Mayın 16-da Alman-Azərbaycan Mədəniyyət Birliyinin “Kapellhaus” zalında Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə konserti keçirildi.
Tədbiri Bakı Şəhər Musiqi İncəsənət Məktəbləri Direktorlar Şurasının sədri, Əməkdar müəllim Natiq Vəliyev açaraq bildirdi ki, hər tədris ilinin yekunu olaraq kollektiv ənənəvi olaraq hesabat-konserti təşkil edir: “Ötən illərdən fərqli olaraq, bu dəfə vokal musiqi axşamı təqdim ediləcək. Musiqi axşamında məktəbimizin yetirməsi solo ifaçı İslamə Abdullayeva çıxış edəcək”.
Sonra söz musiqiyə verildi. Proqramda Tofiq Quliyevin “İlk bahar”, “Qızıl üzük”, “Tez gəl”, “Ağacda leylək”, Səid Rüstəmovun “Şeir deyilmi”, Cezarininin “Florensiya gecələri”, Asəf Zeynallının “Ölkəm”, Vasif Adıgözəlovun “Bakı”, Azər Dadaşovun “Prelüd” əsərləri, eləcə də “Dağlarda çiçək”, “Evləri var xana-xana”, “Bu gün ayın üçüdür” xalq mahnıları, digər musiqi nömrələri səsləndi. Vokalçını məktəbin müəllimi Leyla Əliyeva müşayiət edirdi. Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Savalan Fərəcov