirak edəcəklər.
Festivalın açılışı mayın 12-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Dirijor Rauf Abdullayev, solistlər Vadim Xolodenko, Fəridə Məmmədova, Anton Fernştand və Adil Axundovdur.