Azərbaycanlı ifaçılar festivalın qala-konsertində çıxış ediblər
A.S.Puşkin adına Moskva Dövlət Təsviri İncəsənət Muzeyində Fuat Mansurov adına “Talantı Sodrujestva” (“Birliyin istedadları”) II beynəlxalq MDB gəncləri festivalının qala-konserti olub.
Moskva hökumətinin və Tatarıstan Respublikasının Moskvadakı nümayəndəliyinin dəstəyi ilə keçirilən festivalın bədii rəhbəri dirijor Vasili Valitovdur. Layihənin məqsədi gənc, istedadlı musiqi ifaçıların və dirijorların dəstəklənməsi, habelə görkəmli dirijor Fuat Mansurovun adının əbədiləşdirilməsidir.
Azərbaycanı festivalda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının mərkəzi musiqi məktəbinin tələbəsi Nazxanım Dadaşova və Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ramazan Ramazanov təmsil ediblər. İfaçılarımızın konsertdə çıxışı hərarətlə qarşılanıb.
Nazxanım Dadaşova Y.Filer adına Beynəlxalq müsabiqə-festivalın qalibi, pianoçuların L.N.Vlasenko adına 10-cu yubiley müsabiqəsinin və pianoçuların Qara Qarayev adına Beynəlxalq müsabiqəsinin laureatı, Qəbələ Beynəlxalq festivalının iştirakçısıdır. 2010-cu ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. İfaçı bu ilin aprelində Parisdə keçirilən pianoçuların Nikolay Rubenşteyn adına XI beynəlxalq müsabiqəsinin qalibi olub.